Səttar Bəhlulzadə-110: “Aşiq Səttar”

 

Noyabrın 25-də  Milli İncəsənət Muzeyində Xalq rəssamı Səttar Bəhlulzadənin 110 illik yubileyinə həsr edilmiş “Aşiq Səttar” layihəsinin təqdimatı olub. Tədbir “Sərhədsiz incəsənət” beynəlxalq seminarı çərçivəsində həyata keçirilib.

Mərasimdə seminar iştirakçılarına  böyük sənətkarın həyat və yaradıcılığı haqqında müfəssəl  məlumat verildi. Bildirildi ki, Səttar Bəhlulzadə mənzərəçi-rəssam kimi Azərbaycan rəngkarlığında mənzərə janrının inkişafına mühüm təkan verib, onun yaradıcılığı  müasir rəngkarlıq tariximizin parlaq səhifəsidir.  Görkəmli rəssamın  əsərləri  tanınıb sevilsə də, yaradıcılıq başlanğıcı barədə  sənətsevərlərin məlumatı  azdır. Odur ki, bu boşluğu doldurmaq məqsədilə Azərbaycan Milli İncəsənət Muzeyi dünyanın böyük muzeylərinin təcrübəsindən bəhrələnərək Gənc Tamaşaçılar və Pantomima teatrlarının bədii kollektivləri ilə birgə orijinal kompozisiya hazırlayıb.

Təqdim edilən “Aşiq Səttar” layihəsi Səttar Bəhlulzadənin zərif cizgilərlə işlənilmiş portreti, həyatı və yaradıcılığı haqqında canlı hekayədir.  Layihə müəlliflərinin  pantomimə müraciəti  heç də təsadüfi deyil.

Zahirən  sakit  və özünəqapalı görünən böyük sənətkar daxilən  güclü, mərhəmətli, alicənab, ədalətli, həyatsevər bir insan olub. O, əziyyətli  həyat yaşamasına baxmayaraq yüksək yaradıcılıq ruhu ilə bənzərsiz əsərlər yaradıb. Məhz bu xarakterik xüsusiyyətlərinə görə kompozisiyada dahi rəssamın  daxili aləmi, düşüncə və duyğuları sözsüz – universal teatr dili göstərilir.

İdeyası Milli İncəsənət Muzeyinə məxsus layihənin bədii rəhbəri Gənc Tamaşaçılar teatrının aktyoru, Əməkdar artist Nofəl Vəliyevdir. Tamaşanın ssenari müəllifi və quruluşçu rejissoru Dövlət Pantomima Teatrının aktyoru, Əməkdar artist Bəhruz Vaqifoğludur. Rolları Bəhruz Vaqifoğlu,  Hilal Dəmirov və Leyla Atayeva ifa ediblər.

Kompozisiyada  Qara Qarayev, Fikrət Əmirov və Aqşin Əlizadənin musiqi əsərlərindən, Mikayıl Müşfiq və Bəxtiyar Vahabzadənin poeziya nümunələrindən istifadə edilib. Layihənin məsləhətçisi Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevdir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir