Sibirdən doğan Cənub günəşi 

Картинки по запросу "фарман салманов нефть""

Azərbaycanlı alim Fərman Salmanovun “neft yolu” Rusiyanın ən soyuq yerlərinə əbədi istilik gətirdi 

Bu gün dünyanın ən ucqar nöqtələrində, ən zəngin ölkələrində belə, bacarıq və zəkası, zəngin elmi nailiyyətləri ilə cahana nur saçan  azərbaycanlı alimlərin adı diyarbədiyar gəzir.  Onlar zaman-zaman təkcə doğma vətənlərində yox, sərhəd tanımadan hər yerdə sevilir, uca tutulurlar. Çünkü qazandıqları uğurlar elmə, iqtisadiyyata, ən önəmlisi, bəşəriyyətin inkişafına verdiyi töhfələr bir ölkə hüdudlarına sığmayıb, az qala bütün kainat üçün gərəkli olub.  Əlbəttə, bu zirvələri fəth edən həmvətənlərimiz gərgin əmək, zəhmətsevərlik və qətiyyətli iradə ilə bunu bacarıblar. Haqqında danışacağımız belə şəxslərdən biri dünya şöhrətli məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru Fərman Salmanovdur.

Картинки по запросу "фарман салманов нефть""

Harada olmasından asılı olmayaraq, bu gün Rusiyanın təbii sərvətlərlə zəngin olan Qərbi Sibir vilayətindən söz düşəndə mütləq F.Salmanovun adını eşidəcəyik, həm də böyük sevgi ilə, sonsuz rəğbətlə. Ona görə ki, o, hələ yarım əsr bundan öncə təbiətin ən sərt, ən şıltaq yerləri olan uczuz-bucaqsız soyuq Sibir düzlərinə kəşf etdiyi neft quyuları ilə əbədi istilik gətirdi. Bu yerlərə, insanlarına həyat Verdi. Qərbi Sibirdə, Tümen vilayətində kəşf etdiyi neft-qaz yataqları Rusiya iqtisadiyyatının ən zəngin gəlir mənbələrindən biri olmaqla yanaşı, həm də bu yerlərin nə dərəcə vacib və perspektivli məkan olduğunu sübut etdi.

Картинки по запросу "фарман салманов нефть""

Elə insanlar da var ki, onlar özləri də bilmədən tarix yazmaq, kəşflər, yeniliklər etmək üçün yaşayıb-yaradırlar. Öz talelərini erkən yaşlarından özləri seçir, ağlı kəsəndən arzularının ardınca yürüyürlər. Fərman Salmanov doğulduğu Şəmkir rayonunun Morul kəndində orta məktəbdə oxuyarkən neftçi olacağını, özü də Sibirdə çalışacağını demişdi. Nə qədər qəribə səslənsə də, Sibiri onun üçün “doğma” edən hələ kiçik yaşlarından babasının o yerlər haqqında tez-tez danışdığı “acı” xatirələr olmuşdu. Sən demə, bu xatirələrin Fərmanda yaratdığı maraq sonralar onu düz Sibirin mərkəzinə qədər aparıb çıxaracaq, onun “neft yolu” dolanbaclardan keçərək özünün ən uca zirvəsinə burada – lap dünyanın qurtaracağında çatacaqmış…

Fərman Salmanov 1931-ci ildə Şəmkir rayonun Morul  kəndində anadan olub. Orta məktəbi doğulduğu kənddə bitirdikdən sonra 1949-cu ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji kəşfiyyat fakültəsinə daxil olur. Təhsil aldığı müddətdə sevə-sevə oxuduğu ixtisasını dərindən mənimsəyir və tələbəlik illərində geniş təcrübə keçir. 1954-cü ildə institutu müvəfəqqiyətlə bitirən gənc mühəndis-geoloq F.Salmanov Moskvaya məktub göndərərək Sibirdə işləməsi üçün imkan yaradılmasnı xahiş edir. Lakin onu Kuzbasa göndərirlər. Burada, həmçnin, Kemerovo və Novosibirsk vilayətlərində aparılan iki-üç illik neft axtarışları bir nəticə vermir. Odur ki, F.Salmanov 1957-ci ildə heç bir rəsmi icazə almadan özünün kəşfiyyat qrupundan olan könüllülərlə Sibirin Surqut bölgəsinə getməyi qərara alır. Əslində o, çox çətin bir yola çıxmışdı. Nə qədər maneələr olsa da, daxilindəki qüvvə ona “geriyə çəkilmə” deyirdi. Gənc geoloqun əzmkarlığı çoxlarını heyrətləndirmişdi. Axır ki, uzun sürən müzakirədən sonra Sovet rəhbərliyi səviyyəsində F.Salmanova Sibirdə neft kəşfiyyatına başlamasına icazə verilir. Nəhayət, F.Salmanov 1961-ci ilin 21 mart tarixində Megion yatağını kəşf edir. Yatağa qazılmış ilk kəşfiyyat quyusunda neft fontan vurur. Bir neçə mənbədə qeyd olunub ki, F.Salmanov əleyhdarlarına belə bir məktub yazır: “Möhtərəm yoldaşlar, Megionda 2180 metr dərinlikdən neft fışqırır. Aydındırmı”. SSRİ Geologiya Nazirliyində F.Salmanovu bəyənməyən insanlar bu hadisənin təbii anomaliya olduğunu deyir və neft fontanının tezliklə tükənəcəyini bildirirdilər. Salmanov Ust-Balıqda ikinci neft-qaz yatağını kəşf etdikdən sonra Sovet lideri Nikita Xuruşova həm sevincini, həm də əzmkarlığını ifadə edən belə bir məktub ünvanlayır: “Mən neft tapmışam. Bax, belə! Salmanov”.

O, hədəfə çatmışdı, rəqiblərinə, ona mane olmaq istəyənlərə kəşf etdiyi neft quyularından vuran fontanlarla cavab verirdi. Ardıcıl iki uğurlu kəşfiyyat və neft fontanı ekspedisiyanın rəhbəri olan gənc alimi çox ruhlandırır, zəhmətinin bəhrəsi onu ürəkdən sevindirirdi. Özünün xatirələrində də yazır ki, Megion kəndində neft fontan vuranda mən sevincimdən tullandım və qışqırdım: “Biz qalib gəldik”. Bu zamandan sonra Novruz bayramı F.Salmanov üçün iki qat bayram olur. Ömründə ən çox təbrik aldığı təqvim ayı da bu ay idi.

Tezliklə Sovet rəhbərliyi Salmanovun kəşflərinin əhəmiyyətini dəyərləndirir və Qərbi Sibir qısa müddətə ölkə iqtisadiyyatı üçün aparıcı regionlardan birinə çevrilməyə başlayır. O vaxt Sovet geoloji dairələrində Sibir perspektivsiz ərazi kimi təqdim edilirdi və gözdən, könüldən kənar bir yer idi. Amma bu hadisədən sonra məlum olur ki, ölkənin yeni və  nəhəng neft-qaz yataqları sən demə, Sibirdə imiş. Bir neçə il ərzində F.Salmanovun rəhbərlik etdiyi ekspedisiyalar 15-dən artıq neft və qaz yatağını kəşf etdi. Beləcə, Salmanovun kəşfləri silsilə olaraq davam edir. O, ömrünün 50 ilini Sovet İttifaqı və Rusiya Federasiyasının neft-qaz sənayesinə həsr edir, Qərbi Sibirdə, Tümendə və yaxın regionlarda 130-dan artıq nəhəng neft-qaz yatağını kəşf edib və ya onların kəşfində iştirak edib. Belə nəhəng yataqlardan Mamontov, Megion, Pravdinsk, Ust-Balıq, Surqut, Urenqoy, Yamburq və digərlərini misal göstərmək olar.

O, 1978-ci ildən sonra 10 ilə yaxın Tümen vilayətinin neft-qaz kəşfiyyatı idarəsinə rəhbərlik edib. 1987-1991-ci illərdə SSRİ Geologiya nazirinin birinci müavini işləyən Fərman Salmanov sonradan ömrünün sonunadək Rusiyanın “İtera” qaz şirkətinin prezidentinin məsləhətçisi kimi çalışıb. F.Salmanovun kəşf etdiyi neft quyularının yerləşdiyi kənd və şəhərlər geoloji görüşlərin mərkəzinə çevrilir, ildən-ilə abad məkan olurdu. O, təkcə neft quyuları yox, həm də o yerlərin gözəl təbiətini kəşf edirdi, insanlara yeni həyat bəxş edirdi. Özünün kitabında da bu barədə yazırdı: “Mən seçilmiş yolda vurnuxaraq, çətinliklərlə vuruşaraq irəliləmişəm. Çünki öz həqiqətimi bilmişəm, insanlara köməyimi hiss etmişəm”. Təsadüfi deyildir ki, bu gün F.Salmanovun Sibirdə, Qornopravdinsk qəsəbəsində, Surqutda və Xantı-Mansidə heykəlləri, Moskvadakı büstləri insanların könüllərini oxşayır.

F.Salmanov geoloq neftin kəşfiyyatı ilə məşğul olmaqla yanaşı, elmi fəaliyyətini də davam etdirir. O, elmi dərəcələrini isti kabinetdə yox, Sibirin soyuq düzlərində, neft fontanları ətrafında düşünür, beynində yeni ideyalar hazırlayırdı. Təcrübə ilə istedadın vəhdəti gənc alimin elmi potensialının daha tez üzə çıxmasına təkan olur. 60-cı illərin ortalarında o, yeni neft-qaz əyalətləri haqqında məqalələr çap etdirir, tez-tez elmi çıxışları ilə də diqqət çəkirdi. 160-dan artıq monoqrafiya və elmi əsərin müəllifidir. 1968-ci ildə namizədlik dissertasiyası, 4 ildən sonra isə doktorluq işi müdafiə edir. Bacarıq və əzmkarlığı, elmə verdiyi dəyər və yüksək insani keyfiyyətləri F.Salmanovun titullarını ildən-ilə artırır. O, Sosialist Əməyi Qəhrəmanı, Rusiya Federasiyasının əməkdar geoloqu, geologiya-minerologiya elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü kimi yüksək elmi dərəcələrin sahibi olur. Görkəmli azərbaycanlı geoloq Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surqut şəhəri və Texas ştatının fəxri vətəndaşı seçilib.

F.Salmanov qürbətdə yaşasa da, qəlbi hər zaman Azərbacanla bağlı olub, həmyerlilərini, doğma elini heç zaman unutmayıb. Neft-qaz sahəsində elmin inkişafına çox böyük töhfələr verib, azərbaycanlı mütəxəssislərin yetişməsi üçün əlindən gələni əsirgəməyib. O, Azərbaycana tez-tez baş çəkər və hər dəfə gələndə oxuduğu instituta  – Azİİ-yə gedib o vaxt sağ qalan müəllimləri ilə görüşər, geniş fikir mübadiləsi apararmış. Bir dəfə də Azİİ-də olarkən konfrans zalında tələbələr ondan xahiş edirlər ki, Azİİ-nin tələbələrinin Sibirə xüsusi təyinatları olsun. O da  bu məsələdə ciddi kömək edir və xeyli sayda geoloqlarımız, geofiziklərimiz, qazmaçılarımız, neftçilərimiz öz iş təcrübələrini birbaşa təyinatla Qərbi Sibirdən başlayırlar.

Onun çoxsaylı yetirmələri ilə yanaşı, bu gün onun yolunu yaxın qohumlarından SOCAR-ın Neft-Qaz Elmi-Tədqiqat Layihə İnstitunun direktor müvini, geologiya-mineralogiya elmləri doktoru Əhməd Salmanov uğurla davam etdirir. Onunla söhbət zamanı əmisnin həyat prinsiplərinin onun iş və elmi nailiyyəti üçün örnək olduğunu, bu peşəni seçməsində isə birbaşa rol oynadığını dedi. Əhməd Salmanov da Azİİ-nin məzunudur, 1984-cü ildə geoloji kəşfiyyat fakültəsini bitirib. O, Fərman Salmanovun istənilən məsələ haqqında öncə düşünməyin, sonra qərar verib hərəkətə keçməyin tərəfdarı olduğunu deyir: “Həm Tümendə, həm də Moskvada (SSRİ Geologiya nazirinin birinci müavini olanda) onun kabinetində böyük bir plakat var idi. Orada yazılmışdı: “Axtarmaq, tapmaq, mübarizə aparmaq və heç zaman təslim olmamaq”. Bu şuar həmişə onun həyat devizi olub, bütün ömrü boyu bu ideologiyaya sadiq qalıb”.

Fərman Salmanov bir alim kimi axtarıb da, tapıb da, heç zaman təslim olmayıb. Ə.Salmanov deyir ki, əmisi həkim oğlu ilə söhbət edərkən irad bildirir ki, hər dəfə səninlə maraqlananda deyirsən işdəyəm, vaxtım çatmır, de görüm nə edirsən. O da gündəlik iş qrafikini atasına izah edir və bildirir ki, səhərlər xəstəxanaya gedib xəstələrlə görüşür, müalicə yazır, onların sağlamlığını yoxlayır, sənədlərinə baxır və s. Beləcə axşam da yorğun gəlib yatdığını deyir. Dərhal Fərman Saılmanov oğlunun sözünü kəsir ki, bunu başa düşdüm, bəs sən nə vaxt fikirləşirsən? O, istənilən vacib peşənin, elmin uğurlu inkişafında və həmin sahə üzrə müsbət nəticə əldə olunmasında düşünərək qərar vermənin, düşünməyə xüsusi vaxt ayırmanın tərəfdarı olub.

Böyük azərbaycanlı alım Fərman Salmanov öz vəsiyyətinə əsasən Moskvanın Vaqankova qəbiristanlığında, oğlunun məzarı yanında dəfn edilib. Vətəndən uzaqda yaşayıb-yaratmasına baxmayaraq, o, əzmkar, bacarıqlı və yüksək insani keyfiyyətləri özündə birləşdirən bir insan kimi hər yerdə sevilir, ehtiramla yad edilir. Bu gün həm Azərbaycan, həm Rusiya ictimaiyyəti F.Salmanovu təqdir edir, nümunə göstərirlər. 2012-ci ildə o, vəfat edəndə Rusiya KİV-ləri böyük bir alimin xidmətləri və itkisi haqqında onlarla genişhəcmli məqalələr, süjetlər və verlilişlər hazırladılar. Eyni zamanda, Azərbaycan ictimaiyyəti də hər zaman vətəninin, millətinin adını uca edən  unudulmaz alimin itkisini ürək yanğısı ilə qeyd etdi. İllər keçdikcə hər iki ölkədə bu sevgi, bu istək daha da artmaqdadır. Belə ki, Rusiya Prezidenti Vladimir Putin aeroportlara ölkənin görkəmli şəxsiyyətlərinin adlarının verilməsi barədə Fərman imzalayıb.

Картинки по запросу "фарман салманов нефть""

Sənədə əsasən, 2019-cu ilin may ayından etibarən Rusiyanın Surqut aeroportuna Sibir neft yataqlarını kəşf etmiş əfsanəvi geoloq, soydaşımız Fərman Salmanovun adı verilib. Maraqlı bir məqam odur ki, bu fərman 50-ə yaxın aeroporta görkəmli şəxslərin adlarının verilməsinə dair “Rusiyanın dahi adları” müsabiqəsinin xalq səsverməsinin yekunlarına əsaslanır. Ötən il keçirilən səsvermədə rusiyalılar Surqut şəhəri üzrə ən çox səsi – ümumi səslərin 60 faizə qədərini Fərman Salmanova veriblər. Bu, bir daha insanların F.Salmanova olan sevgisinin, dərin ehtiramınının göstəricisidir.

Картинки по запросу "фарман салманов санта манск""

Bu ilin fevralında Rusiya Federasiyasının Xantı-Mansi Muxtar Dairəsində “Neft Paytaxtı” Beynəlxalq Gənclər Elmi-Praktiki Forumu çərçivəsində Fərman Salmanov adına I Beynəlxalq akademik neft konqresi keçirilib. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı, ADNSU-nun nümayəndə heyəti bu konfransda, Xantı-Mansi şəhərində ali məktəbimizin görkəmli məzunu Fərman Salmanovun xatirəsinə həsr olunmuş tədbirlərdə geniş tərkibdə iştirak ediblər.

Həmçinin, Prezident İlham Əliyevin görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında 09 iyul 2019 il tarixli Sərəncamına əsasən, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alan, xüsusi istedadı ilə fərqlənən 2 nəfər tələbə üçün “Fərman Salmanov adına təqaüd” təsis edilib. ADNSU-nun keçmiş məzununun, dünya şöhrətli Azərbaycan aliminin belə yüksək dəyərələndirilməsi, digər soydaşlarımız kimi, universitetin professor-müəllim heyətini ürəkdən sevndirdi. Onu da qeyd edək ki, dövlət başçısının Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı imzaladığı sənəddə həm də Şəmkir şəhərində F.Salmanovun heykəlinin ucaldılması, Şəmkir rayonunda təhsil aldığı ümumi təhsil müəssisəsinə Fərman Salmanovun adının verilməsi də öz əksini tapıb.

Sentyabrın 16-dan Rusiyada Xantı-Mansidən start götürən F.Salmanovun neft çıxardığı yerlərə təşkil olunan “Neftin yolu” adlı media-tur da hər kəs tərəfindən böyük rəğbətlə qarşılandı və görkəmli azərbaycanlı neftçi alimin misilsiz xidmətlərinin daha bir etirafı oldu.

Картинки по запросу "фарман салманов""Bəli, harada yaşamasından və çalışmasından asılı olmayaraq, elmə, bəşəriyyətə töhfə verən insanlar hər zaman yaddaşlarda yaşayırlar. F.Salmanov da belə şəxsiyyətlərdəndir. Onu nəinki Rusiyada və Azərbaycanda, dünyanın hər yerində sevirlər, dərin hörmətlə anırlar. Vətəninin, millətinin adını uca edən hər bir azərbaycanlı həm də xalqımızın qürur mənbəyidir. Onları sevmək və daim uca tutub, yad etmək hər birimizin borcudur.

 

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir