Qalib komanda ölkəmizi Vaşinqtonda təmsil edəcək

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının rəsmi məlumatına görə,  beynəlxalq hüquq müsahibəsinə yekun vurulub…

 

 

 

 Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının media dəstəyi, Azərbaycan Diplomatik Akademiyasının (ADA) akademik dəstəyi və “ABŞ Təhsilli Azərbaycanlı Məzunlar” İB, “AtaBank”ın, “Grata – Azərbaycan” şirkətinin, “MGB” və “Remells” hüquq şirkəti təşkilati dəstəyi ilə ADA universitetində Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsinin Azərbaycan üzrə seçimi keçirilmişdir.

13 illik fasilədən sonra Azərbaycanda yenidən keçirilən bu müsabiqənin məqsədi ölkəmizdə gənc hüquqşünaslar arasında məhkəmə müsabiqələrinə, vəkil peşəsinin marağın artırılması ilə bərabər hüquq tələbələrinin beynəlxalq arenaya çıxışının intensivləşməsinə təkan verməkdən ibarətdir.

Müsabiqə hüquq tələbələrinin vəkillik, hüquqi təhlil, yazı və müdafiə bacarıqlarını sınağa çəkir və bununla iştirakçılarına əvəzsiz təcrübə verir. Bununla tələbələr artıq tələbəlikdən beynəlxalq məhkəmə təcrübəsinin yaxından iştirakçısına çevrilirlər.

Qeyd olunmalıdır ki, ümumilikdə 100-ə qədər ölkədən 700 hüquq məktəbində təhsil alan 3000 tələbənin iştirak etdiyi müsabiqənin Azərbaycan seçimlərinə Vəkillər Kollegiyasının dəstək verməsi təsadüfi deyil. Belə ki, son bir ildə sürətlə inkişaf edən vəkillik instititunun bazası olan hüquq tələbələrinin hələ tələbəlik dövründə vəkillik bacarıqlarının inkişafına dəstək vermək kollegiyanın uzunmüddətli perspektivdə qarşısına qoyduğu hədəflərdən biridir. Məsələnin aktuallığı həm də Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22.02.2018-ci il tarixli sərəncamından irəli gəlir. Sərəncamda Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması kollegiyaya tövsiyə olunmunşdur.

Ölkəmizdə beynəlxalq səviyyəli gənc vəkillərin belə müsabiqələr vasitəsilə yetişəcəyi danılmazdır. Bunu nəzərə alaraq, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası növbəti illərdə də müsabiqənin milli seçimlərinə dəstək verəcəkdir.

Dövlət Universiteti ilə Dövlət Gömrük Komitəsi Akademiyasının komandaları arasında final seçiminin nəticələrinə əsasən müsabiqənin qalibi Bakı Dövlət Universitetinin hüquq fakültəsi olmuşdur.

Qalib komanda bu ilin aprel ayında Vaşinqton şəhərində keçiriləcək müsabiqənin beynəlxalq raundlarında  ölkəmizi mötəbər hüquq yarışında təmsil edəcək.