Keşikçi Dağı Məbəd-Kompleksi və yada düşən xatirələr

Gürcülərin milli təəssübkeşliyi hər kəsə məlumdur. Böyüyüb boya-başa çatdığım Qax rayonunda gürcülər yaşadığından onların bu cəhətinə yaxından bələdəm. Qax rayonu və digər qonşu ərazilərə iddiaları, Alban məbədlərinin qalıqları üzərində çarizm ruslarının tikdikləri kilsələrə gürcü kilsələri gözü ilə baxmaları və digər faktlar tanıdığım hər gürcüyə xas mənfi cəhətləri əmələ gətirir. Və mən şəxsən həmin millətçi iddiaların şahidi kimi bu sətirləri qələmə alıram…

Gürcüstana bu günlərdə etdiyim səfər ərzində bir daha əmin oldum ki, nifrətə və ayrı-seçkiliyə, mənfəətpərəstliyə söykənən şovinizm yenə də diridir, canlıdır, qəlbləri və düşüncələri əsir etmişdir. Başıma ilk gündəcə bir neçə hadisə gəldi. Deməli, turistləri müşayiət edən, dolanışığı tanıdığım şəxslərdən birinin sifarişlərindən çıxan bir qadın bizimlə idi. Tısbağalıgöl adlanan yerdən şəhərin başqa bir yerinə getməli idik. Aldadılmayaq deyə qərara gəldim ki, taksi sürücüləri ilə sövdələşim, dedikləri qiymətlə dərhal razılaşmayım. Qadından soruşdum ki, taksi ilə həmin yerə getmək neçəyə başa gələcək. Başını buladı ki, bilmir. Bildirdim ki, burada yaşayırsınız, üstəlik, avtomobil idarə edirsiniz, təxmini qiymət nə qədər olar. Bivecliklə, həm gizli nifrət dolu rişxəndlə dilləndi ki, mən kiminsə yerinə sənə cavab verə bilmərəm. Nə illah elədim, qiyməti demədi. Öz aləmində özününküləri mənim ayağıma verməyəcəyinə and içmişdi, deyəsən. Halbuki onun qonağı idik, ölkəsinə qonaq getmişdik. Biz olsaydıq, böyük məmnuniyyətlə, kənardan gələnlərə təxmini qiyməti söyləyərdik. Elə bilməyin ki, bu ancaq bir qadınla məhdudlaşan haldır. Bir çox gürcüdə biz azərbaycanlılara xoşagəlməz münasibətin şahidi oldum.

Başqa xoşagəlməz hadisə başıma valyuta mübadiləsi zamanı gəldi. Elə oldu ki, komisyon haqqı doqquz faiz olduğundan əməliyyatın ləğv edilməsini kassir qadından xahiş etdim. O isə bildirdi ki, pulu mənə qaytarmayacaq. Deyəndə ki, bunu bilmirdim, sizin çöldəki elanınızdakı rəqəmlər cəlbedicidir, amma içəridə həmin qiymətə dollar dəyişdirilmir, yüksək komisyon haqqı tutulur, səsini ucaltdı: “Divarda yazılıb, oxuyardınız!” Mən gürcücə oxuya bilmədiyimi onun diqqətinə çatdırdım. Qadın özündən çıxdı: “Bura Gürcüstandır!!!” Daha sonra tonunu azaltdı: “Lövhənin aşağısında ingilis dilində komisyon haqqının 9 faiz olmağı barədə yazılıb!” Nə isə nə illah elədim, qadın daşı ətəyindən tökmədi. Mən polis çağıracağımı bildirdim. Vecinə almadı. Fikirləşdim ki, bəlkə, qanundan çəkinər, polisə görə pulumuzu bizə qaytarar. Polis də qadına havadar çıxdı, təkəbbür və başdansovduluq ifadə edən tərzdə bildirdi ki, nə yazılıbsa, ona əməl etməlisiniz. O özününkünü müdafiə edirdi, çünki onunla danışan bir ingilis deyildi, azərbaycanlı idi…

Bu da Qərbə can atan, Qərbə inteqrasiya üçün əlindən gələni edən bir ölkənin paytaxtına hakim olan milliyyətçilik və XXI əsrdə artıq rədd edilən bir anlayışı müdafiə edən qanun keşikçisi! Bu bizdə Gürcüstanı tez-tez nümunə göstərən bəzi liberal qərbpərəstlərə dərs olsun!
Təbii ki, mən Gürcüstanda günü-gündən formalaşan mütərəqqi təmayülləri inkar etmirəm…

Bəs biz nə etməliyik?

Tariximizi yaxşı öyrənməli, millətimizi, xüsusən biz ziyalılar ölkədən kənarda yaxşı təmsil etməli, köçəri olmadığımızı, əksinə, bunu iddia edənlərdən daha mədəni və səviyyəli olduğumuzu sübut etməli, bir olmalı, vətənimiz və millətimizin təəssübünü çəkməliyik…

P.S. Bu sətirləri çoxdan qələmə almışdım, amma nədənsə dərc etməmişdim. Bu günlərdə Keşikçi Dağı Məbəd-Kompleksi ətrafında yaranmış mübahisələrin fonunda qonşu ölkədə səsləndirilən irqçi fikirlər məni bu yazını dərc etməyə məcbur buraxdı…

Elvüsal MƏMMƏDOV, 

fəlsəfə üzrə fəlsəfə doktoru

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir