Milyarderlər harada yaşayırlar: şəhərlər üzrə reytinq

“Forbes” jurnalının tərtib etdiyi son siyahıya adları  daxil edilmiş 2153 milyarderdən 551 nəfəri dünyanın 10 şəhərində yaşayır.

Dünyanın ən varlı insanlarının ümumi sərvəti  2,3 trilyon dollardır. Bu, 7 dövlətdən başqa dünyadakı digər ölkələrin (bəzilərinin hətta birgə)  ÜDM-dən  çoxdur.

Milyarderlər şəhəri TOP-10

5 ildir Nyu-York siyahıda birincidir. Bu şəhərdə 84 milyarder yaşayır və onların ümumi varidatı  469,7 milyard dollar məbləğindədir. Bu, Avstriyanın ÜDM-dən artıqdır. Nyu-York milyarderlərinin hər biri ən azı 5 ildir ki, bu şəhərdə məskunlaşıb.

10-cu yerdə MUMBAYdır.

Yəni, Hindistanın Bombey şəhəri. 1995-ci ildən Mumbay adlandırılan şəhərdə 37 milyarder yaşayır və onların birgə  dövləti 184,4 milyard dollardır.

Şəhərin ən varlı sakini neft-qaz  (varis) maqnatı  Mukeş Ambanidir. Onun 50 milyardı var.

Maraqlıdır ki, Hindistan həyat səviyyəsinə görə heç də yüksək göstəricilərə malik olmasa da, dünyanın ən bahalı binası da Mumbayda yerləşir və Ambaniyə məxsusdur:  27 mərtəbəli sarayın dəyəri 1 milyard dollardır.

9-cu yer: SEUL – bu şəhərdə 38 milyarder  yaşayır.

  • Ümumi kapital 99,9 milyard dollardır.

Ən varlı seullu “Samsung”un idarə heyətinin sədri  Li Kun Xidir – onun cəmi 16,9 milyardı var.

8-ci yer: ŞENCJEN  – 39 milyarder

Çinin bu şəhəri Honkonqla qonşudur və xüsusi iqtisadi zona olaraq həm də turizm mərkəzidir. Yerli milyarderlər  əzmkarlıqları ilə ümumilikdə 190,5 milyard dollarlıq sərvətə yiyələniblər.  Məsələn, şəhərin ikinci varlı şəxsi Huey Ka Yan 10 il fabrikdə texnik işləyib. Daha sonra hazrıda Çinin aparıcı inşaat şirkətlərindən birini qurub.

7-ci yer: SAN-FRANSİSKO (ABŞ) – 42 milyarder

Texniki inqilabın ürəyi sayılan bu şəhərdə rəqəmsal  texnologiyaların aparıcı şirkətləri, daha doğrusu, onların bir çoxunun sahibi  toplanıb.  Şəhərin (11,1 milyard dollarla) ən varlı sakini “Facebook”un təsisçilərindən biri – Dastin Moskovicdir.

“Uber”, “Airbnb”, “Pinterest”in təsisçiləri də San Fransiskoda yaşayırlar. “PayPal”ın yaradıcılarından biri Piter Til ötən il buradan Los-Ancelesə “qaçıb”.

6-cı yer: ŞANXAY (Çin) – 45 milyarder

Şəhərin milyarderləri ümumilikdə 110,7 milyard dollara sahibdirlər. Ən varlı şanxaylı (13,3 milyard dollarla) Kolun Huanqdır. O, “Pinduoduo” internet mağazasını yaradıb və onlayn-kommersiya şəbəkəsi qurub. Tərəfdaşlıq etdiyi malların çatdırılma xidmətini həyata keçirən şirkətlərin sahibləri arasında da bir neçə milyarder var.

5-ci yer: LONDON – 55 milyarder

Britaniya paytaxtında məskunlaşmış 55 milyarder 226 milyard dollara sahibdir. Ən varlı londonlu Mixail Fridmandır. Onun sərvəti 15 milyard dollardır.

Dünyada ən çox beşulduzlu mehmanxana Londondadır. Bu şəhərdə daşınmaz əmlak  son dərəcə bahadır. Məsələn, Londonda bir  əməkdaşın iş yeri sahəsinin illik icarəsi  96 min dollara başa gəlir. Bukinqem sarayından (kral iqamətgahından)  10 dəqiqəlik piyada məsafədə çoxmərtəbəli binaların üst  qatlarında 122 milyon dollara mənzil almaq olar.

Bu ilin yanvarında amerikalı Ken Qriffin məhz belə edib.

London başqa ölkələrdən də milyarderləri özünə cəlb etdiyi üçün dünyanın ən bahalı şəhərlərindən sayılır. Yəqin ki, dünyada elə bir ölkə tapılmaz ki, leqal və ya qeyri-leqal varlıları Londonda daşınmaz əmlak sahibi olmasın. Bunda Azərbaycan varlıları da istisna deyil.

Ən varlı London sakini də məhz əcnəbidir – Mixail Fridman rusiyalıdır, “Alfa-Qrupp”un təsisçisidir. O, 3 il əvvəl Londonun şimalındakı Hemsted rayonunda  Küveytdən olan varlı ailəyə məxsus viktorian memarlığına aid mülkü alıb. İkimərtəbəli evdə 6 yataq otağı, kabinet, trenajor zalı, siqar  guşəsi, şərab zirzəmisi var. M.Fridmana qədər ən təminatlı londonlu SSRİ dövründə burada yerləşmiş Leonard Blavatnik sayılırdı. O, hazırda ABŞ-da yaşayır.

4-cü yer: PEKİN – 61 milyarder

Pekinli milyarderlərin birgə sərvəti 193,3 milyard dollara bərabərdir. Ən varlısı (22,6 milyardla) daşınmaz əmlak biznesi ilə məşğul olan Van Çzyanpinddir.

Pekinin əhalisi 21,7 milyon nəfərdir. Şəhərdə innovasiyalı şirkətlərin sayı durmadan artmaqdadır.

Xatırladaq ki, 2022-ci ildə Pekində tarixində ikinci dəfə Olimpiya oyunları keçiriləcək. Beləliklə, Pekin qış və yay Olimpiadaları keçirilmiş  ilk şəhər olacaq. Şəhərin varlı sakinləri əsasən texnologiyalar və daşınmaz əmlak biznesi ilə məşğuldurlar. 17 milyarder məhz texnologiya sahəsində fəaliyyətləri ilə varlanıblar.

Çinli milyarderlərin arasında iki nəfər 33-35 yaşındadır. Onlardan biri Çjan İmun  qısa videoların mübadiləsi proqram əlavəsi ilə qısa müddətdə şəhərin ikinci varlı adamına çevrilib. Ən varlı pekinli  Van Çzyanpin  keçmiş hərbiçidir,  inşaatla məşğuldur, ticarət mərkəzləri tikir. O, 2013-cü ildə 28 milyon dollara Pikassonun  “Klod və Paloma” əsərini, 2015-ci ildə isə “İronman” triatlon yarışını 650 milyon dollara alıb.

3-cü yer: MOSKVA – 71 milyarder

Şimal qonşumuzun paytaxtında yaşayan 71 milyarder 336,5 milyard dollar dəyərində mal-mülk, kapital sahibləridir.

Ən varlı moskvalı (24 milyardla) təbii qaz oliqarxı Leonid Mixelsondur.

12,6 milyon nəfərin yaşadığı Moskva Rusiyanın ən iri maliyyə, sənaye, mədəni-maarif mərkəzidir. Ölkədə qeydə alınmış bank-maliyyə təşkilatlarının yarıdan çoxu bu şəhərdə fəaliyyət göstərir.

Moskvada 1 kvadratmetr mənzil (yeni tikilidə) orta hesabla 3576 dollardır. Təkrar satış bazarında qiymət 3195 dollardır. Ən ucuz mənzil kirayəsi (aylıq) 230 dollar, ən bahalısı isə 98 min 283 dollardır.

Maraqlıdır ki, Moskva milyarderləri Rusiyanın (ölkə üzrə) ən varlı sakinlərinin 80 faizidir.

Bir qəribəlik də ondadır ki, ABŞ Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar çərçivəsində cəmi 7 milyarderə məhdudiyyətlər tətbiq edib. Bunlar: Oleq Deripaska; Viktor Vekselberq; Andrey Skoç; Arkadiy Rotenberq və senator Süleyman Kərimovdur.

Ən varlı moskvalı Leonid Mixelson isə sanksiyalara məruz qalmayıb. O, qaz şirkəti “Novatek”in və neft-kimya  şirkəti “Sibur”un əsas səhmdarıdır. Təkcə ötən il o, varidatını 18 milyarddan 24 milyard dollara yüksəldib. Mixelson incəsənət  əsərləri kolleksiyaçısıdır.

2-ci yer: HONKONQ – 79 milyarder

  • Onlar birlikdə 255,5 milyard dollarlıq sərvətə nəzarət edirlər. Ən varlısının 31,7 milyard dolları var.

Xatırladaq ki, Honkonq Çinin tərkibində xüsusi statusa malik inzibati ərazidir. Əlverişli coğrafi mövqeyinə görə Asiyanın maliyyə mərkəzinə çevrilib.  Regiondakı ən iri şirkətlərin əksəriyyətinin mənzil-qərargahı Honkonqdadır. Bu, onun iqtisadi azad zona olaraq cəlbediciliyi ilə əlaqədardır.  Burada dövlət  biznes sahəsinə qətiyyən müdaxilə etmir. Honkonqda cəmi bir neçə günə şirkət açıb qeydiyyatdan keçirmək mümkündür.

Şəhərdə daşınmaz əmlak və yanacaq bahadır. Məsələn, Çinə nisbətən burada bezinin qiyməti iki dəfə  yüksəkdir.  Avtomobil sahibliyi də kifayət qədər bahalıdır. Məsələn, ötən il şəhərin prestijli  rayonunda  bir avtomobil yeri 760 min dollara satılıb. 2008-ci ilin iqtisadi böhranından sonra Honkonqda mənzillərin qiyməti 4 dəfə qalxıb.

1-ci yer: NYU-YORK – 84 milyarder

  • Bu 84 nəfərin sərvəti fantastik məbləğdədir: 469,7 milyard dollar!

Şəhərin ən varlı adamı Maykl Blumberq 55,5 milyard dollarlıq sərvətin yiyəsidir. O, “Bloomberg” informasiya agentliyinin də sahibidir.

Nyu-Yorkda dünyanın ən iri birjalarından  ikisi yerləşir. Şəhər bahalı butuklərlə də zəngindir. Onlar xüsusilə  Beşinci-avenyu, Medison-avenyu, Leksinqton-avenyu və Park avenyu zonalarında daha sıxdırlar. (avenyuətrafı yaşıllıq zonaları olan geniş küçəyə deyilirred.) ABŞ tarixində ən bahalı ev (7,3 min kvadrat metr) bu ilin yanvarında 238 milyon dollara satılıb və bu Park-avenyuya yaxındır. Evin sahibi «Citadel» investisiya fondunun prezidenti Ken Qriffindir. Burada başqa bir milyarder – Leonard Blavatnikin  də 77,5 milyon dəyərində evi var.

Nyu-Yorkun milyarderlərindən biri – Donald Tramp hazırda Vaşinqtonda, Ağ Evdə yaşayır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir