Qripdən - kəskin respirator virus infeksiyalarından (koronavirusdan) necə mühafizə olunaq?

Payız-qış ayları insanların kəskin respirator virus infeksiyaları (KRVİ) ilə ən çox xəstələndiyi mövsümdür

Qripə və digər KRVİ-yə (paraqrip, adenovirus, RS-virus, rinovirus, koronavirus və s.)  yoluxduqda yuxarı tənəffüs yollarının – burun-udlaq, qırtlaq, nəfəs borusunun selikli qişalarının kəskin iltihabi əlamətləri ilə müşayiət olunan xəstəlik yaranır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatına görə, bu il Şimal yarımkürəsində A tipli qripin H1N1 və H3N2 ştamları (“donuz qripi”) və B tipli qrip virusları sirkulyasiya edir. Hər il  böyüklərin  5-10%-i, uşaqların isə 20-30%-i qripə yoluxur.

A tipli qrip virusunun antigen quruluşu dəyişkənlik xüsusiyyətinə malik hemaqlütinin (H1, 2, 3) və neyroaminidaza (N1, 2) adlı səthi zülallardan ibarətdir. Hemaqlütinindəki kiçik və yavaş inkişaf edən zəncir dəyişkənliyi (antigenik drift) epidemiyalara, böyük və ani dəyişkənliklər (antigenik şift) isə pandemiyalara səbəb olur. Dövri olaraq ətraf mühit amillərinin təsirindən mutasiyaya uğrayıb, yeni ştamlarının yaranma xüsusiyyətinə görə A tipli qrip virusları B tipli qrip viruslarından fərqlənir. Bu səbəbdən də A tipli qriplə yoluxma və xəstələnmə Yer kürəsi əhalisinin sağlamlığı üçün daim aktual, təhlükəli sayılan qlobal problemdir.

Hərçənd ki, hava-damcı yolu ilə yayılan qrip və KRVİ ilə mübarizədə yüzfaizli zəmanət vəd edən çarə yoxdur, gündəlik həyatda özünü doğrultmuş bir çox faydalı məsləhətlər mövcuddur. Sadə və icrası asan olan sosial əhəmiyyətli bu tövsiyələrə riayət etməklə hər bir insan həm özünün, həm də digərlərinin sağlamlığını hifz edə bilər.

Təmiz əllər  

Əllərinizi  tez-tez və təmkinlə yuyun. Qrip virusları yoluxduruculuq xüsusiyyətini 6-8 saatadək qorumaq iqtidarındadır, kəskin respirator virusların bəzi növləri isə müxtəlif səthlərdə 17 günədək yaşayır. Odur ki, ictimai nəqliyyat tutacaqları, piştaxtalar, qapı cəftələri, telefon dəstəyi, lift  düymələri və s. kimi “viruslu” səthlərlə təmasdan sonra çirkli əllərlə burun, ağız, yaxud gözlərinizə toxunmayın, evə çatan kimi dərhal əllərinizi sabunla 30-60 saniyə ərzində yuyun. Bu, infeksiyanın yayılmasının qarşısını alır.

Məsafə gözləməli 

Qrip və soyuqdəymə xəstəliklərinin qızğın vaxtı mümkün qədər camaatın kütləvi yığışdığı qapalı məkanlardan kənar olmaq, ictimai nəqliyyatdan istifadəni məhdudlaşdırmaq lazımdır. İnsanlar bir-biri ilə salamlaşdıqda öpüşməməyə, əl sıxmamağa çalışmalıdırlar.

Papaq, şərf və isti corab

Hava şəraitinin qeyri-sabit keçməsi, kəskin temperatur fərqi insan orqanizmi üçün stres sayılır. Qrip virusları quru, soyuq havada  daha təhlükəli olub, daha çox xırda hissəciklərə parçalanır və bir neçə saat, yaxud günlərlə havada aktiv “sərbəst uçuş” edir. İlin soyuq fəslində hava proqnozuna uyğun geyinmək, üst geyim aksesuarlarından (papaq, şərf, əlcək) istifadə vacibdir. Baş və ayaqlar mütləq isti saxlanılmalıdır. Bu vərdişlər orqanizmin soyuqdəymə xəstəliklərinə qarşı müqavimət qabiliyyətini sabit saxlamaqda yardımçı vasitədir.

Məkanın havalandırılması

Olduğunuz məkanın – yaşadığınız mənzilin, çalışdığınız iş otağının havasının gün ərzində vaxtaşırı yenilənməsi lazımdır. Quru hava burun-udlaq və qırtlağın selikli qişasına mənfi təsir edərək orqanizmin viruslara qarşı müqavimətini azaldır. İstənilən isitmə sistemi havanı qurutduğundan nəmləndiricilərə ehtiyac yaranır. Havanın optimal rütubətliliyinə (35-55%) istilik sisteminin yaxınlığına su ilə dolu fincan qoymaqla nail olmaq olar.

Soyuqdəymə əleyhinə içki

Təzə sıxılmış portağal və kök şirəsinə əlavə edilmiş bir çimdik zəncəfil tozu ilə 1 xörək qaşığı çaytikanı mürəbbəsi (soyuq üsulla hazırlanmış) tərkibli qarışıq çox gözəl profilaktik içkidir. Hər hansı şəfalı bitki çayları – cökə, zəncəfil, qarağat çiçəkləri, itburnu, kəklikotu, razyana dəmləmələrinin qəbulu da çox əhəmiyyətlidir. Mürəbbəli (qara qarağat, böyürtkən, zoğal, moruq) çay isə hər bir azərbaycanlının vazkeçilməzidir.

Nahar fasiləsində gəzinti

Təmiz havada idman, qaçış, gəzinti – müntəzəm hərəkətli həyat tərzi sağlamlığın qorunmasının rəhnidir. Yarım saatlıq gəzinti əmək qabiliyyətini bərpa edir və əqli fəaliyyəti yüksəldir.

Keyfiyyətli qidalanma

Tam balanslaşdırılmış qarışıq qidalanma güclü immunitet üçün sərmayədir. A, C, B, D vitamini ilə zəngin və sink tərkibli ət, balıq, yumurta kimi ərzaqların təzə tərəvəzlərlə, çuğundur, kök və paxlalılarla uyğunlaşdırılmasından  hazırlanmış xörəklərin qəbulu uzun müddət aclıq hissini aradan qaldırır, immuniteti gücləndirir. Örnək üçün milli mətbəximizə xas kələm dolmasını, rus mətbəxinə məxsus borşu, yaxud alman mətbəxinə aid ayntopfu nümunə göstərmək olar. Borşun qatı variantı olan ayntopfun tərkibinə lobya və heyva da qatılır.

Ayaqlar üçün vanna

Ayaqların müntəzəm isti su vannasına qoyulması qan dövranını yaxşılaşdırmaqla əzələ gərginliyini aradan qaldırır və rahatlandırır. İsti suya dəniz duzu, iynəyarpaq yağı və ətirli otlar əlavə edilmiş vanna prosedurunun qəbulu həftədə 3-4 dəfə, axşam saatlarında tövsiyə olunur.

Gümrahlaşdırıcı yuxu

Sağlam qalmaq üçün orqanizmin bioloji ritmini tarazlıqda saxlamaq, 7-9 saatlıq tam yuxu rejiminə əməl etmək və istirahət  mütləqdir.

Sizə təqdim olunan bütün bu məsləhətlər müxtəlif kəskin respirator xəstəliklərə qarşı sanitar-gigiyenik xarakterli qeyri-spesifik profilaktika tədbirləridir.

Tədbirli olun ki, xəstələnməyəsiniz. 

Şərh yaz

1 Şərh

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir