Hər saatın bir gün dil açıb danışan saatı da olur...

İki gündür gündəmi  İspaniyada oğurlanmış saat zəbt edib: yerli KİV ağlasığmaz versiyalar irəli sürür, sosial şəbəkələr hər belə xəbəri qızğın müzakirə edir.

Təəssüf ki, fərdlər də, KİV – jurnalistika da hüquq normaları çərçivəsindən çıxaraq  müxtəlif şəxslərə qarşı kəskin ittihamlar irəli sürür, məmurların, onların övladlarının adlarını hallandırırlar.  Şəxslərin ünvanına təhqiramiz, hüquqi məsuliyyət doğuran ifadələr yazır, söyləyirlər.

Əvvəla, bu, ən azı mədəniyyətsizlikdir. Ən qatı cınayətkarı belə, təhqir etmək olmaz. Digər tərəfdən sivil cəmiyyətlərdə insanların toxunulmazlıq hüququ var. Azərbaycan Respublikasının Konstitusiyasının “ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQLARI VƏ AZADLIQLARI” fəslinin 24-cü maddəsinin 2-ci bəndində deyilir:

Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır.

Konstitusiyanın  digər –  63-cü maddəsi isə Təqsirsizlik prezumpsiyası adlanır. Oradan bir xatırlatma:

Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.

Bundan başqa, bu maddənin növbəti bəndində yazılıb:

Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.

Bu isə o deməkdir ki, məhkəmə hökmü olmadan kimi isə cinayətlərdə təqsirkar elan etmək olmaz. Konstitusiyada da bu, məhz belə təsbit olunub:

Məhkəmənin hökmü olmasa kimsə cinayətdə təqsirli sayıla bilməz.

Heç şübhəsiz bizim məsələyə bu kontekstdə yanaşmağımız bir çox insanın xoşuna gəlməyəcək və eyni qaydada (məsuliyyətsizcəsinə) bizi də nədə isə ittiham edəcəklər.

Amma belə olmamalıdır. Ələlxüsus, KİV qanunlara, hüquqa hörmətlə yanaşmalıdır.

Unutmayın, eyni qaydada – faktsız-sübutsuz, sadəcə fərziyyə ilə sizi də nədə isə ittiham edə bilərlər. O zaman hüquqlarınızın tapdanmasından şikayətlənən yenə siz olacaqsınız.

Azərbaycanda hansı məmurun nə ilə məşğul olduğunu, varidatını haradan qazandığını təxmin etmək asandır. Lakin bunu sübut etmək heç də o qədər asan deyil. Doğrudur, nəzəri cəhətdən bunu etməyin bir modeli, yolu var. O da istənilən halda hüquqi prosedurdan keçir.

İstər fərdi, istərsə də ictimai qaydada cinayətdə və ya hər hansı əməldə ittiham  sübutlu-dəlilli olmalıdır. İnsanlar bunun hüquqi məsuliyyətini dərk etməlidirlər. Nə qədər ki, ictimai münasibətlərdə hüquq mədəniyyəti formalaşmayıb, sivil səviyyəyə yüksəlməyib, insanlar bir birinə  qarşı təhqiramiz ifadələrlə, ağır ittihamlarla çıxış edəcəklər.

Bu, yolverilməzdir. Belə bir nümunəni – hüququn üstünlüyünü və aliliyini cəmiyyətə KİV göstərə, hüquqi mədəniyyət aşılaya, bu istiqamətdə ictimai şüuru yüksəldə bilər. Bilməlidir də. Çünki qanunvericilik və peşə prinsipləri bunu tələb edir.

Bəs, nə baş verib?

İspaniyanın İbiza kurort şəhərində Azərbaycan vətəndaşının –  22 yaşlı gəncin bahalı saatı oğurlanıb. Bu haqda ilk  İngiltərənin gündəlik 1 milyon 650 min tirajla çıxan “Daily Mail” qəzeti yazıb. Material qəzetin internet versiyasında yerləşdirilib. İstəyənlər  BURADA  orijinaldan oxuya bilərlər.

Hadisə günün günorta çağı (16:30-da) Avropanın göbəyində baş verib. İngilis nəşri hadisəni törədəni “cibgir” adlandırsa da, bu, açıq-aşkar quldurluqdur: yanında dostu da olan azərbaycanlı gənc sahildə gəzərkən 30 yaşlarında bir şəxsin hücumuna məruz qalıb. Fiziki zorakılıq tətbiq etməklə,  zərbələr endirməklə quldur azərbaycanlı gəncin saatını əlindən alaraq qaçıb.

Zorakılığa məruz qalmış həmyerlimiz  dərhal polisə müraciət edib. Məhz polisə verilən ifadədən sonra bəlli olub ki, oğurlanan saat  1 milyon ingilis funt-sterlinqi dəyərində imiş.  Hadisənin təfsilatı, polisin sonrakı fəaliyyəti, axtarışların nəticəsi haqqında heç bir məlumat verilmir.

Yazıda oğurlanmış saat haqqında geniş məlumat  yer alıb. Bəlli olub ki, bu bahalı saat “Richard Mille (RM) 50-03 McLaren F1” modelidir.

F-1-dən  (Formula 1-dən) ilham almaqla yaradılan saatın unikallığı iriliyinə rəğmən çəkidə  yüngüllüyü, sayının azlığı  və xüsusi texnologiya ilə hazırlanmış  mexanizmi ilə əlaqəlidir.

Dünyada cəmi 75 ədəd olan saatın çəkisi (kəməri ilə birlikdə) 38 qramdır.  Saatın daxili mexanizmləri də dəqiqədə bir dəfə korpus daxilində dövr edir. Bu qurğu qravitasiyanın saat mexanizminə təsirini  azaltmaq üçün nəzərdə tutulub. Beləcə, saatın xəta dərəcəsi minimuma endirilib. Bundan əlavə, saat saniyənin də anlarını bölgü ilə hesablaya  bilən xronoqrafa  malikdir. Xronoqrafın ümumi qeydiyyat imkanı 70 saatdır. Saatın hazırlanmasında yüksək texnologiyalarla  sintez edilən, tərkibində qrafen (nano)maddəsi olan  “Graph TPT®” adlı materialdan,  titan və  karbondan istifadə olunub.  Qrafen sayəsində karbon materialı 6 dəfə yüngül, 200 dəfə daha möhkəm olub.

Saat haqqında kifayət qədər məlumat verilən, o cümlədən tanıtım videosu təqdim olunan materialda azərbaycanlı gəncin kimliyi haqqında bir kəlmə də olsun nə birbaşa, nə də dolayı məlumat var.

Bəs, milyonluq saat kimindir?!.

Bu sual çoxlarını düşündürür.  Müxtəlif adlar çəkilir. Fərziyyələr irəli sürülür. Təəssüf ki, KİV də buna impuls verir. Amma bununla bağlı xəbərlərin heç biri mötəbər deyil, bəzi hallarda hətta qərəzlidir.

Əvvəla, hətta İngiltərənin ən məşhur nəşrləri, məsələn, BBC belə o şəxsin kimliyini öyrənə bilməyib. İspaniya mətbuatında hər hansı ada rast gəlinmir. Görünür, təcavüzə məruz qalmış şəxs isminin açıqlanmasını istəməyib. Bu hüququ da Avropada təmin olunub.

Buna rəğmən Azərbaycan KİV-i gümanları ilə müxtəlif şəxslərin övladlarının adlarını sadalamaqdan çəkinmir.

İstisna deyil ki, adları çəkilən şəxslər haqqında söylənilənlərə layiqdirlər. Bəlkə də, bu haqda çayxanada oturub  nə gəldi danışmaq olar. Amma bunu KİV-də etmək olmaz. Çünki, KİV gümanla, fərziyyə ilə deyil, konkret faktla çıxış etməlidir. İrəli sürdüyü bütün ittihamları da sübut etmək iqtidarında olmalıdır. Yox əgər dəlili, faktı, sübutu, əsası yoxdursa, kimi isə ittiham altına almamalıdır. Məsələn, elə Avropa, İngiltərə mətbuatı kimi. Məgər onlar hər hansı fərziyyə ilə kimin isə adını çəkə bilməzdilər? Bilərdilər. Amma bunu etmədilər. Çünki məsuliyyətdən çəkinirlər, hüququn üzərlərində hökmü var.

Bizdə isə KİV fərqində olmadan hüquqsuzluğu təbliğ edir. Halbuki, birinin (məhkəmə yolu ilə sübut olunmamış) qanunsuz əməlləri başqasının eyni qaydada hüquqdan kənara çıxmasına vəsilə və ya səbəb ola bilməz.

Qaldı o oğurlanan saata, onun yiyəsinə və sərf olunan məbləğin mənşəyinə… Hər saatın bir gün dil açıb danışan saatı da olur…

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir