Güney Azərbaycan mədəni soyqırımını unutmayıb: Urmiyada türkcə kitab paylanılıb

Pəhləvi rejiminin Güney Azərbaycanda kitab yandırma faciəsinin (“26 Azər”) 73-cü ildönümü münasibətilə Urmiyanın məktəb və uşaq bağçalarında türkcə kitablar paylanılıb

Güney azərbaycanlı milli-mədəni fəallar şəhərin bir neçə uşaq bağçası və məktəbində çox sayda türkcə kitablar paylayıb.

Güney Azərbaycanda yeni dərs ili, Beynəlxalq Ana Dili Günü, Novruz bayramı, “26 Azər” və digər əlamətdar günlərdə bir çox mədəni tədbir, o cümlədən kitab paylama kampaniyası həyata keçirilir.

Tarixi arayış

1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan Milli Hökuməti qurulub. Bu  gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb.

Milli hökumət qurulduqdan bir il sonra  Pəhləvi rejiminin ordusu tərəfindən (xarici himayədarlarının köməyi ilə)  devrilib. Həmin vaxt on minlərlə soydaşımız öldürülüb, qaçqın olub və ya sürgünə göndərilib.

Eyni zamanda, fars şovinistləri bir il müddətində Azərbaycan türkcəsində çap olunmuş bütün kitabları şəhərlərin meydanlarında tonqal qalayaraq yandırıblar.

1946-cı il dekabrın 17-də (red: qəməri təqvimi ilə – 1325-ci il azərin 26-da) törədilmiş bu mədəni soyqırımı  el arasında “Yandırılmış Kitablar Günü” adı ilə xatırlanır. (Red:26 Azər” – Ay təqvimi ilə tarixi göstərir. Biz “20 Yanvar” deyən kimi, cənublu soydaşlarımız  Günəş təqvimi ilə 17 dekabra tuş gələn “26 Azər” ifadəsindən istifadə edirlər)

Mədəni soyqırımının ildönümü günlərində Güney Azərbaycan şəhərlərində divarlara şüarlar yazılmaqla yanaşı, əhali arasında bildirişlər yayılır.Eyni zamanda azərbaycanlı milli-mədəni fəallar şəhərlərdə  türkcə kitablar paylayır və digər mədəni tədbirlər həyata keçirirlər.


Mənbə: GünazTv

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir