"BDU xatirələrdə” və “100 ilin zirvəsində” müsabiqələrinin qalibləri bəlli oldu

Bakı Dövlət Universitetinin yaradılmasının 100 illik yubileyi münasibətilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq qocaman təhsil ocağının “BDU xatirələrdə” mövzusunda öz məzunları üçün keçirdiyi  və KİV nümayəndələri arasında elan etdiyi “100 ilin zirvəsində” adlı müsabiqələrin nəticələri açıqlanıb.
Müsabiqəyə təqdim edilən yazılar universitet nümayəndələri və bəzi KİV rəhbərlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
“100 ilin zirvəsində” müsabiqəsi üzrə media nümayəndələri arasından  əsas  yerlərə ümumilikdə altı nəfər qalib seçilib,  4 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.
1-ci yeri “Bu universitet bir palıd ağacına oxşar ki…” adlı yazısına görə Bakı Media Mərkəzinin redaktoru Müsəllim Həsənov tutub. 2-ci yeri  RealTV-nin xüsusi müxbiri Ləman Ələşrəfqızı ilə Lent.az saytının xüsusi müxbiri Səbuhi Məmmədli  qazanıb.  Lənkəran Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova,  “525-ci qəzet”in əməkdaşı Sevinc Qarayeva və  “Yeni Azərbaycan” qəzetinin əməkdaşı Aqşin Şahinoğlu  3-cü yerin qalibi olublar.
Azərbaycan radiosunun əməkdaşı Zaur Rzayev, “İqtisadiyyat” qəzetinin əməkdaşı Mətanət Hüseynova, Məktəbguşəsi.az saytının əməkdaşı Orxan Qəriman  və müstəqil jurnalist Aytəkin Alxaslı  həvəsləndirici mükafata  layiq görülüblər.
1-ci yerin qalibinə 1000, 2-ci yerin qaliblərinin hər birinə 500, 3-cü yerin qaliblərinə 300 manat pul mükafatı və universitetin xüsusi diplomu veriləcək. Həvəsləndirici mükafat 200 manatdır.
Münsiflər heyəti, eyni zamanda Bakı Dövlət Universitetinin məzunları arasında elan edilmiş “BDU xatirələrdə” müsabiqəsinin qaliblərini də müəyyən edib. 1-ci yerə Tətbiqi-riyaziyyat və kibernetika fakültəsinin 2002-ci il məzunu, Mingəçevir Dövlət Universitetinin əməkdaşı Cəmilə Musayeva,  2-ci yerə Tarix fakültəsinin 2007-ci il məzunu, Türkiyə Respublikası, Diyarbəkir Əmniyyət Müdürlüyü Güvənlik Şöbə Müdirliyinin əməkdaşı İbrahim Karataş, 3-cü yerə isə Jurnalistika fakültəsinin 1994-cü il məzunu, “Paralel” qəzetinin əməkdaşı Nigar Vaqifqızı layiq görülüblər.
Qalib məqalələrin bəzisi “Bakı Universiteti” qəzetinin “BDU-100” xüsusi buraxılışında dərc olunub.
Qaliblərə mükafatlar  xüsusi tədbirdə təqdim ediləcək.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir