Cəfər Cabbarlı-120: “Aydın” Rus Dram Teatrının səhnəsində

Səməd Vurğun adına Rus Dram Teatrı Cəfər Cabbarlı həftəsinə “Sevgiyə görə bağışla” (“Aydın”) tamaşası ilə qatılıb.

Noyabrın 23-də teatrda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyi ilə əlaqədar ədibin  “Aydın” pyesi  əsasında hazırlanmış  tamaşanın nümayişi olub.

Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan tamaşanın quruluşçu rejissoru Xalq artisti İranə Tağızadə, xoreoqrafı Xalq artisti Aleksandra Nikuşinadır. Əsərin səhnə tərtibatı  Sankt-Peterburqdan dəvət olunmuş Tatyana Melnikovaya, musiqi tərtibatı isə  Əməkdar mədəniyyət işçisi Vladimir Neverova məxsusdur.

Əsas rollar Murad Məmmədov (Aydın), Həcər Ağayeva və Natəvan Hacıyeva (Gültəkin),  Murad İsmayılov (Dövlət bəy) və  Yeganə Hüseynliyə (Dövlət bəyin həyat yoldaşı) tapşırılıb. Digər rollarda  Əməkdar artist Salman Bayramov, aktyorlar Teymur Rəhimov, Yaroslaf Trifonov, Zaur İsgəndərov, Fərid Bəhramov, Zaur Terequlov, Cövhər Abdullayev, Tamilla Abutalıbova, Marina Litvinenko, Bella Safina, Fəridə Nesterenko, Samirə Rüstəmova, İoanna Fernştadt və Boris Brodski çıxış edirlər.

Qeyd edək ki, görkəmli ədibin 97 il əvvəl – 1922-ci ildə qələmə aldığı əsər teatrlarımızda dəfələrlə tamaşaya qoyulub. “Aydın” Rus Dram Teatrında  bundan əvvəl iki dəfə – 1957-ci və 1980-ci illərdə səhnə həyatı yaşayıb.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir