Nəsimi – 650: İçərişəhərdə konfrans və “Bir əsrlik Nəsimi araşdırmaları” kitabının təqdimatı keçirilib

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində İmadəddin Nəsimin 650 illik yubileyinə həsr olunmuş  ümumrespublika elmi-praktik konfransı keçirilib.

Konfrans çərçivəsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elm şöbəsində hazırlanmış  “Bir əsrlik Nəsimi araşdırmaları” adlı 800 səhifəlik kitab təqdim olunub.

Filologiya üzrə fəlsəfə doktoru, Elm şöbəsinin müdiri İradə Musayevanın moderatorluğu ilə idarə olunan  tədbirdə ilk  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin üzvü Cavid Kazımov  çıxış edib.

Layihə rəhbəri  İradə Musayeva  çxışında bildirib ki, elmi əsərlərdən ibarət irihəcmli “Bir əsrlik Nəsimi araşdırmaları” kitabından  elmi-mədəni, ictimai auditoriya, həmçinin ali məktəblərin müəllim və tələbələri əhəmiyyətli dərəcədə yararlana bilər. Kitabın I fəsli müasir nəsimişünasların, II fəsli isə klassik tədqiqatçıların İmaməddin Nəsimi haqqındakı məqalələrindən ibarətdir.

Kitabın elmi redaktoru Milli Məclisin komitə sədri, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov nitqində bildirib ki,  Nəsimi mahiyyəti, düşüncəsi, fəlsəfəsi etibarilə insan ruhunun azadlığı deməkdir:

Ruhun, azadlığın ifadəçisi olan Nəsiminin dili əslində qeyd edilən 100 illik müstəqilliyimizin davamı deməkdir.

Natiqlərdən akademik Nizami Cəfərov qeyd edib ki, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqındakı sərəncamları Nəsimi irsinin daha geniş tədqiqinə və şairin daha geniş coğrafiyada tanınmasına təkan verib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva kitab haqqında və orada yer alan elmi məqaləsi barədə danışıb. Bildirib ki, sözügedən kitab dünya kitabxanalarına da təqdim olunacaq.

Həmçinin tədbirdə filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev “Nəsimi: edamdan sonrakı həyat”, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli  “Nəsimi şeirində Qurani-Kərim və hədislər”, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuridə Novruzova  “Nəsimi şeirlərində poetik müraciət formaları” adlı məruzələrlə çıxış ediblər.

Sonda Azərbaycan Milli Konservatoriyasının tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyası şagirdlərinin ifasında “Nəsimi” adlı kompozisiya nümayiş olunub.

Tədbir çərçivəsində Nəsiminin miniatür obrazlarını əks etdirən rəsm sərgisinə də baxılıb.

One Comment
  1. Kitab İ.Nəsimi yubileyinə dəyərli bir ərmağandır. Əməyi keçən hər kəsə sonsuz təşəkkürlər.

Nuridə Novruzova üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir