Elektron siqaretlər də sağlamlıq üçün təhlükəlidir və ictimai yerlərdə çəkilməsi yasaqdır

Ümümdünya Səhiyyə Təşkilatı xəbərdarlıq edib: elektron siqaretlər sağlamlığa ziyandır!

ABŞ-da 200 yaxın insan elektron siqaretdən  xəstələnib.

San-Dieqodakı Kaliforniya Universitetinin alimləri akademik araşdırma ilə elektron siqaret tüstüsünün ağciyərdə və digər orqanlarda hüceyrələri öldürdüyünü təsbit ediblər. Eyni zamanda məlum olub ki, bu təsirdən DNT zəncirləri arasında əlaqə də zəifləyir və pozulur. Elmi eksperimentin xülasəsi  Oral Oncology jurnalında dərc olunub.

Bununla belə, elektron siqaretlərə meyil artmaqdadır. Xüsusilə gənclər arasında elektron siqaretdən istifadə çox sürətlə yayılır. Bu problem Azərbaycanda da aktualdır. Bəzən gənclər elə düşünürlər ki, elektron siqaretlər ənənəvi siqaretlərdən fərqli olaraq ziyanlı deyil, yaxud  az zərərlidir. Bəziləri isə bundan siqareti tərgitmək prosesində keçid mərhələsi kimi istifadə edirlər. Əslində isə, bu, həqiqətdən uzaqdır: elektron siqaretlər sağlamlığa ciddi xəta yetirir, tərgitmək üçün də effektli vəsilə deyildir.  Üstəlik, bu elektron siqaretlər daha bahadır. Nəticə isə eynidir, onlardan istifadə ürək-damar və onkoloji xəstəliklər riskini artırır.

Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Lətafət Dadaşova bu barədə deyib:

Elektron siqaret nikotinli və nikotinsiz olmaqla iki qrupa bölünür. Lakin əksər istehsalçılar onların tərkibinə mütləq nikotin daxil edirlər. Elektron siqaretin buxarı tənəffüs yollarının və ağciyərlərin selikli qişasını məhv edir. Artıq bir çox ölkələrdə elektron siqaretlərin fəsadları qeydə alınıb.

Mərkəzin şöbə müdiri  Tofiq Musayev bir çox gəncin tütün çəkməyə elektron siqaretlərdən başladığını qeyd edərək  bu məmulatların bütün hallarda təhlükə mənbəyi olduğunu və tütünçəkmənin dəstəklənməsinə xidmət etdiyini vurğulayıb:

Çox vaxt qapalı məkanlarda siqaret çəkməyə icazə verilmədiyindən gənclər elektron siqaretə meyil göstərirlər. Lakin nəzərə almaq lazımdır ki, çox vaxt elektron siqaretləri də, digər ənənəvi siqaretləri də eyni şirkətlər istehsal edirlər. Bu baxımdan, elektron siqaretlərin təhlükəsiz olması barədə deyilənlər sadəcə marketinq siyasətidir.

Xatırladaq ki,  “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bütün növ qəlyanlar və elektron siqaretlər də həmin qanunun təsir dairəsində tütün məmulatlarına bərabər tutulur.

Bir başqa sözlə, siqaret çəkmək qadağan olunmuş yerlərdə elektron siqaret, həmçinin qəlyan çəkmək də yasaqdır və inzibati məsuliyyət doğurur.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir