ABŞ-a görə Türkiyənin həddi hara qədərdir, bu qırmızı xətt  özündə nəyi ehtiva edir? 

 

ABŞ prezidenti Donald Trampın Türkiyəyə  ünvanlı son bəyanatlarında  kobud tərzini davam etdirməsi ilə yanaşı,  bəzi ifadələri diqqət çəkir. Bunlardan biri “Türkiyə həddini aşarsa..” hədəsidir. Sual olunur: ABŞ-a görə Türkiyənin həddi hara qədərdir, bu qırmızı xətt  özündə nəyi ehtiva edir? 

Maraqlıdır, ABŞ  nədən belə təşvişə düşüb?  Türkiyənin   sərhədləri boyu təhlükəsiz zona yaratmaq və özünü terrordan, əslində, gələcəkdə hər hansı hərbi müdaxilədən, təcavüzdən sığortalamaq üçün   atdığı qətiyyətli addımlar niyə Amerika prezidentini bu dərəcədə qayğılandırıb?

NATO-nun iki ən güclü üzvünün biri-birinə, daha dəqiqi – birincinin ikinciyə hədə ilə hədd xatırlatması nə deməkdir?

Dünyanın o biri başından  okeanlar aşıb, özündən min  kilometrlərlə aralıdakı  bölgədə, o cümlədən Suriyada  illərdir “lövbər” salıb  istədiyini edən ABŞ hansı mənəvi və hüquqi haqla Türkiyəyə  hədd göstərir, qarşısında tələb qoyur?  Biz hələ eyni əda ilə haqdan-hüquqdan dəm vuran digər Qərb demokratiya nümayəndələrindən bəhs etmirik. Halbuki onlardan da soruşan lazımdır ki, siz Suriyada nə edirsiniz, hanı sizin ora apardığınız demokatiya?

Deyəcəksiniz ki, hər dövlətin, Amerikanın-Avropanın Suriyada öz maraqları var. Əlbəttə, bu yerdə əks sualla soruşmaq olar ki, bu Amerikanın-Avropanın başqa bir dövlətin ərazisində nə maraqları ola bilər? Bəs,  beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə  hörmət anlayışları daha dəbdə deyil?

Yaxşı, necə olur ki, dünyanın qurtaracağından gələn ABŞ-ın Suriyada həyati əhəmiyyətli, strateji  maraqları olur, amma  4-5 əsr bu yerlərə sahiblik etmiş Türkiyənin  sərhədi boyu, yox?

ABŞ Türkiyənin Suriya ilə 450 km-dən artıq  sərhədi boyu müxtəlif terror təşkilatlarını bəsləyərək orada böyük ordu qurmaqla geniş coğrafiyada özünə hərbi anklav yaradır. Bu terror təşkilatları da  zorakı metodlarla Türkiyənin milli və dövlət təhlükəsizliyinə  qarşı cəbhə açır, qanunsuz fəaliyyət göstərir. Nə qədər acı olsa da, dünyanın ən böyük “demokrat”larının – Amerikanın, Avropanın bir və ya dolayı dəstəyi, himayəsi ilə.

Belə müttəfiqlikmi olar?

Əslində, ABŞ və onun həqiqi müttəfiqlərinin Türkiyəyə qarşı məkrli planlarının  olduğunu  son illərin hadisələrinin gedişinə əsasən söyləmək mümkündür. Bu planların mahiyyəti eyni qüvvələrin ötən əsrin eyni illərində büruzə verdikləri hədəflərindən fərqli deyil. Əlacları olsa, bu gün Türkiyəni bölüb parçalayar, türk etnosunu yer üzündən silərlər. Güclüdürlər, amma hələ ki bu qüdrətdə deyillər. Bunun hazırlığındadırlar.  Türkiyə də adekvat tədbirlər görür. Özü də kifayət qədər uğurlu və təsirli. Ancaq bu gün ABŞ-ı qıcıqlandıran gələcək planlarının pozulması deyil, başqadır. Bunun indiki səbəbini anlamaq və o məchul “həddin” haradan keçdiyini dərk etmək üçün Suriyanın neft-qaz yataqları xəritəsinə  nəzər yetirmək kifayətdir.

 

Hazırda Suriyanın istismar olunan karbohidrogen yataqlarının və energetika infrastrukturunun kifayət qədər böyük bir hissəsi ABŞ-ın nəzarəti altındadır. Amerika faktiki terror təşkilatları vasitəsilə Suriyanın və  İraqın neft-qaz yataqlarına sahiblik edir. Bunun əsl adı  işğal və istismardır!

ABŞ prezidenti Trampın Türkiyə üçün cızdığı qırmızı xətt –”hədd”də şübhəsiz bu yataqların önündən keçir. Xəritədən də göründüyü kimi, Suriyanın neft yataqlarının bəziləri məhz Türkiyənin yaratmaq istədiyi təhlükəsizlik zolağına düşür. Türkiyə bunun  marağında  olsa da, dövlət təhlükəsizliyi daha prioritetdir. Güman ki, bu səbəbdən ABŞ öz enerji maraqları naminə Türkiyə sərhədindən çəkilməyə razı olub. Türkiyə də bundan artığını istəməyəcəyinə zəmanət verib.

ABŞ tərəddüd içində qalmaqla yanaşı, hadisələrin növbəti gedişində Türkiyəyə qarşı atacağı çirkin addımlara indidən zəmin yaradana da oxşayır.  Şübhəsiz, “demokratlar” terrora dəstəklərini sürdürüb onları Türkiyə ilə hərbi toqquşmaya sövq edəcəklər.

Əlbəttə, Türkiyənin geosiyasi strateji planlarını cızanlar da bütün mümkün ssenariləri nəzərə alıb, müvafiq hazırlıqlarını görüblər.

Bir məsələ şəksizdir ki, əgər Türkiyə sərhədi boyu formalaşan və böyüyən hərbi təhlükəni bu gün qətiyyətlə aradan qaldırmasa, bu, gələcəkdə ölkənin başına daha böyük bəlalara vəsilə ola bilər.

P.S Trampın “həddini aşacağı təqdirdə” Türkiyə iqtisadiyyatını məhv edəcəyi haqqında söylədikləri, bunu bir dəfə etməsini xatırlatması  liberal iqtisadiyyatın da  əslində nə qədər “liberal” olmasından xəbər verir…

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir