Amerikanın “Patriot”ları etibarsızdır, yoxsa bu hücumda bir qəsd var?

Dünyanın üçüncü ən böyük  neft istehsal və ixrac edən ölkəsi – Səudiyyə Ərəbistanı ərazisində neft obyektlərinin pilotsuz uçan aparatlar (PUA) vasitəsilə bombalanması  əslində sıradan hadisə deyil.  Məsələ heç  bu hadisə nəticəsində istehsalın və ixracın yarıbayarı azalmasında, xammal birjalarında neftin  sıçrayışla 15 faizədək bahalaşmasında da deyil.

Səudiyyə Ərəbistanı  ABŞ-ın müttəfiqi, faktiki protektoratıdır – onun iradəsi və himayəsi altındadır. Bu varlı ərəb dövləti hər il Ümumi Daxili Məhsulun 8,8 faizi həcmində  – 78 milyard dollar məbləğində  vəsaiti silah-sursata xərcləyir. Şübhəsiz  ki, alınan silah, hərbi texnika da əsasən ABŞ  məhsullarıdır.

Səudiyyə Ərəbistanı ABŞ istehsalı olan “Patriot” hava hücumundan  və AEGIS müdafiə sistemləri vasitəsilə qorunur. Yaxud, qorunduğu zənn edilirdi. Çünki, son hadisə ciddi sual doğurub: neçə olub ki, PUA hücumunun qarşısı alınmayıb və ölkənin strateji obyektlərinə zərbə endirilib?

Səbəb nədir – “Patriot”lar, Amerika sistemləri  etibarsızdır, yoxsa, bu hücumda bir qəsd var?

İstənilən halda, hadisə ABŞ-ın qardaş Türkiyəyə satmaq istəmədiyi “Patriot” hava hücumundan müdafiə sistemlərinin etibarlığına kölgə salıb. Maraqlıdır ki, amerikalılar məsələnin bu məqamı üzərindən sükutla keçir, dəlil göstərmədən PUA hücumuna görə İranı günahlandırırlar.

Hücuma görə məsuliyyəti husilər öz üzərilərinə götürsələr də, önəmli olan hücumun kim tərəfindən icra edildiyi yox, istifadə olunan silahların – texnologiyaların mənbəyi,  bu hücumun sifarişçisinin kimliyidir. Heç şübhəsiz, belə texnologiya, imkan  super güclərə aiddir. Bəs İran belə bir güc mərkəzi, texnologiya sahibidirmi?

Zənnimizcə, İran regionda strateji müttəfiqi Rusiya adına guruldayır və bir çox halda məhz bu ölkənin hərbi qüdrəti hesabına Qərb koalisiyası qarşısında duruş gətirə bilir. İranın adının hallanması ittihamların dolayı yolla Rusiyaya qarşı irəli sürülməsi kimi də qavranıla bilər.

Səudiyyə Ərəbistanına PUA həmləsi həm geosiyasi, həm də iqtisadi baxımdan strateji  əhəmiyyət kəsb edib. Bu aksiyanı planlaşdıranlar nəticədə neftin hasilat və emalının azalacağını, qiymətlərin sıçrayacağını əvvəldən hesaba almamamış deyillər.  Neftin bahalaşmasında maraqlı kim ola bilər? Cavab yəqin ki, hər kəsə aydındır.

Daha da vacibi – bu “məchul” qüvvə “sizi ən etibarlı qorunduğunuz  yerdən vura bilərik”, yaxud “Patriot”lar bizim üçün maneə deyil” kimi  mesajlar verməklə rəqibləri üzərində  strateji mövqe üstünlüyü əldə etmiş olur.

Adi silahlardan tutmuş strateji və taktiki hərbi sistemlər, o cümlədən hava hücumundan müdafiə kompleksləri bazarında kəskinləşən rəqabət fonunda ABŞ-ın “Patriot”larının  etibarsızlaşması  həm də Rusiyanın S-400 komplekslərinin nüfuz qazanması deməkdir.

Təsadüfi deyil ki, PUA hücumunu şərh edən rusiyalı hərbi ekspert və yüksək dairələrin nümayəndələri  “Patriot”lar haqqında istehza ilə danışır, S-400-lərin üstünlüklərindən ağız dolusu bəhz edirlər.  Rusiya prezidenti Vladiir Putinin İstanbulda Suriya məsələləri müzakirəsi zamanı “iki daşın arasında”  Səudiyyə Ərəbistanına etibarlı qorunmaları üçün S-400-ləri təklif edib.

Onu da qeyd edək ki, «Associated Press» Səudiyyə Ərəbistanında obyektlərə PUA-larla hava hücumundan əvvəl digər  PUA-larla ABŞ-ın “Patriot” radar sistemlərinin sıradan çıxarıldığı haqqında xəbər yayıb.

İndi belə çıxır, “Patriot”larla qorunan istənilən yeri, obyekti və bu sistemlərin özlərini PUA-larla məhv etmək olar. Yox, əgər bu belə deyilsə, onda “Patriot”ların hücum PUA-larına “göz yumması” qəsdən edilib. Bu isə o deməkdir ki, hücumun baş tutmasında ABŞ bilavasitə maraqlı olub və buna şərait yaradıb. Niyə? Bunu da yəqin yaxın gələcəkdə hadisələrin növbəti gedişi və inkişafı fonunda müəyyən etmək mümkün olacaq.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir