Ərşad HÜSEYNOV: Video çəkilişə görə heç kəs vətəndaşa  irad tuta bilməz...

“Digesta” hüquq mərkəzinin direktoru Ərşad HÜSEYNOV: Şəffaflaşmaq lazımdır, şəffaflıqdan qorxmaq yox. 

 

Hüquqşünas sosial şəbəkə statusunda avtonəqliyyat vasitələrində quraşdırılan videoqeydiyyat cihazları və onlardan istifadənin qanuniliyinə  dair yenidən mətbuatda başlanılan  süni ajiotaja münasibət bildirib.

Ə.Hüseynov  videoqeydiyyat cihazından istifadənin qanuna uyğun olmasını  yazmaqla yanaşı, ictimai nəzarətin gücləndirlməsinin zəruriliyindən, bunun faydalarından bəhs edib:

DYP əməkdaşını iş başında videoya çəkənlərlə bağlı bir məlumat yayılmışdı. İlk variantda bu sadəcə xəbərdarlıq kimi idi. Yəni demək istəyirdilər ki, bu üsulla DYP əməkdaşlarına mane olmayın, məsuliyyətdən yayınmaya çalışmayın və s. İndi baxıram, bəziləri bir az qabağa gedib yazırlar ki, guya buna görə cərimə də var. Mediadan da bununla bağlı sual verənlər var…
Bu barədə dəfələrlə danışmışıq. Qısaca deyim ki, DYP əməkdaşı avtomobili saxlayarkən onu və baş verənləri videoya çəkmək və yaymaq qanunla qadağan deyil, buna görə heç bir cərimə də nəzərdə tutulmur. Əsas odur ki, intizamlı olun, qaydaları pozmayın, polis işçisinin forma və məzmunca qanuni fəaliyyətinə mane olmayın, yenə də forma və məzmunca qanuni göstərişlərini icra edin… Çəkilişə görə heç kəs vətəndaşa  irad tuta bilməz, tutsa da, bu qanunsuzdur.
Hətta mən düşünürəm ki, rəsmi şəxslər bunun tam əksini təbliğ etsələr, yəni sürücüləri videoqeydiyyatçıdan geniş istifadəyə səsləsələr daha yaxşı olar. Şəffaflaşmaq lazımdır, şəffaflıqdan qorxmaq yox.
Əvvala, “YPX haqqında Təlimat”da deyilir ki, hərəkət iştirakçısını saxlayan və onunla danışan DYP əməkdaşının üstündə daim işlək səsyazan mikrofon olmalıdır. Bu işlər patrul avtomobilinin videokamerasının görünüş sahəsində aparılmalı və hər şey qeydə alınmalıdır. Deməli, qanunvericilik özü maksimal şəffaflıq tələb edir.
İkincisi, dünyanın bəzi ölkələrində artıq rəsmilər tərəfindən belə fikir səslənir ki, videoqeydiyyatçı avtomobillərin məcburi təchizat avadanlığına çevrilsin, yəni zavodda bütün avtomobillərə videoqeydiyyatçı qoyulsun. Bu, ilk növbədə polisə və digər hüquq-mühafizə orqanlarına lazımdır ki, mümkün hüquqi məsələləri həmin videogörüntlər əsasında daha tez, çoxlu istintaq və prosessusl hərəkətlər icra etmədən və ən başlıcası, daha dəqiq həll etmək olsun.
Üçüncüsü də ki, bu videolar ictimai nəzarətdir, əməkdaşın peşəkarlığını qiymətləndirmək üçün gözəl üsuldur. Xeyli hallarda elə şikayət edən sürücünün özünün təqdim etdiyi videogörüntülər əsasında onun qayda pozub-pozmadığını da rahatca aydınlaşdırmaq olur. Bu video materiallar əsasında qayda pozanlara həm də onların səhvlərini  əyani şəkildə izah və sübut etmək mümkündür.
Belə olan halda “Videoqeydiyyatçını yığışdırın!” yox, “Videoqeydiyyatçıdan geniş istifadə edin!” demək lazımdır. Məncə, XXI əsrin ikinci onilliyinin sonunda şəffaflaşmaqdan yaxşı şey yoxdur…

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir