Hacıbaba Hüseynov "Muğamat var olan yerdə” xatırlanır

Beynəlxalq Muğam Mərkəzində “Muğamat var olan yerdə”  layihəsi çərçivəsində keçirilən növbəti tədbir görkəmli muğam ustası, Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr edilib.

Mədəniyyət Nazirliyindən verilən məlumatda bildirilir ki, tədbirin əvvəlində unudulmaz sənətkarın həyat və yaradıcılıq yoluna nəzər salınıb, sənətdəki  xidmətləri xatırlanıb.

Özünəməxsus səs tembri və texnikası ilə seçilən Hacıbaba Hüseynov muğam sənətinin inkişafında  xüsusi rol oynayıb. Xanəndənin sənəti, ədəbi yaradıcılığı mədəniyyət tariximizdə  ayrıca səhifədir. Onun bəstələdiyi  təsniflər musiqi irsimizi zənginləşdirərək muğam ifaçılığında geniş yayılıb.

H.Hüseynov  xalq yaradıcılığına böyük diqqət ayırıb,  pespublikamızın müxtəlif bölgələrində, habelə Türkiyə və İraqda oxunan xalq yaradıcılıq nümunələrini təsniflərdə istifadə edib.

Gənc yaşlarında tanınmış xanəndə Zülfü Adıgözəlovun səs yazısını əldə edən Hacıbaba Hüseynov onun oxuduqlarını təkrarlayaraq muğamın incəliklərini öyrənib. Sənət axtarışları nəticəsində əldə etdiyi ifaçılıq texnikası, poeziya və muğamı yüksək bədii zövqlə uzlaşdırma qabiliyyəti muğam biliciləri, musiqisevərlər tərəfindən yüksək dəyərləndirilib,  ona xalqın böyük sevgisini qazandırıb. Onun yazdığı qəzəllər bu gün də xanəndələr tərəfindən ən çox müraciət olunan nümunələr sırasındadır.

Gecə  konsert proqramı ilə davam edib.  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin muğam sənəti kafedrasının müəllim və tələbələrinin ifasında xalq və bəstəkar mahnıları ifa olunub, muğamlarımız səsləndirilib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir