“Kiber Qalxan 2019”  beynəlxalq təlimlərində Azərbaycan komandası da iştirak edəcək

Rəqəmsal texnologiyaların inkişafı və həyatın bütün sahələrini əhatə etməsi təhlükəsizlik problemlərini də aktuallaşdırır.  Bu səbəbdən kibernetik təhlükə ilbəil daha ciddi xarakter alır.

Böyük ölkələr kibernetik təhlükədən bəhs etməklə yanaşı, kiber ordu da yaradırlar.   Şübhəsiz, bu, təkcə müdafiə məqsədləri ilə edilmir.

Bu isə kibernetik təhlükəni daha da vahiməli hala gətirir. İndi kibernetik müharibələr belə, bəşəriyyət üçün fəlakətlə nəticələnə bilər.

Türkiyə bu təhlükəyə diqqət çəkmək  məqsədilə  “Kiber Qalxan 2019”  beynəlxalq təlimləri keçirmək niyyətindədir.

Qardaş ölkənin Rabitə Nazirliyinin və Türkiyə Elm, Texnologiya və Rabitə Təşkilatının  birgə təşkilatçılığı ilə  keçiriləcək təlimlərdə 18 ölkənin, o cümlədən Azərbaycanın kiber  komandası iştirak edəcək.

Türkiyə, Azərbaycan, İspaniya, Litva, Albaniya, Monteneqro, Ukrayna, Hindistan, Malayziya, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Tunis, Əlcəzair, Nepal, Fələstin İraq kiber komandalarının hər biri  5 nəfərdən ibarət olacaq.

Komandalar  vuruş proqramlarına qarşı mübarizə, şəbəkə təhlükəsizliyi, sənaye kontrol sistemlərinin təhlükəsizliyi testləri üzrə yarışacaqlar. Yarış beynəlxalq kibernetik təhlükəlilik mərkəzləri ilə əlaqəli, koordinasiyalı formatda aparılacaq.

 

Təlimlərin nəticələri əsasında toplanılmış təcrübə kiber təhlükəsizlik tədbirlərinin təkmiləşdirilməsində istifadə olunacaq.

Eyni zamanda, təşkilatçıların fikrincə, təlimlər komandaların peşəkarlığının  yüksəlməsinə  və koordinasiyalı fəaliyyət  vərdişlərinin formalaşmasına kömək edəcək.

Dekabrın 19-da başlayacaq yarışın nəticələri əsasında növbəti gün təntənəli mərasimdə ilk 3 komanda mükafatlandırılacaq.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir