Avtomobil idxalına tətbiq olunan gömrük  rüsumları ləğv edilməli və ya simvolik minimal məbləğə endirilməlidir

Bu mövzu vaxtaşırı gündəmə gəlir, sonda da rüsumlar ümid edildiyi kimi azaldılmaq əvəzinə, bir qədər də qaldırılır.

Halbuki avtomobil idxalına tətbiq olunan gömrük  rüsumlarının ləğvi və ya simvolik (sabit) minimal məbləğə endirilməsi hər cəhətdən, o cümlədən iqtisadi baxımından da dövlət üçün daha sərfəlidir.

Dünyanın hər yerində hökumətlər əksinə, avtomobil satışını stimullaşdırmağa çalışırlar. Çünki bu, iqtisadi baxımından digər sahələrin da (məsələn, böyük xidmət sferasının, ehtiyat hissə, yanaşaq və s. satışının)  paralel olaraq inkişafı, son nəticədə də dövlət büdcəsinə daxilolmaların artması deməkdir.

Digər tərəfdən məsələnin ekoloji əhəmiyyəti  də var. Hər il dövlət büdcəsindən ekoloji məsələlərə on, yüz milyonlarla manat vəsait ayrılır, xərclənir. Əlavə olaraq böyük məbləğlərdə beynəlxalq maliyyə institutlarından kreditlər də  alınır.

Niyə? Ekologiyanı düzəltmək, təbiəti – torpağı, dənizi, havanı təmizləmək və qorumaq üçün.

Əgər bəzən maşının qiymətindən daha çox olan gömrük xərcləri ləğv edilsə, əhali gedib daha “cavan”, deməli, daha keyfiyyətli avtomobillər alar.

Hər halda, bu zaman ekologiyaya verilən töhfə  ilə “itirilən” qazanc büdcə vəsaitindən ekoloji məsələlərə ayrılan vəsaitlə  “kompensasiya” olunar.

Nəhayət, avtomobil satışını azaltmaq yollardakı tıxac, sıxlıq probleminin həlli yolu deyil!

Çünki, bu problemi avtomobillərın çoxluğu törətmir! Yol hərəkətini düzgün təşkil etmək lazımdır. Yolların bir çox yerdə  genişləndirilməsinə böyük ehtiyac var.

Əsas olansa, yolların kommersiya maraqları ilə dolayı və ya birbaşa “işğal”ına son verilməlidir.  Tikintinı, yeni obyektləri yollardan aralıda – inşaat, şəhərsalma normalarına uyğun məsafədə, piyada, yaşıllıq, ehtiyat zonaları nəzərə alınmaqla  və  planlı aparmaq lazımdır.

Azərbaycanda avtomobil heç də düşünüldüyü kimi çox deyil.  Əhali sayına nisbətdə  bu rəqəm 12-13%-i keçmir, bu isə  aşağı göstəricidir. Hətta Bakıda bu rəqəm iki dəfə artıq ola belə, yenə də “maşın çoxdur” iddiasını əsaslandırmağa bəs etmir. Müqaisə üçün Avropanın istənilən ölkəsini götürsək, orada avtomobilləşmə 50% ətrafında, bəzi hallarda daha çoxdur. Məsələn,  Estoniyada hər 1000 nəfərə 534, Kipirdə 539, Lüksenburqda 662, Monakopda 900 maşın düşür.  San-Marinoda isə  bu rəqəm 1300-ə yaxındır. Yəni, avtomobil əhalidən çoxdur.  Bizdə isə hər 1000 nəfərə təxminən 120 maşın düşür.  Özü də avtobus, yük maşını daxil olmaqla.

Qısası, maşın çox deyil, sadə dillə desək, yol azdır.

Azərbaycanda avtomobil parkının böyük hissəsi  həm istehsal ili olarq köhnədir, həm də aşağı keyfiyyət seqmentinə aiddir.  Yeni  və texnoloji müasir, texniki saz, ekoloji sərfəli modellər azdır. Elektromobillər haqqında da danışmaq hələ tezdir.

Avtomobil parkının yenilənməsi əhalinin alıcılıq qabiliyyətilə sıx bağlıdır. Hələlik  Azərbaycandakı orta statistik vətəndaş gəliri  bu parkın təzə, müasir maşınlarla yenilənməsinə yetmir. Odur ki, rüsumları qaldırmaqla, deyil, ləğv etmək, yaxud azaltmaqla buna töhvə vermək olar.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir