Mədəniyyət naziri Parisdədir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin yaydığı məlumata görə, Mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-ya üzv ölkələrin Mədəniyyət nazirlərinin Forumunda iştirak məqsədilə Parisdə səfərdədir. Səfər zamanı o,  İsveçrənin Federal müşaviri və Federal Daxili İşlər İdarəsinin rəhbəri Alan Berset, Birləşmiş Ərəb Əmirliklərinin Mədəniyyət naziri Noura Al-Kaabi, Koreya Respublikasının Mədəniyyət naziri Park Yanq-Voo, Kolumbiyanın Mədəniyyət naziri Karmen İnes Vasquez Kamaço və Tunisin  Mədəniyyət naziri Mohamed Zin El Abidin  ilə görüşüb.

Görüşlərdə mədəniyyət və yaradıcı sənayelər sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib, nəzərdə tutulan birgə layihə və proqramlar barədə fikir mübadiləsi aparılıb. Nazir Əbülfəs Qarayev mədəniyyətlərarası dialoq sahəsində qlobal platforma olan “Bakı Prosesi” və onun çərçivəsində keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumları haqqında həmkarlarına ətraflı məlumat verib.

Alan Berset ilə görüş zamanı Davos Forumu çərçivəsində Mədəniyyət nazirlərinin Konfransında iştirak məqsədilə İsveçrəyə ötən ilki səfərini xatırlayan nazir Əbülfəs Qarayev forum çərçivəsində mədəniyyət sahəsinin iqtisadiyyatın əsas istiqamətlərindən biri kimi qəbul olunmasının rezonans doğurduğunu qeyd edərək İsveçrə tərəfindən irəli sürülmüş Baukultur təşəbbüsünün Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən dəstəkləndiyini, hazırda bu istiqamətdə – yaradıcı sənayelərin inkişafı ilə bağlı işlərin aparıldığını bildirib.

Həmkarları ilə görüşdə əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsini ön plana çəkən nazir Ə.Qarayev müqavilə-hüquq bazasının yenilənməsinin və bu məqsədlə əməkdaşlıq müqaviləsi və proqramının hazırlanıb razılaşdırılmasının zəruriliyini vurğulayıb.

Görüşlərin sonunda Əbülfəs Qarayev həmkarlarını 2020-ci ildə Bakıda keçiriləcək VII Bakı Beynəlxalq Humanitar Forumuna  dəvət edib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir