Cənablar, at-araba nəqliyyatına qayıdaq?

 

Dövlət Gömrük Komitəsi rəhbərliyinin  son mətbuat konfransında əsas mövzu avtomobillərin dövriyyəsi oldu. Maraqlı və ziddiyyətli fikirlər sələndi. Onlardan bəzilərini real vəziyyətlə müqayisədə təhlil edəndə daha ciddi ziddiyyətlər ortaya çıxır.

Reallıq  rəqəmlərdə

2018-ci ilin yekun statistikasına əsasən,  ölkəmizdə 1 milyon 170 min 672 ədəd minik avtomobili olub. Onların təxminən 76,6 %-nin (896 min 307 ədədinin) yaşı 10 ildən yuxarıdır.

Ən acınacaqlısı isə odur ki, bu avtomobillərin təxminən 42,2 %-i (482  min 112 ədədi)  sovet dövrünün köhnə marka və modelləridir (“Zaporojets”, “Oka”, VAZ, QAZ, UAZ və s.). Hələ bura Avropa Asiya, ABŞ  istehsalı olsa da, 1980-90-cı illərin avtomobillərini də əlavə etsək, “mənzərə” lap qorxunc alınır…

Məncə, yol hərəkəti təhlükəsizliyi baxımından bunu şərh etməyə ehtiyac yoxdur, çünki vəziyyət təxminən belədir: “metallom” üzərində şütüyürük.

 

Son 3-4 ildə avtomobil idxalı ilə bağlı maliyyə-gömrük siyasətindən və Gömrük Komitəsinin son açıqlamalarından aydın olur ki, ölkəyə avtomobil idxalı şərtləri bir qədər də sərtləşdiriləcək  (məsələn, deyilir ki, yaşı 7-dən artıq olan avtomobillərin idxalı qadağan ediləcək və s.). Özü də az qala heç bir fərq qoyulmadan. Elektromobillər və hibridlər üçün də hər hansı güzəşt və xüsusi təşviqdən söhbət getmir…

Yaxşı, tutaq ki, bunu ekoloji, yol hərəkəti və digər təhlükəsizlik məqsədi ilə edirsiniz. Amma cəmiyyətin mobilliyi – çevik hərəkətliliyi də təmin olunmalıdır axı, insanlar indiki dinamik zamanda nəqliyyat ehtiyaclarını ödəməlidirlər.

Kimsə deyə bilər ki, buyursunlar, avtobusla hərəkət etsinlər. Onda gəlin avtobus parkımıza baxaq. Yenə də rəqəmlər:

2018-ci ilin yekununa əsasən, ölkəmizdə 30 min 704 ədəd avtobus olub (şəhərlərarası, şəhərdaxili marşrutlarda, ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsində). Onların təxminən 80,2 %-nin (24 min 620 ədəd) yaşı 10 ildən yuxarıdır. Deməli, avtobus parkı lap dəhşətli vəziyyətdədir.

Xatırlatmaq istəyirəm ki, yol hərəkəti təhlükəsizliyinə ciddi qayğı göstərən ölkələr yaşı 10-dan artıq olan avtobusu sərnişindaşımaya buraxmır. Ən maraqlısı odur ki, ötən il sıxılmış qazla işləyənlər istisna olmaqla, avtobuslara da aksiz vergisi tətbiq olundu, beləcə, dizel və benzin mühərrikli avtobuslar üçün idxal gömrük ödənişləri xeyli artdı.

Maraqlı bir sual çıxır: Cənablar, biz mobilliyimizi necə təmin edək, at-araba nəqliyyatına qayıdaq?

Hesab edirəm ki, belə yanaşma “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nda ortaya qoyulmuş siyasətə aşkar şəkildə ziddir. Çünki Proqramda da əhalinin mobilliyinin təmin olunması, ekoloji cəhətdən təmiz (hibrid, elektromobil və s.) nəqliyyat vasitələrini idxalının və istifadəsinin stimullaşdırılması nəzərdə tutulur. Ona görə də, düşünürəm ki, hazırda qüvvədə olan vergi və rüsumlara, idxal şərtlərinə yenidən baxılmalıdır. Xüsusən avtobusların, hibrid və elektromobillərin idxalı xeyli asanlaşdırılmalıdır. Digər daxili yanma mühərrikli avtomobillərin idxalı da rasional şəkildə yüngülləşdirilməli, sadələşdirilməlidir.

Şərh yaz

1 Şərh

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir