Qurban Təbiətoğlu: "Rəzalət!"

RƏZALƏT…! 

Vətən gedib, dağılmışıq düzlərə,
Çəkdiyimiz şələyə bax, şələyə…
Lazım gəlsə, tərpənəcək ordumuz,
Aman Allah, kələyə bax, kələyə…

Elə bil ki, ayaq altda həsirik,
Tam bölünüb hissələrə – kəsirik.
Bir dığanın qarşısında əsirik,
Çərxi sınmış fələyə bax, fələyə…

Əjdahanı qohum görüb qabanla,
Hamı qaçdı tüpürdüyü dabanla.
Boz canavar əlbir imiş çobanla,
Düşdüyümüz tələyə bax, tələyə…

“Yuxarı”lar “aşağı”ya “çor” deyir,
Məmləkətdə nə şər qalıb, nə xeyir!
Qurbağalar kabinetdə qoz yeyir,
Gölməçədə dələyə bax, dələyə…

Ölçüləri gen biçilib ülgünün,
Qurd sayını itiribdi mülkünün.
Tövbə deyib, Həccə gedən tülkünün,
Yuvasında lələyə bax, lələyə…

Saxtalığa alışmışıq beşikdən,
Bal umuruq, zəhər çıxır yeşikdən!
İçindəki zərrə boyda deşikdən,
Zibil keçən ələyə bax, ələyə…

Susa-susa ruhumuzu əzirik,
İt hürməmiş ayaqyalın təzirik.
Otuz ildi “sülh masası” gəzirik,
Utanc dolu diləyə bax, diləyə…

Qurban, sanki vurğunuyuq zillətin,
Sonu yoxmu bu əcaib illətin?!
Koroğluya babam deyən millətin,
Elədiyi gileyə bax, gileyə…

Qurban TƏBİƏTOĞLU (Nuriyev)

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir