Müsahibə janrı heç də oturub söhbət eləməkdən, hər deyilən sözü də  eyni ilə çap etməkdən ibarət deyil

Rasim Balayev –  bu ad Azərbaycanda hər kəsə bəllidir. Onu hamı tanıyır, – desək, yanılmarıq. Hətta iddia edə bilərik ki, mütləq əksəriyyət onu sevir, yaradıcılığına və şəxsiyyətinə rəğbətlə yanaşır.

 

Təsadüfi də deyil: Rasim Balayev təkcə çəkildiyi (irili-xırdalı) 160-dan çox filmdə yaratdığı obrazlara, daha doğrusu yüksək peşəkarlığına görə yox, həm də kübar tərzi, alicənablığı, yüksək mədəniyyəti , ziyalı təfəkkürü  və bir də həyatda təbii, səmimi, mərd və prinsipial mövqeli Kişi xarakteri ilə sevilib.

Əsasən  “Dədə Qorqud”,  “Nəsimi”, “Babək” filmləri ilə yad olunsa  da, yüksək peşəkarlıq nümayiş etdirdiyi  filmlərin sayı onlarladır. Ümumiyyətlə, bəlkə də özünün razı qalmadığı rollar və ifalar olub, amma onun sənəti  istənilən halda  yüksək liqadan aşağı düşməyib.

Zənnimizcə, Tanrının  bəxş etdiyi fitri istedada malik Rasim Balayev  özünün şah əsərini hələ oynamayıb, onun yaradıcılıq potensialı sonunadək açılmayıb.

Bunun üçün münasib şərait  yaranmayıb. Sovet dövründə sənətin partiyalı olması, daha sonra kinematoqrafiyanın ölkə ilə birlikdə süquta uğraması, yenisinin hələ də  formalaşmaması ona bu fürsəti verməyib.

Bununla belə, Rasim Balayevin yaradıcılıq  xəzinəsi adının kinosənəti tarixinə  qızıl hərflərlə həkkinə yetəcək qədər  zəngindir.

Bəli, o, həqiqətən də günümüzün nadir canlı korifeylərindəndir. Rasim Balayev kimi sənətkarları, şəxsiyyətləri incitmək, onlar üzərindən şou düzəltmək yolverilməzdir.

Lakin, nə yazıq ki, belələri  var. Son günlərin hadisələri fonunda  Rasim Balayevın kölgəsini qılınclamaqla  öz adlarını gündəmə gətirmək, “mən də varam” demək istəyənlər də tapılıb. Adlarının  çəkilməsi, gündəmə gətirilməsi  məqsədləri olduğundan bunu etməyəcəyik.

Əsas qınanmalı vəziyyətin bu hala gəlməsində birbaşa məsuliyyətli olan bəzi kütləvi informasiya vasitələridir.

Qəribədir, niyə ciddi formatlı jurnalistika  xarakterinə uyğun yox, sarı mətbuat metodları ilə işləməyə meyl göstərir?  Reytinq xətrinəmi?

Axı ciddi jurnalistika mahiyyəti çatdırmağa çalışmalı, şou düzəltmək, intriqa yaratmaq üçün  müsahibinin yaxasında  “ləkə” axtarmamalıdır.  Olsa belə, onu “retuş” edib oxucusunun, tamaşaçısının, dinləyicisinin diqqətini  “fokus”dan kənara yönəltməməlidir.

Rasim Balayev hansı  isə mətbu orqana müsahibəsində fikrini emosional tərzdə, hətta kobud ifadələrlə  ifadə etmişdisə belə, jurnalist  bunları olduğu kimi “efirə” çıxarmamalı idi. Təəssüf ki, həmkarlarımız xəbər içindən kirli – sarı xəbər çıxartmaq naminə bunu əksinə fürsət bildilər. Müsahibin etibarından su-istifadə ediblər.  Halbuki, jurnalistikada hər ağızdan çıxan  sözü (xüsusilə bu mahiyyət üzrə heç bir əhəmiyyət daşımırsa) olduğu kimi qələmə alıb oxucuya təqdim etmək kimi qayda yoxdur. Müsahibə janrı heç də oturub söhbət eləməkdən, hər deyilən sözü də  eyni ilə çap etməkdən ibarət deyil.

Hörmətli sənətkarımız Rasim Balayevə qahmar çıxmaq məqsədi güdmürük. Onun belə bir müdafiəyə ehtiyacı yoxdur.

Sadəcə, həmkarlarımıza, xüsusilə də ciddi jurnalistika ilə məşğul olanlara xatırlatmaq istəyirik ki, medianın əsas missiyası  qalmaqalla şou yaradıb reytinq yüksəltməkdən, son nəticədə də bundan maddi qazanc əldə etməkdən ibarət olmamalıdır.

Maarifçiliklə, cəmiyyətə fayda verməklə,  ictimai şüuru – savadı, mədəniyyəti, dünyagörüşünü yüksəltməklə də qazanmaq olar. Ciddi mediaya yaraşan da budur…

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir