Yeni İstanbul aeroportu 5 gündə 600 mindən çox sərnişinə xidmət göstərib

Atatürk adına aeroportun yeni İstanbul aeroportuna tarixi köçürülmə prosesi yekunlaşmaq üzrədir. Artıq hava limanı  müntəzəm daxili və xarici reyslər  həyata keçirməyə başlayıb.

Aprelin 7-dən fəaliyyətə başlayan yeni İstanbul hava limanı  bu günədək 637 min 774  nəfərə  –  308 min 668 gedən, 329 min 106  gələn sərnişinə  xidmət göstərib.

Bu müddət ərzində aeroport 4 mindən artıq təyyarə qəbul edib. Onların arasında “Turkish Airlines”dən başqa digər aviasiya kompaniyalarının təyyarələri də var.

Adı “İstanbul aeroportu” olan hava limanının beynəlxalq kodu İST-dir.

“Köç” əməliyyatı yekunlaşdıqdan sonra İstanbul aeroportu sutka ərzində  2000 min təyyarə qəbul edə, 350-dən çox  məntəqəyə reys həyata keçirə biləcək. Aeroport 250 aviasiya kompaniyasına xidmət göstərəcək.

Dünyanın ən böyük aeroportu olacaq İstanbul hava limanının təhlükəsizliyini 3500 mühafizəçi həyata keçirəcək.  Aeroportun ərazisi 9000 müasir video-müşahidə  kameraları vasitəsilə nəzarətdə saxlanılacaq.

Xatırladaq ki, yeni İstanbul aeroportundan ilk daxili uçuş  ötən ili oktyabrın 31-də “Turkish Airlines” tərəfindən  Ankaraya edilib.

İlk beynəlxalq uçuş  1 noyabr  2018 tarixində Şimali Kipr Türk Respublikasına, noyabrın 8-də isə Azərbaycana olub.

Aeroportun tikintisinin birinci mərhələsi  42 aya tamamlanıb. İnşaatda 200 minə yaxın işçi, mütəxəssis çalışıb.

Hava limanı  6 qalxma-enmə zolağına,  500 təyyarəlik dayanacağa malikdir və sahəsi 76, 5 milyon kvadratmetrdir. Bağlı və açıq sahədə 70 min avtomobillik park yeri var.

Bu vaxta qədər görülən işlərə  – inşaatın birinci mərhələsinə 6 milyard avro vəsait xərclənib.

Aeroportun Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə hədiyyə olaraq 2023-cü ildə  bütünlüklə istifadəyə verilməsi planlaşdırılır. O zaman İstanbul aeroportu rəsmən dünyanın ən böyük hava limanı statusuna malik olacaq və il ərzində 200 milyonadək sərnişinə xidmət göstərəcək.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir