Ədəbiyyat üzrə Nobel mükafatı laureatı müsəlman soyqırımı tərəfdarı, Miloşevic heyranıdır

2019  Nobel mükafatları gələn həftə sahiblərinə veriləcək.

Ancaq ədəbiyyat üzrə laureata münasibət dünyada birmənalı deyil. Təqdimat mərasimi öncəsi  Nobel mükafatı komitəsinin bu qərarına qarşı etiraz aksiyaları keçirilir.

Əslində, tənqidçilər heç də haqsız deyillər.

Nobelə layiq bilinmiş avstriyalı yazıçı Peter Handke  Bosniyada törədilmiş soyqırımını rədd edir. O,  “serb cəlladı” və ya “serb qəssabı” adlandırılan  və məhkəmə yolu ilə bütün cinayətləri sübut olunmuş Slobodan Miloşeviçi  dəstəkləyir.

Ədib hərbi cinayətkarın dəfn mərasimində ona heyranlığını ifadə etməsi ilə də beynəlxalq ictimaiyyətin təpgisini çəkmişdi.

Xatırladaq ki, Slobodan Miloşeviç insanlıq əleyhinə cinayətlərdə  ittihamla 2001-ci ildə həbs edilmişdi və onun sağlamlıq durumu ilə əlaqədar Beynəlxalq Məhkəmə dəfələrlə təxirə salınmışdı.  O,  2006-cı ilin martında Haaqadakı BMT türməsində  ürəktutmasından ölmüşdü.

Beynəlxalq Haaqa Məhkəməsi  Slobodan Miloşeviçin rəhbərliyi altında törədilmiş  200 000 bosniyalı müsəlmanın  qətlini soyqırımı  elan etmişdi.

Belə bir şəxsin Nobellə mükafatlandırılmasına etiraz əlaməti olaraq Nobel Komitəsinin bir üzvü istefa verib. Komitənin başqa bir üzvü təqdimat mərasimində iştirakdan imtina ilə tədbiri boykot edəcəyini açıqlayıb.

Qardaş Türkiyənin prezident sözçüsü İbrahim Kalın İsveç Kral Akademiyasının qərarını qınayan bəyanatla çıxış edib:

Bu ağlasığmaz və utancverici qərar ləğv edilməlidir. Nobel Akademiyası vicdanı olmayan insanı necə mükafatlandıra bilər? Yeni soyqırımları təşviq etmək üçünmü?

Stokholmda bir qrup fəal və alim Nobel Muzeyinin qarşısına toplaşaraq mükafatın Peter Handkedən geri alınmasını tələb etdilər.

Qeyd edək ki, avstriya yazıçısı mükafatı almaq üçün getdiyi Stokholmda (Kral Akademiyasında) mətbuat konfransı keçirib və orada ona   Srebrenitsa soyqırımı ilə əlaqəli suala əsəblə, təhqiramiz formada cavab verib:

“Son 8-9 həftə ərzində oxuculardan  çox gözəl məktublar aldım. Biri istisna olmaqla. Bu,  anonim bir məktub idi və üstündə tualet kağızı vardı. Bu kimi suallar verənlər əvəzinə anonim göndərilən tualet kağızını seçirəm.”

Xatırladaq ki, Nobel laureatları iki ay öncədən elan olunsalar da, mükafatlar sahiblərinə hər il ənənəvi olaraq dekabrın 10-u – Alfred Nobelin vəfatı günü təqdim edilir.

Dekabrın 10-u İsveç kralı Karl XVI Qustav təntənəli mərasimlə laureatlara qızıl medal və diplom verəcək. Növbəti gün isə onların hesabına (hər nominasiya üzrə) 9 milyon kron – təxminən, 944 min ABŞ dolları köçürüləcək. (Nominasiyalar üzrə laureat bir neçə nəfər olduqda vəsait onlar arasında bərabər bölünür)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir