DTX: təyyarədə partlayıcı maddə və qurğuların olmadığı müəyyənləşdirilib…

Dünən Bakı aeroportuna məcburi eniş etmiş təyyarə ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb:

2019-cu il mart ayının 11-də saat 14:15-də Azərbaycan Respublikasının hava məkanından keçməklə “Bəhreyn-Moskva” marşrutu üzrə uçuş edən Rusiya Federasiyasının “Uralskiye Avialinii” aviaşirkətinə məxsus “Aerobus 321” tipli təyyarədən Heydər Əliyev Beynəlxalq Hava Limanının dispetçer məntəqəsi ilə əlaqə saxlanılaraq, gövdəsində 222 sərnişinin və ekipaj üzvünün olduğu hava gəmisinin salonunda partlayıcı vasitə olmasına dair yazının aşkar edildiyi barədə məlumat verilmiş, təyyarə hava limanına məcburi eniş etmişdir.
Mövcud beynəlxalq və milli qanunvericiliyə uyğun olaraq, hadisə ilə əlaqədar kompleks təxirəsalınmaz prosedur tədbirlərə başlanılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə yaradılmış Qərargahın sədri – Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov və digər aidiyyəti dövlət orqanlarının məsul şəxsləri hava limanına gəlmişlər.
Müvafiq tədbirlər çərçivəsində hava gəmisinin sərnişinləri və ekipaj üzvləri çevik təxliyyə olunmuş, zəruri şəraitlə təmin edilmiş, psixoloji və digər yardıma ehtiyacı olanlara xüsusi diqqət göstərilmişdir. Hüquq mühafizə orqanlarının mütəxəssislərindən ibarət əməliyyat-istintaq qrupu və xüsusi təyinatlı heyət tərəfindən texniki, kinoloji və digər vasitələrdən istifadə etməklə təyyarədə kompleks antiterror yoxlamaları aparılmış, hava gəmisinə baxış keçirilmiş, hadisənin səbəbi ilə əlaqədar hərtərəfli araşdırmalara başlanılmışdır. Nəticədə təyyarədə partlayıcı maddə və qurğuların olmadığı müəyyənləşdirilmiş, hadisənin səbəbi ilə bağlı əldə edilməsi təxirəsalınmaz olan məlumatlar toplanılaraq rəsmiləşdirilmişdir.
Hazırda hava gəmisinin sərnişinləri və ekipaj üzvləri müvafiq qaydada yerləşdirilmişlər. Təyyarənin ən qısa zamanda təyinat nöqtəsi üzrə uçuşu təmin ediləcəkdir. Beynəlxalq Hava limanı ştat rejimində fəaliyyətini davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir