Qazaxıstan prezidenti  istefa verib, amma...

Nursultan Nazarbayev  çərşənbə günü xalqa televiziya müraciətində prezident postunu tərk edəcəyini açıqlayıb.

Bu il hakimiyyətə gəlməsinin 30 ili tamam olacağını xatırladan N.Nazarbayev

Vəzifəmə son vermək qərarına gəldim

desə də, bunun səbəbini açıqlamayıb. Bununla belə, siyasətdən uzaqlaşmayacağını söyləyən Qazaxıstan  lideri ölkənin Təhlükəsizlik Şurasına, eləcə də hakim partiyaya  rəhbərliyi davam etdirəcəyini  bildirib.

Maraqlıdır ki, Nazarbayev ömürlük prezident statusuna malikdir.  Qazaxıstanda növbəti prezident seçkiləri gələn il keçiriləcək.

Siyasi analitiklərin fikrincə, Nazarbayev prezident postundan istefa versə də, ölkə üzərində hakimiyyətini itirməyəcək və bunu Təhlükəsizlik Şurası vasitəsilə həyata keçirəcək.

Xatırladaq ki, ötən il Qazaxıstandan aparılan sistem dəyişikliyi nəticəsində dövlətin bütün güc strukturlarına və xarici siyasət orqanlarına nəzarət  Təhlükəsizlik Şurasında cəmlənib və Nazarbayev də bu şuranın rəhbəridir.

Prezident seçkilərinə qədər Qazaxıstanda prezident səlahiyyətlərini parlament sədri  Qasım Comərd Tokayev icra edəcək. Bəzi ehtimallara görə, Nazarbayevə sadiq fiqurlardan olan Tokayev prezident postuna namizədlərdən biridir. Hakim partiyanın məhz onu namizəd irəli sürəcəyi düşünülür. O, Nazarbayevin etibarlı kadrlarından sayılır. Təsadüfi deyil ki, son 11 ildir  Qazaxıstanın parlament sədridir.

Nazarbayevin istefa qərarı qəfil və gözlənilməz olsa da, onun  bu barədə telefon danışığında Rusiya Prezidentinə məlumat verdiyi də ehtimal olunur. İstefa bəyanatından  daha əvvəl  Vladimir Putinin  Qazaxıstan Prezidenti ilə telefonla  danışması haqqında Kremldən rəsmi məlumat verilsə də, Rusiya Prezidentinin mətbuat katibi D.Peskov onun  məzmunundan bəhs etməmişdi.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir