Supermodel Həlimə Aden: "Heç bir qadın öz iradəsi əleyhinə hicab taxmamalıdır"

Çılpaqlığın və vulqarlığın hökm sürdüyü dəb dünyasında supermodel Həlimə Aden podiuma həmişə başı örtülü və qapalı geyimlərdə çıxır. Fanatları onun gözəlliyinə və cəsarətinə heyran qalır, tənqidçiləri isə bəzi şəkillərinə görə qınayır, deyirlər ki, inanclı müsəlman qız bu işlə məşğul olmamalıdır.

Somali qaçqını olan, çox mühafizəkar mühitdə böyümüş  Həlimə cəmi iki il ərzində “başgicəlləndirən karyeraya” sahib olub, moda dünyasında ən çox tanınan şəxslərdən birinə çevrilib. Deməli, uğur qazanmaq üçün soyunmaq və mənəviyatsızlaşmaq şərt deyil!

BBC Rusca xidməti dünyanın bir nömrəli hicablı top-modeli Həlimə Adendən müsahibə alıb, ondan  İslam qaydalarını model karyerası ilə birləşdirməyi necə bacardığını soruşub.

22 yaşlı Həlimə Aden şəkli Britaniyanın “Vogue” jurnalının üz qabığında dərc olunmuş ilk hicablı modeldir. Amerikanın “Sports Illustrated” jurnalında isə onun burkinili (hicablılar üçün çimərlik geyimi) şəkli çıxıb.

Top-model üçün boyu xeyli alçaq olsa da (cəmi 166 sm), onu tez-tez lüks brendlərin, o cümlədən. “Max Mara” və “Yeezy”nin moda nümayişlərinə dəvət edirlər. İki il əvvəl Həlimə ən böyük model agentliyi olan “İMG Models”lə müqavilə bağlayan ilk hicablı model olub.

Həlimə Quranın ən çox hansı mesajını özü üçün vacib sayır?

Heç vaxt qınama, çünki ancaq Allah hökm verə bilər. İnsanlara dəstək olmaq, onları sevmək, pis günlərində kömək etmək”

, – gənc qız heç düşünmədən belə deyir və əlavə edir ki:

Mən qaçqın düşərgəsində böyümüşəm və yaxşı bilirəm ki, bu lüks həyat bir anda bitə bilər. Mən buna hazıram”.

“Müqavilədə hicab şərti də yazılıb”

Həlimə Keniyadakı qaçqın düşərgəsində doğulub. Ailəsi əslən Somalidəndir. 1990-cı illərin sonunda onlar Afrikanın ən qanlı müharibələrindən birindən qaçıblar. Keniyaya çatana qədər Həlimənin anası 12 gün piyada yol gedib. Həlimənin 6 yaşı olanda anası onu və qardaşını götürüb ABŞ-a köçüb. Onlar müharibədə atası ilə əlaqəni itiriblər.

Həlimə Aden

 

“Amerikadakı dostlarım elə bilirdilər ki, mən Somali şahzadəsiyəm, çünki onlara Keniyada tez-tez bir yerdən başqa yerə köçməyimizi danışmışdım”, – o vaxt ailəsi ABŞ-dakı ən böyük Somali diasporasının olduğu Minnesota ştatına köçən Həlimə belə deyir.

“Onlar bilmirdilər ki, bizim yaşadığımız evlər plastik butulkalardan, tikinti zir-zibilindən düzəldilmişdi və güclü külək əsəndə, ya da yağış yağanda uçulub dağılırdı. Anamın bundan yaxşısını tapmaq imkanı yox idi.

Sinif yoldaşlarım mənə gülürdülər, deyirdilər ki, saçlarım kirli olduğu üçün başımı örtürəm. Bəzən də terrorçu qadınlar barədə zarafat edirdilər. Amma orta məktəbdə belə şeylər olur”.

Həlimənin 19 yaşı olanda “Miss Minnesota” gözəllik müsabiqəsinə hicabda və burkinidə qatılan ilk iştirakçı olur.

Müsabiqədən sonra Həlimə dünyanın ən böyük model agentliklərindən biri olan “İMG Models”dən əməkdaşlıq təklifi alıb.

O razılaşıb, amma şərt qoyub: çəkilişlərə və moda nümayişlərinə hicabla qatılacaq: “Mən uşaqlıqdan hicab taxıram. Ayaqqabı kimi, mənimçün hicab da qarderobumun əzəvolunmaz hissəsidir”.

Həlimənin reklam etdiyi geyimlərlə bağlı da şərtləri var. Onun inancı adam içində ancaq üzünü, əllərini və ayaqlarını açıq qoymağa icazə verir. Bu, onun şirkətlə müqaviləsində də yazılıb.

İstanbulda moda həftəsi

Bəzi tədbirlərdə Həlimə üçün qara kartondan xüsusi otaq düzəldirlər. Gənc qızı yad gözlərdən qoruyan bu yer həm qrim, həm də soyunub-geyinmə otağı olur.

“Mən müsəlmanam və bunu podiumdan kənarda da xatırlamalıyam. Ona görə də dizaynerlər və təşkilatçılar mümkün olan hər şeyi edirlər ki, mənim rahat olacağım kiçik bir yer düzəltsinlər”.

Həlimə Aden

 

Moda işçiləri Həlimə üçün ideal şərait yaradırlar, amma “Təvazökar moda həftəsi”nin digər içtirakçıları ümumi otaqda, hamının gözü qabağında geyinib-soyunurlar.

Həlimə bu barədə nə düşünür?

O, çiyinlərini çəkir:

“Bəzi qızlar etiraz etmirlər, onlar buna alışıblar. Hətta belə kiçik otaqları olmuş olsaydı belə, yenə hamı ilə bir yerdə olmağa üstünlük verərdilər. Amma mən başqalarının yanında soyuna bilmirəm, ona görə də mənə ayrıca bir yer lazımdır. Axı çox da çətin məsələ deyil. Amma bu, dizaynerlərdən hansınısınsa xoşuna gəlməsə, dərhal qalxıb getməyə hazıram”.


Mənbə: BBC

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir