Şarlatanlara etibar edib həyat və sağlamlığınızı riskə atmayın...

Elə xəstəliklər var ki, yaranma səbəbləri elmə bəlli olmadığından müalicəsi, çarəsi də tapılmır. Onkoloji xəstəliklər də bu qəbildəndir. Doğrudur, bu xəstəliyin bəzi növləri erkən  mərhələdə aşkar edildikdə  intensiv müalicə   ilə sağaldılır.

Lakin çoxillik akademik araşdırma və axtarışlara baxmayaraq, yaranma səbəbi müəmmalı qaldığından xəstəliyin başlama, inkişaf mexanizmi tam açılmayıb.

Bu, bir sıra irsi xəstəliklərə də aiddir. Onların da bir çoxunun müalicəsi yoxdur!

 

Şübhəsiz, hər xəstə və onun yaxınları  ümidlə yaşayır, hətta möcüzə baş verəcəyinə belə  inanırlar. Bəlkə bəzən də möcüzə baş verir. Bununla belə, möcüzənin  ümumi “resepti”  yoxdur və ola da bilməz…

Təəssüf ki, insanların əlacsız vəziyyətindən vicdansızcasına yararlanmağa çalışanlar da var. Real həyatda belələri  şarlatanlıqla məşğuldurlar.  Əllərində, nəfəslərində fövqəladə  təsirə  malik şəfalı güc olması haqqında mif yaradır, pul qazanmaq məqsədilə xəstə  “müalicə” edirlər. Halbuki “müalicə” etdikləri xəstəliklər haqqında ən elementar məlumatlara belə malik olmurlar!

Son zamanlar oxşar  dələduzluğun internet versiyaları da yaranıb. Bir sıra mənşəyi bəlli olmayan saytlar sensasiyalı başlıqlar verir, guya bir sıra ağır xəstəliklərin  müalicəsi olduğunu, bunun bəşəriyyətdən  gizlədildiyini iddia edirlər. Ardınca da  özlərinin “müalicə” üsul və  metodlarını irəli sürürlər. Müstəqil elm xadimləri və mütəxəssislər bu iddiaların absurd olduğunu söyləməklə yanaşı, bir sıra hallarda təklif edilən  müalicə metodlarının sağlamlıq üçün son dərəcə zərərli olduğu qənaətindədirlər.  Belə təkliflərə qətiyyən bel bağlamaq olmaz. Lakin inananlar var – insanlar bəzən həkimə getmədən ilk  olaraq  belə “müalicə” üsullarına üstünlük verirlər. Nəticədə   xəstə nəinki sağalır, dəyərli vaxt itirildiyindən  iş-işdən keçir,   vəziyyəti daha    da ağırlaşır…

NƏTİCƏ:

Yaxşı olardı ki, hər hansı dərəcədə  yüngül və ya ağır narahatlığı, sağlamlıqla problemi  olan  şəxslər dərhal ixtisaslı mütəxəssislərə, həkimlərə müraciət etsinlər. Heç bir elmi, tibbi savadı, bacarıq və vərdişləri olmayan  fırıldaqçıların, şarlatanların, mənşəyi şübhəli internet mənbələrinin aldadıcı təkliflərinə bel bağlamasınlar,  həyat və sağlamlıqlarını riskə atmasınlar.  Çarəsi olmasa belə, profilaktik müalicə ilə bir sıra  ağır xəstəliklərin  inkişafını dayandırmaq, fəsadlarını minimuma endirmək mümkündür.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir