Bakı Dövlət Universitetində görkəmli alim Şirməmməd Hüseynovun barelyefi açılıb

Azərbaycan jurnalistlərinin müdrik ağsaqqalı, görkəmli alim və pedaqoq Şirməmməd Hüseynov uzun illər milli mətbuatımızın qatı açılmamış səhifələrini arxivlərdən çox böyük vətənpərvərliklə, tədqiqatçı inadkarlığı ilə arayıb-axtarıb, üzə çıxararaq nəşr etdirib. Onun müəllifi olduğu kitabların böyük əksəriyyəti sanballı, ensiklopedik əsərlərdir.

Bakı Dövlət Universitetinin professoru,  Əməkdar jurnalist Şirməmməd Hüseynovun anadan olmasının 95-ci ildönümü münasibətilə universitetin Jurnalistika fakültəsinin Mətbuat tarixi kafedrasının qarşısında barelyefi açılıb.

Rektor Elçin Babayev çıxış edərək müasir jurnalistikamızın inkişafında misilsiz xidmətləri olan Şirməmməd Hüseynovun zəngin yaradıcılıq yolundan danışıb. Alimin həyatının çox hissəsinin universitetlə bağlı olduğunu söyləyən E.Babayev gənc jurnalistlərin yetişməsində böyük xidmətləri olan Şirməmməd Hüseynovun elmi-pedaqoji fəaliyyətini ləyaqətlə, vicdanla, yorulmadan davam etdirdiyini diqqətə çatdırıb.  Bildirib ki, elm fədaisinin üzün illər çalışdığı kafedranın qarşısında açılan barelyef hər dəfə  onu xatırladacaq. Qeyd edib ki, bu gün Şirməmməd müəllimin ruhu bizimlədir və biz bu gün böyük alim qarşısında  mənəvi borcumuzu yerinə yetirməyə çalışdıq.

Elm fədaisinin həyat yoldaşı, “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova Şirməmməd müəllimin xatirəsini ehtiramla, məhəbbətlə yad etdiklərinə görə universitetin müəllim-tələbə heyətinə minnətdarlığını bildirib. Vurğulayıb ki, əsl alim üçün bundan böyük xoşbəxtlik ola bilməz.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov  çıxışında Şirməmməd Hüseynovun  məktəb yaratdığını və onun təkbaşına bir akademiya,  universitet qədər iş gördüyünü qeyd edib.

Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli Şirməmməd müəllimin lap gənc yaşlarından universitetdə sayılıb-seçildiyini vurğulayıb. O, tələbələrini balası qədər sevib, qayğı, diqqət göstərib, haqq, ədalət çarçısı olub.

Professor Solmaz Rüstəmova-Tohidi, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və digər çıxış edənlər Şirməmməd Hüseynovun bir elm adamı kimi böyüklüyündən, azərbaycançılıq ideologiyasının sadiq keşikçilərindən olduğunu bildirib, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının irsinin araşdırılmasında xüsusi xidmətlər göstərdiyini söyləyiblər.

Alimin qızı, Azərbaycan Milli Konservatoriyasının prorektoru Lalə Hüseynova universitetin atası üçün müqəddəs məkan olduğunu və onun bu ali təhsil ocağını evi qədər sevdiyini söyləyib. Atasının  xatirəsinə göstərilən hörmət və ehtirama görə hər kəsə minnətdarlığını bildirib.

Tədbirdə iştirakçılar Şirməmməd Hüseynovun kitabları ilə tanış olublar. Onlara alimin 95 illiyi münasibətilə “525-ci qəzet”in hazırladığı “Ustad” xüsusi buraxılışı təqdim edilib.
Bareylefin açılışından sonra tədbir BDU-nun tədris-teleradio studiyasının dəyirmi zalında davam edib, xatirələr dinlənilib.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir