Atəşkəsi pozmaq əmrini kim verib?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Vyana görüşü ərəfəsində cəbhə xəttində atəşkəsin  pozulmasını şərh edib:

 

Atəşkəsin qorunmasında ən çox Ermənistanın hazırki baş naziri Nikol Paşinyan maraqlı olmalıdır. Çünki Paşinyan bilir ki, Azərbaycan Ordusunun istənilən itkisi cavabsız qalmayacaq, cavab olaraq qarşı tərəf də itki verməlidir. Başqa cür mümkün deyil. Belə olan halda ermənilər bu gün cəbhənin Füzuli rayonu istiqamətində niyə atəşkəsi pozaraq hərbçimizi şəhid etdilər?

Azərbaycan prezidenti ilə Ermənistanın baş naziri bir neçə gündən sonra Vyanada görüşməlidirlər. Hərbçimizin görüş ərəfəsində şəhid edilməsi danışıqların pozulmasına və ya nəticəsiz qalmasına yönəlib. Danışıqların başlamamış pozulması ən çox Qarabağdakı separatçıların və Ermənistanda kök salmış “Qarabağ klanı”nın maraqlarına xidmət edir. Paşinyan bu iki qüvvənin qorxusundan Azərbaycan prezidenti ilə görüşlərdə Qarabağ mövzusunun detallı müzakirəsindən yayınır. Buna baxmayaraq, separatçılar Paşinyana etibar etmirlər. Ona görə də atəşkəsi pozurlar . Bizim üçün isə fərqi yoxdur, atəşkəsin pozulması əmrini İrəvanda, yoxsa Xankəndində verirlər. Müdafiə nazirimiz Zakir Həsənovun “hər itkimizin on qat cavabını alacaqlar” əmrinin yerinə yetirilməsini gözləyirik…

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir