Tərbiyə vermədən, öyrətmədən tələb etmək və ya qınamaq absurddur...

Bakı Nəqliyyat Agentliyi uşaqlar üçün tərbiyəvi elektron təlim jurnalı nəşr edib

Əyani vizual effekt və təsvirlərlə zəngin jurnalda uşaq və yeniyetmələrə ictimai nəqliyyatdan istifadə, eləcə də davranış qaydaları izah olunur. Gənc nəsildə  müasir ictimai-etik vərdişlərin yaradılması, formalaşdırılması, inkişaf etdirilməsi  cəmiyyətin aktual və prioritet məsələlərindən  biridir. Bu istiqamətdə təlim-tərbiyəyə meylin zəifliyi, həmçinin əyani, maarifləndirici  vasitələrin qıtlığı  fonunda  BNA-nın bu layihəsi təqdirəlayiqdir.

 

 

Amma təəssüf ki, bu mütərəqqi addım KİV tərəfindən yetərincə təbliğ olunmayıb, tanıdılmayıb və praktik formatda tətbiq formasını tapmayıb. Halbuki, belə vasitələr həmişə göz önündə saxlanılmalı, uşaqların bunları oxuyub öyrənmələrinə çalışılmalıdır. Bu missiya daha çox KİV-in üzərinə düşür. Xüsusilə ictimai xarakterli elektron kütləvi informasiya vasitələrinin.

Hər halda, uşaq və yeniyetmələrin BNA-nın rəsmi internet saytını müntəzəm oxumaları ehtimalı azdır. Müxtəlif kateqoriyada informasiya yayan və kütləvi maraq göstərilən portallarda isə onların diqqətini belə tərbiyə vasitələrinə cəlb etmək daha asan və effektli olardı.

Ümumiyyətlə, analoji sosial layihələrin sayı çox olmalı, etik-estetik tərbiyə vasitələri ictimai həyatın bütün sferalarını, eləcə də yaş qruplarını əhatə etməlidir.

Tərbiyə vermədən, nə-necə olmalıdır, – öyrətmədən, təlim keçmədən kimdənsə nəyisə tələb etmək və ya nəyə görə isə qınamaq absurddur…

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir