“Palmali” batır? "Girov" dənizçilər "üsyan" edir...

30-a yaxın dənizçi iki aydır  evlərinə qayıtmaq üçün İstanbul mehmanxanalarında  maaşlarını gözləyir.

7-gun.com  İstanbul mənbələrinə istinadən xəbər verir ki,  “Palmali” gəmilərində çalışan heyət  üzvləri aylarla əməkhaqqılarını ala bilmirlər.

Bu hal yeni deyil. Son illər ərzində  şirkətdə bir neçə dəfə ciddi maliyyə sıxıntısı yaşanıb və  bir çox mütəxəssis bu səbəbdən “Palmali” ilə əməkdaşlıqdan imtina edib.

Hotel “TURVAN” – İstanbul

Hazırda İstanbulun “Turvan”  və “Şamil” hotellərində yerləşdirilmiş dənizçilər gərginlik  içində evlərinə dönmək üçün maaşlarının ödənilməsini gözləyirlər.  Aylarla sürən uzun xidməti  növbədən sonra qanuni maaşlarını hələ də ala bilməyən dənizçilər prosesin çox uzandığını, şəraitin acınacaqlı olduğunu, səbirlərinin tükəndiyini  bildirirlər.

Hotel “ŞAMİL” – İstanbul

 

Onlar cəmi 29 nəfərdirlər. İş –  xidməti dövrləri 6 aydan 14 ayadək dəyişir. Məsələn, gəmi kapitanı olan şəxsə  14 aydır maaş ödənilmir  və şirkətin ona borcu 40 min ABŞ dollarından çoxdur. Ən acınacaqlısı da odur ki, bu kapitan  iki aya yaxındır  hoteldə “girov”dur…

Xatırladaq ki, Azərbaycan vətəndaşları Türkiyədə  vizasız maksimum 30 gün qala bilərlər. Müddət aşıldıqda buna görə sərhəddə cərimə yazılır.

Otellərdə saxlanılan dənizçilərin böyük qısmi məhz Azərbaycan vətəndaşlarıdır, onlardan cəmi bir neçə nəfəri Rusiya və Ukraynadandır.

İstanbuldan göndərilən məlumata əsasən, otellərdəki dənizçilər  “Zeynalabdin Tağıyev”,  “Bəxtiyar Vahabzadə”, “Qobustan”, “Sultan bəy”, “Naxçıvan”, “Lerik”, “Palmali  Voyager”, “Palmali Discovery” və digər gəmilərində xidmət  edənlərdir.

Üsyankar əhval-ruhiyyəli dənizçilər “Palmali” gəmilərinin hamısında eyni vəziyyətin hökm sürdüyünü  vurğulayırlar.  Hərçənd, şirkət onlara tam və ya qismən cəmi 43  nəfərə borclu  qaldıqlarını bidirib.

Dənizçilərin  dediyinə görə, bəzi gəmilərin şəxsi heyəti gəmilərdən düşmədən – göyərtədə maaşlarının ödənməsini tələb edir, əks təqdirdə beynəlxalq həmkarlar təşkilatlarına şikayət edəcəkləri “ultimatum”u ilə haqlarını qorumağa çalışırlar.  Bu, daha effektli təsirə malik olur: şirkət gəmilərinə həbs qoyulacağından  çəkindiyindən  ödəmələri həyata keçirir. Özü də tam məbləğdə.

İki ay ərzində oteldə saxlanılan dənizçilərin 29-dan  cəmi  9-na (red: 1 dekabr tarixinəcən) ödəmə edilib və onlar evlərinə göndəriliblər. Hərçənd, dənizçilər onların heç də hamısının  borcunu tam həcmdə almadığını qeyd edirlər. Müəyyən faiz məbləğ ödənilir və dənizçiyə qısa müddətdə qalan məbləğin bank hesabına köçürüləcəyi sözü verilir. Bəziləri bu sözə etibar etməsələr də (məcburiyyətdən az məbləğlə də olsa),  geri qayıdırlar.

Dənizçilərin otel naharı

Qalanları isə hələ də halal maaşlarını alacaqları  anı gözləyirlər. Özü də acınacaqlı şəraitdə. Onlar oteldəki yeməklərin doyumsuz, xidmətin aşağı olduğunu, otaqların nadir hallarda təmizləndiyini, antisanitariyanın hökm sürdüyünü  deyirlər. Həşəratlarla “yoldaşlığa” məhkum edilmiş dənizçilər şirkət hesabına olsa da, bu münasibətdən  və  şəraitdən (əslində, şəraitsizlikdən) də çox narazıdırlar.

Otellərdə qalan dənizçilər “Palmali” şirkətinə məxsus apartamentlərin olduğunu, onlarda da borcluların saxlanıldığını ehtimal edirlər.

Dənizçilər  onların iş yerinə gəlmə və geri – evlərinə dönmə xərclərinin də MLC 2006 konvensiyasına əsasən  şirkət tərəfindən ödənilməli olduğunu xatırladaraq,  “Palmali”nin bu xidmət üçün müəyyən etdiyi məbləğin  azlığından da şikayətçidirlər. “Palmalı” buna görə cəmi 100 dollar verir. Halbuki,  bu məbləğ ən ucuz nəqliyyatla – avtobusla Bakıya dönmək üçün bilet puluna yetmir.

Dekabrın 4-nə olan məlumat

Dənizçilərdən aldığımız  son məlumata görə,  onların otel “gəmi heyəti”nə daha bir neçə nəfər əlavə olunub: “Zeynalabdin Tağıyev” quru yük gəmisinin kapitanı, “Qobustan” tankerinin bosmanı və bir matrosu. 

Bir sevindirici xəbər  ondan ibarətdir ki,  14 ay maaşa həsrət qalmış, 40 min dollar alacağı olan (yazının əvvəlində söz açılan) kapitanın maaşı ödənilib  və nəhayət, o, vətənə yola düşüb.

Beləliklə, hazırda  İstanbul otellərində əməklərinin qarşılığını – maaşlarını  gözləyən “Palmali” dənizçilərinin  sayı 31-dir. Yola salınanların yerinə  yeniləri əlavə olunur.

Kapitan köməkçisi 4 gündür yataqdan qalxa bilmir

Otel  “girov”larından biri – “Palmali  Voyagergəmisinin kapitan köməkçisinin səhhətində (onurğasında) ciddi problemlər yaranıb və o,  4 gündür ki, yataqdan qalxa bilmir. Dənizçilər özləri ona ağrıkəsici iynələr vururlar – peşəkar tibbi xidmət  göstərilmir!

Doğrudur, “Palmali” nümayəndəsi otelə gələrək  yaxın günlərdə kapitan köməkçisini  və bir Rusiya vətəndaşı olan dənizçini evə göndərəcəklərini deyib.

Qalan 29 nəfərə isə  nə zaman “girovluqdan” azad olunacaqları  – maaşlarını alacaqları haqqında  müfəssəl bilgi  verilməyib.

Dənizçilər oteldəki vəziyyətin daha da kəskinləşdiyini bildirilər. Gündüz çöldə temperatur 8 dərəcə olduğu halda (gecəni təsəvvür etmək çətin deyil),  oteldə isitmə sistemi hələ də işə salınmayıb. Otaqlardan ( isitmə  funksiyası olan) kondisionerlərin pultları yığışdırılıb. Səbəbi bəllidir: otel işığa insanların sağlamlığı hesabına qənaət edir…

 

İstanbulda yaxın 7 gün ərzində gecə temperatur 4-8 dərəcə arasında dəyişəcək. Xatırladaq ki, məişət soyuducularının əsas kamerasında temperatur məhz bu dərəcədə olur...
İstanbulda yaxın 7 gün ərzində gecə temperatur 4-8 dərəcə arasında dəyişəcək. Xatırladaq ki, məişət soyuducularının əsas kamerasında temperatur məhz bu dərəcədə olur…

Bir-birindən bir neçə yüz metr aralıda yerləşən otellərdən verilən məlumata əsasən, dənizçilərin bir günlük ümumi xərci 1000 dollardır. Yəni adambaşı təxminən 30 dollar.

Bir başqa sözlə, “Palmali” təxminən bir matrosun bir aylıq maaşı qədər vəsaiti  bir günlük otel xidmətlərinə ödəyir, yaxud, ödəməlidir.

Şübhəsiz, şirkətin maliyyə durumu qənaətbəxş olsaydı,  vaxtlı-vaxtında dənizçilərin maaşını ödəyər, belə acınacaqlı vəziyyətə düşməzdi.

Dəniz gəmiçiliyində əmək haqqında konvensiya

Xatırladaq ki, qanunvericiliyə, eləcə də dənizçilərin istinad etdikləri MLC 2006 konvensiyasının tələblərinə əsasən,  kompaniya, yəni “Palmali”  dənizçilərə hər ay maaşlarını ödəməli, onların istəyi ilə məbləği bütünlüklə və ya qismət  ailələrinə göndərməlidir.

“Palmali” isə bu öhdəliklərinin heç birini etmir. Üstəlik, dənizdə (xidmət dövründə) aylarla maaş üzünə həsrət qalan dənizçilər  bir neçə ay da “quruda” gözləmək məcburiyyətində qalıblar. Özü də vətənlərindən, ailələrindən  uzaqda. Halbuki, şirkətin rəsmi saytında MLC 2006 konvensiyasına sədaqətdən bəs olunub…

Son məlumat: dənizşilər yola salınır…

Bu gündən – dekabrın 5-dən etibarən  dənizçilər  evlərinə yola salınmağa başlanılıb. Bəzilərinə alacaqları  bütünlüklə, əksəriyyətinə isə qismən ödənilib.  Şirkət nümayəndəsi “mən söz verirəm ki, yaxın zamanda maaşlarınızın qalan qismi hesabınıza köçürüləcək”  vədi ilə dənizçiləri  “sevindirib”… Onlar da Yeni İl qabağı  ailələrindən iraqda qalmamaq naminə, eləcə də  “yoxdan az yaxşıdır” prinsipi ilə (heç bir hüquqi əhəmiyyəti olmayan) verilən şifahi sözə etibar edib  evlərinə dönməyə başlayıblar.

NƏTİCƏ ƏVƏZİ:

Böyük bir gəmiçilik şirkəti  işçilərinə – dənizçilərə, hətta ən aşağı maaşlı ekipaj üzvlərinə belə,  aylarla, ili ötən müddətlərlə maaş ödəyə bilmirsə və analoji hal bir neçə ildir təkrarlanırsa, bu, iflas əlaməti deyilmi?  

7-gun. com “Palmali”-nın məsələyə münasibətini öyrənmək və dənizçilərin hüquqlarını  qorumaq məqsədilə şirkətin  e-mail ünvanına sorğu göndərib.

Qeyd: Yazı çapa hazırlandığı və ötən  müddətdə  “Palmali” şirkəti  e-mail ünvanına göndərdiyimiz sorğuya cavab verməyib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir