Taksi sürücüsünün "çox sağ ol"u və ya niyə belə olur?!.

və ya NİYƏ BELƏ OLUR? 

Bir səbəb odur ki, bir çox sürücü sükan arxasında ətrafa yalnız öz maraqları əsasında baxır və bu prinsiplə də hərəkət edir. Nədənsə, belə sürücülərə elə gəlir ki,  yol hərəkəti qaydalarını onlar müəyyənlşdirir və digər sürücülər məhz onların müəyyən etdiyi prinsiplərlə hərəkət etməli, onların maraqlarına hörmətlə yanaşmalıdırlar… 

Taksi və ya avtobus, yük maşını  sürücüləri unutmamalıdır ki, onlar kimi ətrafdakıların da kifayət qədər qayğı və problemləri var. Üstəlik, həm də öz maraqları.  Onlar da harasa tələsə, bir tikə çörəklərinin hayında ola bilərlər. 

Bu,  heç kimə yolda özbaşınalıq etməsinə, digərlərinin maraqlarını, ən əsası da qaydaları tapdamasına   «vəsiqə» ola bilməz.  Qanun və qaydalar da, loru dilində desək, elə bunun qarşısının alınması üçün yaradılıb…

 

Bu videoda yanlış olan nədir?

Taksi sürücüsü    sıxlıq olmayan, amma ona dar gələn hərəkət axınından daha irəli çıxmaq üçün orta zolaqdan sol kənar zolağa manevr etmək istəyir. Edir də.

İşıqla niyyətini bildirməsə də, əllə bunu göstərir. Onun bu istəyinə  imkan yaradılır – o, yer dəyişib, sol zolaqla hərəkət edir. Dairəyə yaxınlaşanda yenə də hamıdan irəli düşmək üçün  kənar  soldan kənar sağ zolağa manevr edir – işıq siqnalı da vermir. 

Dairəni  keçdikdən sonra yenidən   kənar sol zolağı hədəfləyir – yenə də özünə rahatlıq axtarır. Bu zaman  eyni zolaqla, eyni tempdə hərəkət edən və bir qədər əvvəl ona yol vermiş avtomobilin qarşısına çıxır və onu sürücü dili ilə desək, kəskin “sıxır”.

Möcüzə əsəri, qəza baş vermir. Halbuki, “Mersedes”in sürücüsü sürəti azaldıb, maksimum dərəcədə sola  “qısılmasaydı”  vurulacaq zərbə yanaşı gedən taksini  aşırda, yaxud  yolun qarşı hərəkət hissəsinə ata bilərdi.  Zərbənin istiqaməti ilə taksinin trayektoriyası çarpaz bucaq altında olduğundan vurulacaq avtomobil sükan hakimiyyətini itirməklə yanaşı, hərəkət istiqamətini də (sola, qarış yola tərəf) kəskin dəyişəcəkdi…

Hər iki halda bunun  nə ilə nəticələnəcəyini təsəvvür etmək çətin deyil. İlk baxışda sadə epizod kimi görünsə də,  faciədən dönülüb. 

Amma taksi sürücüsünün tövründən  bəllidir ki, o, bunun fərqində belə olmayıb. 

Siz fərqində oldunuzsa, əsla belə etməyin.