Siyasi şou davam edir: Nümayəndələr Palatası Trampın impiçmentini qəbul edib

ABŞ Konqresinin Nümayəndələr  Palatası prezident Donald Trampın impiçment məsələsinə səs verib və  qəbul edib

Səsvermə iki maddə üzrə aparılıb. İttiham maddələri  Trampın səlahiyyətlərindən  sui-istifadə etməsi və Konqresin fəaliyyətini əngəllədiyi iddiaları üzərində qurulub.

Birinci maddənin əleyhinə  197 səs verilsə də,  230 lehinə səslə qəbul olunub.  İkinci maddə də lehinə birincidən  bir səs az olmaqla –  229 səslə təsdiqlənib.

Səsvermədə Trampın partiyadaşları – respublikaçılar bütünlüklə hər iki maddənin əleyhinə səs veriblər. Maraqlıdır ki, demokratların sırasından  birinci səsvermədə 2,  ikincidə də 3 nəfərin  Trampın xeyrinə  səs verdiyi müşahidə olunub.

İki maddədən ibarət ittihamnamə  son qərar üçün Senata göndəriləcək. Senat məsələni araşdırdıqdan sonra səsverməyə  qoyacaq.

İmpiçment Senatdan keçməyəcək

Onu da qeyd edək ki, ABŞ tarixində Təmsilçilər Palatası Trampa qədər də iki prezidentə  – A.Consona B.Klintona impiçment  elan edib.  Amma heç biri vəzifələrindən kənarlaşdırılmayıb.

Donald Tramp da istisna olmayacaq. Çünki  100 nəfərlik  Senatda səs çoxluğu Trampın partiyasındadır, yəni respublikaçılar 53 mandata sahibdir.

İmpiçment elan etmək üçünsə Senat ittihamnaməni  2/3 səs çoxluğu  ilə qəbul etməlidir. Göründüyü kimi, iddiaçıların heç adi səs çoxluğu əldə etmək  şansları yoxdur: Senatda demokratlar 47 səslə  heç nəyə nail ola bilməyəcəklər. Üstəlik, demokratların heç də hamısı partiyasının Trampa qarşı siyasətini bütünlüklə dəstəkləmir. Bu, Nümayədələr palatasında səsvermədə də özünü büruzə verdi…

Əslində əhəmiyyətsiz prosedur yanvar ayının 20-dək davam edəcək. O gün Senat  impiçment məsələsinə baxacaq. ABŞ qanunvericiliyinə görə impiçment iddiası növbədənkənar “status”a malikdir. Bu səbəbdən  məsələ çox uzanmayacaq. Lakin  demokratlar da istəklərinə çatmayacaqlar:

Trampa impiçment elan olunmayacaq. Elə isə bu maskarad nəyə lazımdır?

Bəli, yuxarıda qeyd etdiyimiz səbəbdən Senat  prezidentə impiçment elan etməyəcək. Şübhəsiz,  Trampın siyasi  əleyhdarları   bunu bilirlər. Onda sual oluna bilər ki, məqsəd nədir?

Çox güman ki, bu, yaxınlaşmaqda olan növbəti prezident seçkilərinə hazırlıq xarakteri daşıyır. Opponentləri  Trampın siyasi imicinə ciddi zərbə vurmaqla onun ikinci dəfə seçilmək imkanlarını minimuma endirirlər.

Onu da qeyd edək ki, Tramp ilk gündən başlayaraq bütün səlahiyyət dövründə siyasi pressinq altında saxlanılıb və  ictimai rəyə təsir edən bütün vasitələrlə ona qarşı kampaniya aparılıb.

Bunun nə dərəcədə təsirli olub-olmadığını zaman göstərəcək. Bununla belə, düşmən ölkənin (Rusiyanın)  seçkilərə müdaxiləsi ilə seçildiyi iddia olunan, haqqında impiçment  tələbi qaldırılan, adı  bir çox qalmaqalda hallandırılan, hərəkətləri heç də həmişə adekvat olmayan  Donald Trampın bir daha ABŞ prezidenti seçilmək  ehtimalı çox zəifdir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir