Şaxta babaya açıq məktub...

Şaxta Baba, bəri başdan bilginən:
Çoxa tamarzıyıq, aza keçmişik…
Gəlib burda əridərsən Qar Qızı,
Bizdə “qış” qurtarıb, “yaza” keçmişik…

Kreditdi göz üstündə qaşımız,
Elə bilmə, qızıldandı daşımız.
Dərd çəkməkdən parıldayır başımız,
“Keçələ” min şükür, “daza” keçmişik…

Həvəslənmə halımıza baxmağa,
Pul gəzirik gözümüzə soxmağa.
“Quş” da yoxdu vurub “şişə” taxmağa,
Qocalmış “ördəyə”, “qaza” keçmişik…

Qar Qıza de, işin bilsin o madam,
Odlar Yurdu oda düşüb, ay adam!
Süfrəmizdə nə püstə var, nə badam,
“Çəkici” götürüb “qoza” keçmişik…

Nə gizlədim, işlərimiz fırıqdı,
Yubka gödək, kofta bircə qırıqdı.
Şalvara bax – dizlərimiz cırıqdı,
Arvadlı-kişili naza keçmişik…

Tütək çoxdan klarnetə çöküb diz,
Tar yığışıb, kamançadan yoxdu iz.
Multikultur bir ölkəyik daha biz.
Muğamı tullayıb, caza keçmişik…

Gecə-gündüz keflə vurub hırnanı,
Bir də gördük Tülkü yeyib Durnanı.
Otuz ildir ağladırıq zurnanı,
İndi də nisgilli saza keçmişik…

Müxtəsəri, Qurban ölür qəhərdən,
Atımız yox, yapışmışıq yəhərdən.
Benzin qalxıb, “LAZ” yığışıb şəhərdən,
Məlumun olsun ki, “PAZ”a keçmişik…


Qurban TƏBİƏTOĞLU

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir