Azərbaycanın rusdilli ədəbiyyatı – 2018 – Lalə Həsənova yazır

 

Azərbaycanın rusdilli poeziyası mövzu və janr palitrasının müxtəlifliyi ilə seçilir. Şairlər klassik ədəbiyyatdan rübai (Pyotor Davıdov), bayatı (Marat Şəfiyev) kimi şeir formaları ilə yanaşı, hayku (Tofiq Ağayev), sonet (Afaq Rafiqqızı) kimi janrlara da müraciət etmişlər. Poetik nümunələr arasında şeir silsilələri geniş yer alır. Afaq Rafiqqızının “Sonetlər cələngi”, Leonid Zasın “Məhəbbət çələngi”, Natalya Voroninanın “Durğu işarələri”, Səyavuş Məmmədzadənin “Bolqar motivləri” silsiləsi və s. bu qəbildəndir.

Qeyd edək ki, hər nəsil ədəbiyyata öz töhfələrini verir. Gənc nəsil modern şeirə (Nicat Məmmədov) üstünlük verirsə, yaşlı nəsil əsasən klassik formaya, əbədi mövzularda sadiq qalır, öz həyat təcrübəsindən bəhs edir. Gennadiy Salayevin Böyük Vətən müharibəsi iştirakçıları, ömrün müdrik çağı haqqında şeirləri bu mövzudadır.

Doğma şəhərdən uzaqda yaşayan müəlliflər şəhər həyatından müxtəlif lövhələri (“Bakı işıqları”), ölkəmizin tarixi abidələrini (Vladimir Sırulnik “Alov”) təsvir edərək Bakını göz önündə canlandırmağa çalışmışlar. Sergey Aranoviçin şeirlərində fəlsəfi mündəricə üstünlük təşkil edirsə (“Kompas-ürək”, “Avtoepitafiya”, “Bibliya motivləri” və s.), Ələddin Yaqubovun müasir dünya, insan haqqında düşüncələri maraq doğurur (“Qorxağın etirafı”, “XX əsr”, “Mümkündür” və s.).

Nicat Məmmədov istedadlı şair və tərcüməçidir. Bir çox şair və yazıçılarımızın əsərlərini rus dilinə tərcümə etmişdir. Ötən ilki məruzəmizdə müəllifin “Neprerıvnost” poetik silsiləsindən bəhs etmişdik. 2018- ci ildə əsərin növbəti, dördüncü bölümü çap olunmuşdur. Poeziya ilə esselərin növbələşdiyi, müəllifin yaradıcılıq haqqında fikirlərinin, düşüncələrinin yer alıdğı silsilə “yeni ədəbiyyatın” manifesti olaraq səslənir:

Mənim üçün kapital pul və ya populyarlıq deyil,

Oxumada və mütaliədə,

insanların şüurunda,

gündəlik həyatımızda,

ölkədə baş verən dəyişiklikdir:

Bu, dağlar, dəniz və nəhəng dünya kimi

sahiblənə bilmədiyimiz bir varlıq olmalıdır.

Sənə elə gəlir ki hər şey aydındır?

Diqqət kəsildikdə artıq heç nəyin aydın olmasının fərqinə varacaqsan (tərcümə məqalə müəllifinindir).

Onun əsərləri əsasən “poeziya ilə nəsr, lirik gündəlik və fəlsəfi” əsərlər olaraq qiymətləndirilir. Zənnimizcə, əsərdə prozaik təsvirin getdikcə poetik strukturu üstələdiyi, qeydlərin fəlsəfi-psixoloji düşüncələrə çevrildiyi görünür.

İl ərzində Səidə Sübhi, Tamara Vereskunova, İnessa Lovko, Tofiq Ağayev kimi bir çox şairlərin şeirləri çap olunmuşdur.

***

Əsasən müxtəlif milli mədəni arealı təmsil edən (qarışıq ailələrdə milli, dini fərqlər), vətəndən uzaqda yaşayan rusdilli ədəbiyyatın nümayəndələri dünyada dini və milli zəmində baş verən məsələlərə daha həssasdılar. Marina Mürsəlovanın “Tabula rasa” romanında, bir çox poetik nümunələrdə multikultural ideyalar, insanları ayıran bütün sədlərə rəğmən anlayış və sevgi mühitində yaşam təbliğ olunmaqdadır.

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Avropa ədəbiyyatşünaslar konqresinin və Cexiyanın rusdilli Yazıçılar Birliyinin üzvü, şair və dramaturq Leyla Bəyimin ötən il çap olunan “İmmolatio” (“Qurban”) (əsərin başlığı, personajların adı mifologiya ilə bağlıdır) ikipərdəli düşüncələr pyesində insanlar arasında dini, irqi ayrı-seçkiliyin aradan qalxmasına çağırış yer alır. Tarixi-fəlsəfi kontekstin yer aldığı, müasir və keçmiş zamanların əks olunduğu əsərdə Nəsimi və Yan Qusun yaradıcılığı əsasında əzəli dəyərlər təbliğ edilir.

Hadisələr müasir dövrdə və XV əsrdə cərəyan edir. Zamanda adlamalar, konkret bədii obrazların mistik obrazlar (Kor mələk, Axsaq mələk) vasitəsilə növbələşməsi mümkün olur. Eyni obrazlar həm müasir, həm də qədim dövrdə yer alır. Müasir zamanla bağlı hissədə Avropada müsəlmanlara qarşı mənfi münasibət əks olunur: islami dəyərlərə qarşı dözümsüz olan çex gənc Yanus və islami dəyərlərin daşıyıcıları Aya, Yaqub, Yusif. Əsərin konflikti bu qarşıdurma üzərində qurulur: Qərb dünyası “istəklərin”, islam dünyası “qadağaların” qurbanları olaraq qarşılaşdırılır. İki xalqın illər öncə oxşar tale yaşamış nmüayəndələri Nəsimi və Yan Qusun taleyi mövzunun ümümbəşəri, əbədi kontekstdə canlandırılmasına imkan yaradır. İslam və Avropa dəyərlərinin qarşıdurması sonda Nəsimi və Yan Qusun timsalında ali həqiqət axtarışlarına bağlanır. İllərin əlaqəsini görmək, müraciətini ala bilmək üçün (Yusif və Adel) ilahi harmoniyaya köklənmək vacibdir.

Mövzunun aktuallığı, eyni zamanda mənəvi-fəlsəfi ideyanın maraqlı bədii həlli ilə yadda qalan pyesin ötən il Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində keçirilən premyerası ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

***

Azərbaycan reallıqlarının dünyada yayılmasına çalşan rusdilli müəlliflər bu mövzulara xüsusi önəm verirlər. Ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Praqada keçirilən “Xocalıya ədalət” kampaniyası çərcivəsində Xocalı hadisələrindən bəhs edən əsərlərin toplandığı kitab çex dilində çap olunmuşdur. Yefim Abramov və Leyla Bəyimin həmmüəllif olduqları “Qara qar çiçəyi” povesti də həmin kitaba daxil edilmişdir.

İl ərzində maraqlı lirik-psixoloji hekayələrlə yanaşı (Nailə Kərimova “Ömürdən bir gün”, Nərgiz Bağırovanın “Yalnız Bax”, Lalə Ümid “Heyva çiçəkləri”, Yelena Andreyevanın “Pitsa və Bethoven” və b.), təhkiyə və mövzu baxımından orijinallığı ilə seçilən roman və povestlər çap olunmuşdur.

Son illər ciddi ədəbiyyatın, əsas məqsədi daha çox oxucu kütləsi cəlb etmək olan kütləvi ədəbiyyat – detektiv, melodrama kimi nümunələr tərəfindən sıxışdırıldığı müşahidə olunmaqdadır. Müasir nəsrdə artmaqda olan bu tendensiya təəssüf doğurur. Oqtay Mir-qasımın “Samuray sindromu” povestində müharibə iştirakçısı olan Rəsul aldığı xəsarətlər səbəbindən döyüş sıralarına qayıda bilmir. Məhəbbət, macəra dolu hadisələrin yer aldığı əsərdə, sanki əsas mətləblər ikinci planda qalır. Əsgərin müasir həyatda qarşılaşdığı mənəvi-psixoloji çətinliklər, şəxsi maraqların dürüstlüyü üstələməsinin təsviri kimi ciddi mətləblərin bədii təcəssümü əvəzinə povestdə macəra şəklində yaşanan həyat təsvir edilir, canlandırılmır. Hər bir epizodu əyani şəkildə təsvir etməyə çalışan yazıçı daha çox hadisələrin baş verdiyi məkanı, şəraiti dolğun təsvir edir: bahalı evlər, qolugüclü cangüdənlər, sahibi üçün darıxan tutuquşu… Bu cür təsvir əsəri ssenari ilə yaxınlaşdırır. İdealist qəhrəmanların idealistcəsinə təsviri inandırıcı təsir bağışlamır. Rəsul və Abdulla obrazları, məhəbbət xətti sxematikdir. Digər personajlar, sanki qəhrəmanların seçilmişliyini (Rəsul və Abdula) vurğulamaq, onlar dürüst, ətrafdakıların isə hamısı naxələfdir fikrini təsdiqləmək üçün canlandırılıblar. Bu səbədən müsbət və mənfi personajların qarşılaşması emosional gərginlik yaratmır.

Müasir Azərbaycan ədəbiyyatında psixoloji nəsrin maraqlı nümunələri yaranmaqdadır. Natiq Rəsulzadənin “Yeddinci gecə” və “Soyuq oktyabr ayı” hekayələrinin əsas personajları yaradıcı insanlardır. Hər iki hekayədə qadın və kişi arasında yaşanan münasibətlər canlandırılır. İlk sevgi təcrübəsi uğursuz olduğundan daxilən həssas olan bu insanlar yaxınlarından təcrid olaraq qapalı ömür sürməyə üstünlük verir, yenidən həyata açılmaqdan çəkinirlər.

Yazıçının mistik realizm üslubunda yazdığı əsərlər xüsusilə seçilir. Növbəti hekayəsini də həmin əsərlər sırasına aid etmək olar. “Yeddinci gecə” əsərində ömrünün puç olduğunu düşünən, həyatında mürəkkəb psixoloji dönəm yaşayan yazıçı, həyatda tapa bilmədiyi sevgini yaradıcılığında axtarır. Gerçəkliklə təxəyyülün çarpazlaşması ilə əsərin personajlarının – yazıçı və əsərin personajının eyniləşməsi baş verir. Məhəbbət xətti adi məcrada davam etsə də, müəllif müəyyən detallar, təkrarlanan motivlər, yuxularının təsviri ilə hadisələri mistik ahəngə yönəldir.

Son illər Azərbaycan ədəbiyyatında ciddi fəlsəfi-psixoloji mövzulara müraciət olunsa da təəssüf ki, bu mövzuda qələmə alınan uğurlu əsərlərin sayı çox deyil. Toğrul Mehdinin ” Özümlə üz-üzə” romanında personajın altşüuruna baş vuran müəllif, insanın gizli niyyətlərini açmağa çalışır. Yazıçı-personaj Malışı öz qaranlıq dünyası olaraq canlandırmağa cəhd etsə də, Malışla müəllifin bağlılığı sezilmir. Təhtəlşüurunu şüura tabe etməyi bacararaq insanın özünün öz üzərində qələbə çala bilməsi psixoloji bir problemdir. Bu səbəbdən əsərdə əsasən psixoloji məqamlara diqqət yönəlməli idi. Müəllif bəzi formal vasitələrə əl atsa da, Malışla bağlı son hissələrin başlıqların soldan sağa oxunması, yuxuda yazıçı-personajla Malışın qarşılaşması, ümumən əsərin ideyası gercəkləşməmiş qalır.

Rusdilli ədəbiyyatın daha istedadlı nümayəndələrindən biri Maqsud İbrahimbəyovun yaradıcılığında sos-art əsas üsluba çevrilməkdədir. Sovet ziyalısının həyatının təsvir olunduğu “Antropontoloqun son səyahəti” əsərində yalnız sos-art xüsusiyyətləri əks olunmur. Yaşadığı dövlətdən, siyasi quruluşdan asılı olmayaraq cəmiyyətdə insani meyarların itməsi, ümumi kökdən yaranan insanların yadlaşması, bəşər tarixində yaşanan qarşıdurmalar, müharibələr, əsrlərdən -əsrlərə ötürülən artefaqlar vasitəsilə birlikdən qarşıdurmaya doğru inkişafın canlandırıldığı əsərdə, müəllif problemi əbədi mövzularla əlaqələndirmiş, bədii səciyyələndirilməsinə nail olmuşdur.

Nadir Ağasıyevin “Otrajeniye-2” silsiləsindən olan ikinci əsərində fərqli təhkiyə strukturu yer alır. Əsas süjet xəttinin müəllifin assosiasiyalarla zənginləşməsi ilə kompozisiya şaxələnir. Xatirələrə dalan personajın düşüncələri daxili “mən”in axtarışı olaraq təsvir edilir, kursivlə verilərək əsas mətndən fərqləndirilir. Hadisələr birinci şəxs – avtobioqrafik qəhrəman tərəfindən nəql edilir. Personajın fikrini təsadüfən rastlaşdığı yaşlı qadın məşğul edir. İ.Buninin “Tyomnıye alleyi” əsərindəki obrazı xatırladan personaj müəllifdə qarışıq hisslər oyadır: o, yarıcavan, yarıqocadır, “qarı” , “qadın”, “küpəgirən”, “cadügər”dir. Personajın xatirələri də əsasən həyatında müxtəlif rol oynayan qadınlarla bağlıdır (anası, müxtəlif zamanlarda birgə çalışdığı, qarşılaşdığı qızlar). Dünya ədəbyyatının bir çox nümunələrinin xatırlandığı əsərdə (K.Qamsunun “Aclıq”, İ.Bunun “Tyomnıye alleyi”, P.Merime “Venera İllskaya” və s.) məhz bu məlumatlar oxucunu əsas mətləblərə yönləndirir.

Beləliklə, müəllif oxucunu mətnə deyil, interteks vasitəsilə əlavə mətnlərə yönləndirir. Daha sonra Merimenin hekayəsi haqqında xatırlatma qənaətimizi dolğunlaşdırır. Əsərdə müəllifin təhtəlşüurunu narahat edən məqamlar – qocalığı, ömrünü istədiyi kimi qura bilməməsi, ölkəsindəki müharibənin nə vaxt bitəcəyi kimi daxili qorxuları əks olunur. İlk mütaliədə əsərdəki assosiasiyaların əlaqələndirilməsi çətin olsa da, internekstə- xatırlanan mətnlərə kökləndikdən sonra məzmuna varmaq mümkündür. Ömrünün ötən illərinə nəzər salan Ridan illər sonra vaxtında əhəmiyyət vermədiyi, dəyərləndirə bilmədiyi təsadüflərin böyük əhəmiyyət daşıdığını dərk edir.

***

Bir ilə nəzər saldıqda axtarışların intensiv olduğu görünür. Poeziyada əsasən ənənəvi üslub, mövzu palitrası üstünlük təşkil edirsə, psixoloji üsluba meyil edən nasirlərin eksperimentlərə üstünlük verdikləri müşahidə olunur. Ənənəvi realist üslubda yazılan əsərlərlə yanaşı, mistik realizm (N.Rəsulzadə), modernist axtarışların (“Nekrofilin ölümü” T.Mehdi, “Əks-səda” (“Otrajeniye”) N.Ağasıyev), sos-artın (M.İbrahimbəyov) vüsət almaqda olduğu bəlli olur. Leyla Bəyimin “Qurban” pyesi ictimaiyyət tərəfindən maraqla qarşılanmış, uğurlu səhnə əsəri olaraq dəyərləndirilmişdir.

Rusdilli ədəbiyyatın tanınmış imzaları ilə yanaşı, gənc müəllifləri də beynəlxalq arenada tanınırlar. Beynəlxalq səviyyədə təmsil olunması ədəbiyyatımızın böyük nailiyyətidir.

 

Mənbə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir