ADNSU-nun elmi jurnalı “İNDEX COPERNICUS”a daxil olub

Azərbaycanlı alimin məqalələri dünyanın elm bazalarında oxunur

Ayrı-ayrı institutlar, elmi təşkilatlar, alimlər elmi məqalələrini, qazandıqları yenilik və uğurları dünyanın məşhur elmi-metrik bazalarına daxil olan jurnal və məcmuələrdə dərc etməklə, elmi tədqiqatlarına edilən istinadların kəmiyyətini müəyyənləşdirir və bununla elmin inkişafına verdiyi töhfənin cəmiyyət və bəşəriyyət üçün faydalılıq əhəmiyyətini önə çəkirlər. Bu baxımdan elmi jurnallar xüsusilə əhəmiyyətlidir. Regional və qlobal elmi bazaların indeksləşdirmə sistemlərində yer alan jurnallar kifayət qədər elmi yükü olan, dünya elminin inkişafı üçün əhəmiyyətli olan məqalələrin yer aldığı nəşrlərdir. Bunun vasitəsilə həmçinin, dünya elminin akademik səviyyəsini üzə çıxarmaq mümkündür. Elmi-tədqiqatların nəticələrinin belə qiymətləndirilməsi hətta ayrı-ayrı ölkələrdə elmin inkişaf dinamikasını müəyyən etmək üçün bəlkə də ən yaxşı beynəlxalq monitorinqdir.

Təbii ki, Azərbaycan müasir dövlət olaraq dünyada gedən elmi proseslərdən də kənarda qalmır. Xüsusilə son illər elmi innovasiyaların inkişafı, Azərbaycan elminin beynəlxalq aləmdə təbliği daha da genişlənib, dünyanın nüfuzlu təşkilatlarında çap olunan nəşrlərimizin sayı artıb. Hazırda riyaziyyat, kimya, neft-qaz, tibb və humanitar sahələrlə bağlı 10-dan yuxarı jurnalımız “Scopus” və “Web of Science” kimi beynəlxalq elmi bazalarda mövcuddur. Son illər ölkədə texniki profilli universitet olaraq, təhsilin və tədrisin yüksəldilməsi ilə cəmiyyətin rəğbətini qazanan Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) elmi nailiyyətləri, innovativ layihələri ilə də fərqlənməyi bacarıb.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı

Artıq iki ildir ki, ADNSU-nun “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının müdiri, riyaziyyat üzrə elmlər doktoru, professor Araz Əliyevin rəhbərliyi ilə dərc olunan “Azerbaijan Journal of High Performance Computing” elmi jurnalı dünyanın iki elmi bazasına – “Crossref” və “İndex Copernicus”a daxil olaraq indeksləşib. Bunun necə baş verdiyini, elmi jurnalın mövzusu, ərsəyə gəlməsi və digər bu kimi məsələlərlə bağlı professor Araz Əliyevlə görüşüb, fikirlərini öyrəndik. O, bu barədə geniş məlumat verərək bildirdi ki, 2017-ci ilin sonunda ADNSU-nun Elmi Şurasının qərarı ilə High Performance Computing (HPC) – Elmi Mərkəzi yaradıldı.  HPC mərkəzi yüksək sürət tələb edən hesablamaları həyata keçirmək üçün istifadə oluna bilən müasir elmi istiqamətdir. HPC kompüter elmlərində, o cümlədən kompüter hesablamalarının istifadə olunduğu müxtəlif elm sahələrində kvant mexanikası, hava proqnozlaşdırıması, neft və qaz çıxarma, molekulyar modelləşdirmə, fiziki modelləşdirmə kimi istiqamətlərdə çox böyük tətbiq imkanlarına malikdir.

ADNSU-da belə bir mərkəzin yaradılmasında əsas məqsəd HPC-nin nəzəri və tətbiq sahələrində yeni, innovativ tədqiqat ideyalarını yaymaq, bu sahədə ixtisaslaşdırılmış kadrların yetişdirilməsidir. Mərkəzlə bərabər, “Azerbaijan Journal of High Performance Computing” elmi jurnalı da təsis olundu. Bunun üçün danışıqlar aparıldı, beynəlxalq redaksiya heyəti formalaşdı, çap və “online” versiya üçün razılıqlar əldə olundu. Çox keçmədən jurnalın yaradıcı və redaksiya heyəti müəyyənləşdi: jurnalın fəxri redaktoru ADNSU-nun rektoru, professor Mustafa Babanlı, baş redaktorlar professor Araz Əliyev və Tehran Universitetinin dosenti Ehsan Mousavi Khaneghah, məsul katib də ADNSU-nun “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının baş müəllimi Nigar İsmayılovadır. Beynəlxalq redaksiyada isə Azərbaycanla yanaşı, qarşılıqlı razılıq əsasında ABŞ, İngiltərə, İspaniya, Fransa, Səudiyyə Ərəbistan Krallığı, Çin, Malayziya, Pakistan, Hindistan, Avstraliya, Macarıstan və digər ölkələrin alimlərinin adları yer alıb.

professor Araz Əliyev

Professor Araz Əliyevin məlumatına görə, jurnalda dərc olunan müəlliflər universitet və ya Elmi-Tədqiqat institutlarının alimləridir. 2018-ci ildə jurnalın 8 məqalədən ibarət ilk nömrəsi çap olunub və qərar verilib ki, jurnal 6 aydan bir olmaqla ildə iki dəfə – iyun və dekabr aylarında buraxılısın. Bu nəşr HPC mərkəzinin təyinatında da əks olunduğu kimi kompüter elmləri, tətbiqi riyaziyyat sahəsi üzrə olan bir elmi istiqamətdir. Amma jurnalın təyinatı imkan verir ki, burada riyaziyyatçı da, kimyaçı da, geofizik və neft-qaz sahəsində çalışan tədqiqatçı da işini ortaya çıxara bilsin, beynəlxalq auditoriyada görünsün.

Qeyd edək ki, ADNSU-nun nəzdində təsis olunmuş bu jurnal universitetin beynəlxalq elmi bazaya düşən ilk jurnalıdır. Jurnalın birinci nömrəsi çap olunduqdan sonra “Crossref” elmi bazasına düşüb. Üçüncü nömrə dərc olunduqdan sonra isə “İndex Copernicus”da yer alıb. Professor Araz Əliyev bunu çox uğurlu nailiyyət hesab edir və bildirir ki, bəzən 6-10 nömrə çapdan sonra bu səviyyəyə çatmaq mümkün olur:

Qısa zamanda belə uğur qazanmağımızda işin yüksək səviyyədə təşkili ilə yanaşı, müəlliflərin düzgün seçilməsi də mühüm rol oynadı. Birinci nömrədən sonra universitet alimləri bizim saytla, jurnalla tanış olduqdan sonra özləri müraciət edib məqalələrinin burada dərc olunmasını istədilər. Sözsüz, belə jurnallarda məqalələrin dərci ciddi yoxlamalardan, beynəlxalq redaksiya heyətinin qərarından sonra mümkündür. Amma jurnala ciddi maraq yarandı və hər nömrədə çap üçün müraciət edən alimlərin sayı artdı. Bu, təbii ki, bizi daha da ruhlandırdı və işin keyfiyyətinə də müsbət təsir etdi”.

Professor Araz Əliyev jurnalın birinci nömrəsində 8, ikinci nömrədə 7 məqalədən üçünün müəllifləri Azərbaycan tədqiqatçıları olduğunu dedi və əlavə etdi ki, jurnalın üçüncü sayında 7 məqalədən yalnız birinin müəllifləri universitetimizin professor və 4-cü kurs tələbələri olmasına baxmayaraq, çox geniş bir elmi istiqamət araşdırılıb və nəticə alınıb. Elə sonuncu nömrənin ən mühüm hadisəsi də bu oldu. Məqalədə qaldırılan məsələ əvvəldən axıra kimi ADNSU-nun “Ümumi və tətbiqi riyaziyyat” kafedrasının işi və gəldiyi nəticə olub.

Təhlil zamanı heç bir xarici mütəxəssis köməyindən, kənar hesablamalardan və nəticələrdən istifadə olunmayıb. Sadəcə kafedranın alimləri ortaya məsələ qoyub, tədqiqatlarını araşdıraraq qaldırılan məsələnin hesablamalarını HPC mərkəzində aparıb, alınan nəticələri məqalə şəklində çap edir, bu da öz növbəsində beynəlxalq rəylərdən keçərək dünya səviyyəli elmi bazalarda təsdiqini tapır. Onu da qeyd edək ki, yüksək reytinqli qlobal elmi bazalara düşmək üçün jurnal ən azı ildə iki dəfə dərc olunmaldır. Burada bir önəmli məqam da odur ki, elmi jurnalların nüfuzlu beynəlxalq bazalara düşmək üçün məqalələri və yaxud ən azından məqalələrin geniş şəkildə xülasəsinin ingilis dilində çap olunması vacib amildir və “Azerbaijan Journal of High Performance Computing” elmi jurnalı da ingilis dilində çap olunur.

Əlbəttə, belə bir jurnalın dərci və beynəlxalq elmi bazalarda yer alması ilk növbədə universitetdə, sonra bütün respublikamızda HPC elmi istiqamətinin inkişaf etdirilməsinə xidmət edir və bu sahədə yeni-yeni nailiyyətlər üçün stimul yaradır. Professor Araz Əlyev söhbət zamanı bu istiqamət üzrə elmi kadrların hazırlanmasının zəruriliyini qeyd edərək artıq ilkin addımların atıldığını dedi: “Biz universitetdə bu sahəninin inkişafına, kadrların hazırlanmasına bakalavrlardan başladıq. “HPC-yə giriş” adlı fənni Kompüter elmləri ixtisasında təhsil alan tələbələr üçün seçmə fənn blokuna salınaraq, onun tədrisinə başlanıldı. Tədrisə HPC Mərkəzi ilə jurnalın təsis olunmasından əvvəl başlanılmışdı. Öncə universitetə dəvət olunmuş “dəvətli professor”lar fənnin tədrisi ilə məşğul oldu. Yaxşı oxuyan 2 tələbəyə bu mövzuda buraxılış işi vermişik, eyni zamanda bir neçə magistrant bu istiqamətdə dissertasiyaları üzərində çalışır. Builki buraxılışda onların nəticələri qiymətləndiriləcək. Doktorantura təhsil pilləsində isə bu sahə üzrə 1 qiyabi üzrə doktorantımız və 3 dissertantımız var.

“Azerbaijan Journal of High Performance Computing” elmi jurnalı

Layihənin təsis olunmasından qısa müddət keçməsinə baxmayaraq bu sahə üzrə yerli mütəxəssislər hazırlanır. Qeyd etməliyəm ki, universitetimizin rektoru, professor Mustafa Babanlının daimi dəstəyi olmasaydı, sadalanan uğurların heç biri həyata keçirilə bilməzdi. O, HPC Mərkəzinin yaradılması, həmçinin “Azerbaijan Journal of High Performance Computing” elmi jurnalının təsis olunması ideyalarının müəllifidir.

Sonda professor Araz Əliyev onu da vurğuladı ki, elmi fəaliyyət və beynəlxalq elmi bazalarda indeksləşmək universitetimizin, alimlərimizin elmi potensialının göstəricisidir. Bu, eyni zamanda gələcəkdə ADNSU-nun dünya reytinqlər siyahısına düşməsində də mühüm rol oynayacaq:

Hədəfimiz dünyanın ən böyük elektron elmi-analitik informasiya platformaları olan “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarda təmsil olunmaqdır”.

Şərh yaz

1 Şərh

  1. Tebrikler. Bu ADNSU- nun və Ümumi və tətbiqi riyaziyyat kafedrasının böyük uğurudu.

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir