Azərbaycan Milli Xalça Muzeyinin uşaq şöbəsinin 10 illik yubileyi ilə əlaqədar keçirilən ikigünlük “Xalça diyarına səyahət” festivalı sona çatıb.
Festivalın məqsədi uşaqlara milli dəyərlərimizi, irsimizi, mədəniyyətimizi daha yaxından tanıtmaq idi.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikovanın bildirdiyinə görə, muzey uşaqların sevimli məkanına çevrilib, uşaq şöbəsinə gələn balacaların sayı ilbəil artır. Tədbirin Yeni il ərəfəsində keçirilməsi uşaqların ikiqat sevincinə səbəb olub.
Festivalın açılış mərasimində 300 nəfərdən çox uşaq iştirak edib. Tədbir iştirakçıları 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs qrupu, “Nur” uşaq xor studiyası, “Çiçəyim” uşaq teatrı və “Azəri inciləri” rəqs kollektivlərinın çıxışlarını maraqla izləyiblər. Eyni zamanda muzeyin uşaq şöbəsinin dərnək üzvlərinin rəsm və xalçaçılıq üzrə əl işlərindən ibarət sərgiyə baxıblar.
Ustad dərslərinə qatılan balacalar öz bacarıq və qabiliyyətlərini göstəriblər. Uşaqlar arasında əyləncəli viktorina, maraqlı oyun keçirilib. “Oxu guşəsi”ndə Misirin ölkəmizdəki səfirliyinin əməkdaşı Kəmalə İsgəndərova uşaqlara Misir nağılları oxuyub.
“Şəngülüm, Şüngülüm, Məngülüm”, “Məlikməmmədin nağılı” kukla tamaşaları və “Xalçaların bəhsi” tamaşası festivala xüsusi rəng qatıb.
“Azərbaycanın sehrli abidələri” kitabının müəllifi, memar Elçin Əliyev, “Çimərlikdə” uşaq kitabının müəllifi Lalə Məlik və bədii tərtibatçısı İrina Eldarova ilə uşaqların görüşü yaddaqalan olub, iştirakşılara kitab və digər hədiyyələr verilib.
Art-terapiya və musiqi terapiyası təlimləri də uşaqlara xüsusi ovqat bəxş edib.
Festivalın ikinci günü möhtəşəm karnaval həyəcanı yaşanıb. Karnavala qatılanlar arasından ən yaxşı geyim – “Miss&Mister” nominasiyası üzrə qaliblərin seçilməsi və onlara hədiyyələrin təqdim olunması uşaqlara böyük sevinc yaşadıb.
Məlumat üçün bildirək ki, tədbir günlərində təşkil edilmiş xeyriyyə satış-yarmarkasıından əldə olunan gəlir xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsinə yönəldiləcək.