Komitə sədri: yataqxanada yanğın qəsdən törədilib

“Bakıda məcburi köçkün yataqxanasında iki nəfərin ölümü ilə nəticələnmiş yanğın qəsdən törədilib”

bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev jurnalistlərə açılmasında deyib. O, qeyd edib ki, hadisə ilə bağlı cinayət işi açılıb, müvafiq ekspertizalar təyin edilib:

“Yataqxananın qəsdən yandırılmasına dair ekspertizanın rəyi də var”

Xatırladaq ki, martın 6-da Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada baş vermiş yanğında  Laçın rayonundan məcburi köçkün, 1951-ci il təvəllüdlü Əliyev Surxay Yusif oğlu və onun həyat yoldaşı, 1953-cü il təvəllüdlü Əliyeva Elza İdris qızı tüstüdən zəhərlənərək həyatlarını itiriblər. Hadisə zamanı  tüstüdən zəhərlənən  6 nəfər  xəstəxanaya yerləşdirilib.


Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında verilən xəbərdə isə deyilir:

 

Bakı şəhərinin Nizami rayonunda Səhiyyə Nazirliyinin balansındakı, hər mərtəbəsi 1000 kv.m olan üçmərtəbəli xəstəxana (hazırda fəaliyyət göstərmir) binasının (məcburi köçkünlər məskunlaşıb) 3-cü mərtəbəsində dəhlizə yığılmış ev əşyaları 10 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri azyaşlı olmaqla 2 nəfər xilas edilib, 10 nəfər sakin təxliyə olunub. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, hadisə nəticəsində 2 nəfər xəsarət alıb, xəsarət alan şəxslərdən birinə hadisə yerində, digərinə xəstəxanada ilkin tibbi yardım göndərilib. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir