Rusiya Baş Qərargah rəisi: NATO genişmiqyaslı müharibəyə hazırlaşır...

NATO-nun Baltikyanı ölkələrdə, Polşada, eləcə də Qara və Baltik dənizləri  sularında keçirdiyi intensiv hərbi təlimlər alyansın genişmiqyaslı müharibəyə hazırlaşmasına dəlalət edir. 

Bunu Rusiya Federasiyası Silahlı Qüvvələri Baş Qərargah rəisi Valeriy Gerasimov xarici hərbi attaşelərlə söhbətində deyib:

“Baltikyanı ölkələrdə və Polşada, Qara və Baltik dənizlərində hərbi fəallıq getdikcə güclənir.  Blokun hərbi təlimləri artır. Onların  ssenariləri  NATO-nun genişmiqyaslı hərbi münaqişələrdə  iştiraka  hazırlaşdığını göstərir”.

Bununla belə,  Gerasimov  mövcud şəraitə istinadən 2050-ci ilə qədər genişmiqyaslı müharibə  olmayacağını  deyib. Eyni zamanda mövcud risklərdən danışaraq  əlavə edib ki,  dünyada  “nəzarətdən çıxa biləcək  böhran vəziyyətləri”  genişmiqyaslı müharibələrə keçid riski daşıyır.

Gerasimov qeyd edib ki, “dünyada vəziyyət qeyri-sabit olaraq qalır və bu, getdikcə daha da kəskinləşir”. 

RF Baş Qərargah rəisi  vəziyyətin səbəbindən də bəhs edib:

“Bu, böyük ölçüdə ayrı-ayrı dövlətlərin suveren ölkələrə öz prinsiplərini  hər vasitə ilə, o cümlədən güc metodları ilə  qəbul etdirməyə çalışmasından  yaranır”.

Onun sözlərinə görə, NATO “Rusiya hərbi təhdidi” tezisini təbliğ edir.  Rusiyanın öz təhlükəsizliyini təmin etmək məqsədi ilə  atdığı hər addımı  “sülhə təhdid”  kimi qələmə verir. Baş Qərargah rəisi xatırladıb:

 “Brüsselin doktrinal sənədlərində Rusiya düşmən statusuna malikdir”.

Gerasimov onu da xatırladıb ki, 2016-cı ildən bəri NATO  müdafiə xərclərini əlavə olaraq 130 milyard dollar artırıb  və 2024-cü ilə qədər  daha 400 milyard artırmağı planlaşdırır.

General  Rusiya ilə NATO arasında şərti təmas xəttində təhlükəsizlik səviyyəsinin aşağı düşdüyünü, vəziyyət və münasibətlərin gərgin olduğunu vurğulayıb.

 

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir