Bakı-Ankara qatarı

Azərbaycan və Türkiyə Dəmiryolları idarələrinin  razılığına əsasən,  cari ilin avqust ayından etibarən Ankara-Bakı marşrutu üzrə sərnişin qatarı  fəaliyyətə başlayacaq.

Qardaş ölkənin dəmiryolları idarəsi TCDDT  rəsmi internet saytında  anlaşmanın detalları, eləcə də qatar haqqında məlumat yayıb.

Xəttə Azərbaycan Dəmiryolları İdarəsinə məxsus və  İsveçrənin “Stadler” şirkətindən alınan 10 vaqondan ibarət qatar buraxılacaq.

Səfər müddəti hələlik 40 saatdan çox olacaq

Planlama dövründə  səfər müddətinin 38 saat olacağı nəzərdə tutulsa da,  texniki səbəblərdən  ilk dövrdə  bu müddət 40 saatdan bir qədər artıq olacaq.  Daha sonra isə səfər müddətinin azaldılması üçün tədbirlər  görüləcək.

Biletlər təyyarədən ucuz, avtobusdan baha olacaq

Kupe sinfindən asılı olaraq  Türkiyədən – Ankaradan Bakıya  qatar qiymətləri 380-800 türk lirəsi aralığında müəyyənləşdirilib. Əks istiqamətdə  – Bakıdan Ankaraya da qiymətlərin müvafiq  kursla 105-220 manat intervalında təyin olunacağı düşünülür.

“Ekonom” sinif yerlər daha çox olacaq

Qatarda  ümumilikdə 53 “Ekonom” sinif kupe olacaq. Kupelər standart  – hər iki tərəfdə alt üst cəmi 4 yataqdan ibarətdir. Bu sinfə aid kupe vaqonlarında sərnişinlərin ümumi istifadəsinə bir duş kabinəsi, iki tualet  veriləcək.

Komfortlu – lüks seqmentdə və əlillər üçün də kupelər olacaq

Qatardakı dörd nəfərli lüks kupelər  iki ayrı yataq kabinəsindən,  onların arasında duş və tualetdən ibarət kabinədən ibarətdir.

Belə kupelərin sayı çox deyil. 4 lüks kupe ailəli və ya qrup halında səfər edəcək sərnişinlər üçün nəzərdə tutulub.

İki nəfərlik lüks kupelər isə cəmi 8 ədəddir.

Əlillər üçün də ayrıca xüsusi yataq, duş və tualetdən ibarət kupe olacaq

Yemək servisini Azərbaycan tərəfi yerinə yetirəcək

Azərbaycan Dəmiryollarının təşkilatçılığı ilə qatarda nahar və şam yeməkləri ümumi – restoran bölümündə veriləcək. Səhər yeməyi isə birbaşa kupelərdə təqdim olunacaq.

Restoran vaqonunun 28 nəfərlik olduğu bildirilən qatarda yemək servisinin bilet qiymətlərinə daxil olub-olmadığı haqqında məlumat verilməyib.

Çox güman ki, hər kəs öz hesabına qidalanacaq. Əks təqdirdə cəmi 246 nəfərdən ibarət sərnişin kütləsinin 28 nəfərlik restoranda qidalanmasını təşkil etmək real görünmür.


 Qeyd:  Hələlik bu haqda Azərbaycan Dəmiryolları hər hansı bir açıqlama verməyib.  Təqdim olunan məlumat  TCDDT-yə aiddir. 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir