Çin məktəblərdə zorbalığa qarşı təqdirəlayiq sosial layihəyə start verib

Çin məktəblərində yeni sosial layihəyə start verilib. Məqsəd məktəblərdə şagirdlərə qarşı artmaqda olan zorbalığın – zorakılığın, sataşmaların, təhqirin, alçaltmaların qarşısını almaq, mənəvi sarsıntılara məruz qalmış uşaqları reabilitasiya etməkdir.

Layihə çərçivəsində ölkənin 1000 məktəbində mühazirələr oxunacaq. Çin statistik məlumatlarına görə, məktəblərdə uşaqların biri-birini təhqir etməsi, zəiflərin güclülər tərəfindən alçaldılması, ümumiyyətlə, zorbalıq 26 faizə yaxınlaşıb.

Əslində, bu, Çin üçün çox böyük rəqəmdir. Amma problemə münasibət təqdirəlayiqdir.

Müasir anlayışlara görə, məktəblilərə sataşmaların müxtəlif formaları var: sözlü sataşma, fiziki və ya cinsi zorakılıq, sosial təcrid və kiberbullinq. Kiberbullinq  – yəni internetdə, elektron vasitələrlə sistemli təzyiq, təhqir, alçaltma.

 

Mütəxəssislərin fikrincə, bu və ya digər formada məktəbdə başqaları tərəfindən əzilən uşaqlar psixoloji travma almaqla yanaşı, gələcəkdə sosial problemlər doğuracaq  mənfi  xüsusiyyətlərə yiyələnir, yaxşını pisdən ayıra bilmirlər. Onlar aqressivləşir, böyüdükdən sonra cəmiyyətdən qisas alırlar.

Bəzi hallarda özünə qapanan belə uşaqlar çarəni intiharda görür, həmyaşıdları və ya yuxarı sinif şagirdlərinin ələ salmalarından  xilas olmaq üçün özlərinə qəsd edirlər.

Psixoloqların təsnifatlandırmasına görə, mənən alçaldılmış, daxili sarsıntı keçirən, alçaldılan, inciilən fərdlərin aqressivliyi son nəticədə  iki istiqamətə yönəlir: ya fürsət düşdükcə  ətrafdakılara qarşı,  ya da özlərinə.

Bu isə çox zaman cinayət əməlləri deməkdir.

Mütəxəssislər problemin dərinləşməsinin səbəbi olaraq valideynlərin və pedaqoqların belə problemlərə laqeyd yanaşmasını göstərirlər.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir