Müsabiqəyə yekun vurulub: H.Z.Tağıyevin ucaldılacaq heykəli seçilib

Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsinə yekun vurulub. Müsabiqəyə təqdim olunmuş 26 təklif arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib.

Fondan verilən xəbərə görə, Xanlar Əhmədov 1961-1966-cı illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirib,  1966-1972-ci illərdə A.Ostrovski adına Daşkənd Teatr İncəsənəti İnstitutunda təhsil alıb, 1972-1975-ci illərdə SSRİ-nin Rəssamlıq Akademiyasının aspirantı olub. 1975-ci ildə SSRİ Rəssamlar İtiffaqının üzvü seçilib.

2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar rəssam fəxri adına, 2006-ci ildə isə Azərbaycan təsviri incəsənətinin inkişafındakı xidmətlərinə görə Xalq rəssamı fəxri adına layiq görülüb.
Dəzgah və monumental heykəltəraşlıq sahəsində çalışır. Bir sıra icra olunmuş monumental layihələrin müəllifidir.  Əsərləri Almaniya, Fransa, Polşa, Rusiya, Türkiyə və digər ölkələrdə nümayiş etdirilib, müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.

Xatırladaq ki, Hacı Zeynalabdin Tağıyevin heykəli İstiqlaliyyət küçəsində, “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada  ucaldılacaq.


Mənbə

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir