Sükan arxasında siqaret çəkən sürücülərə qarşı mübarizə kampaniyasının 3 cü rübünə yekun vurulub

Tütün kampaniyasının 3 cü rübü başa çatıb

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn bəzi məsələlərin icrası ilə bağlı həyata keçirilən layihə uğurla davam edir.

Layihənin icra edildiyi 3-cü rübün sonunda sərnişinlər tərəfindən avtobus sürücülərinin sükan arxasında tütün məmulatından istifadə etməsi ilə bağlı ümumilikdə 149 müraciət daxil olub. Bu müraciətlər əsasında müxtəlif müntəzəm marşrut xətlərində çalışan 55 nəfər avtobus sürücüsü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tənbeh tədbiri görülüb.

Eyni zamanda, rüb ərzində müvafiq inzibati xəta barəsində daha çox məlumat verən, tütün məmulatlarından istifadəyə qarşı mübarizə tədbirlərində Bakı Nəqliyyat Agentliyinə dəstək olan bir neçə sərnişin isə mükafatlandırılıb. Həmçinin, il ərzində daha aktiv ictimai fəallıq göstərən və xətalar barədə daha çox məlumat verən bir nəfər sərnişinə isə qiymətli hədiyyə təqdim edilib.

BNA ekspertlərinin fikrincə, tütündən istifadə edən avtobus sürücülərinə qarşı mübarizədə sərnişinlərin birbaşa iştirakına şərait yaradan layihənin artıq müsbət nəticələri hiss edilir. Belə ki, aparılan monitorinqlər zamanı müntəzəm marşrut xətləri üzrə avtobus sürücülərinin tütün məmulatından istifadə hallarında azalma müşahidə olunur.

BNA bu sahədə daha yüksək nəticələr əldə olunması üçün sərnişinləri fəal olmağa çağırır.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir