Gecə atışması zamanı Moskvada öldürülən şəxsin daha böyük aksiya planladığı ehtimal olunur

Moskvanın mərkəzində, Federal Təhlükəsizlik  Xidmətinin  yanında törədilmiş silahlı insidentin bəzi təfərrüatları açıqlanıb.

Atəş açanın şəxsiyyəti müəyyənləşdirilib. Hadisəni 39 yaşlı Yevgeni Manyurovun törətdiyi bəlli olub.

Atışma zamanı  1 FTX əməkdaşının həlak olduğu, 5 nəfərin yaralandığı bildirilir. Yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

İnsident  zamanı  Yevgeni Manyurov  cavab atəşi ilə öldürülüb.

Yevgeni Manyurov – Moskvada silahlı insident törədən və atışmada öldürülən şəxs

Hücum edənin bu aksiyanı əvvəlcədən planlaşdırdığı  bəlli olub. Evdən çıxarkən anasına atıcılıq yarışına getdiyini  söyləyən Manyurovun üzərində “Sayqa” karabini, çox sayda patron, səskəsici qulaqlıq, tibb qutusu və bıçaq olub. Onun bel çantasından  mobil telefonla idarə olunan partlayıcı qurğu və qumbaralar çıxıb.

Yevgeni Manyurov  Moskva əyaləti sakinidir və FTX-ə heç də yad adam deyil. O, FTX-nin təşkil etdiyi atıcılıq yarışlarında iştirak edib və 3-cü yeri tutub.

Axtarış zamanı onun yaşadığı evdə 4 tüfəng və travmatik tapança  və sursat aşkarlanıb.

Maraqlıdır ki, hadisə Rusiyada təhlükəsizlik orqanlarının peşə bayramı gününə  – 20 dekabra keçən gecə törədilib.

Hadisə zamanı Kremldə Putinin iştirakı ilə bu münasibətlə konsert keçirilirmiş və insident haqqında dərhal Rusiya prezidentinə məruzə edilib.

Rusiyalı hərbi ekspertlər hadisənin təhlükəsizlik orqanı işçilərinin bayramını pozmaq, çekistlərin əhvalını korlamaq məqsədi ilə törədildiyini bildirsələr də, hücum edənin FTX ilə münasibətləri zəminində bunun şəxsi qisas ola biləcəyi də istisna edilmir. Hərçənd, Yevgeni Manyurovun FTX ilə hər hansı problemlərindən bəhs edən olmayıb.

Yevgeni Manyurovun məqsədli və hazırlıqlı şəkildə FTX binası önünə gəlməsi, eləcə də daşıdığı  bomba onun daha ciddi aksiya törətməyi planladığına dəlalət edir.  Görünür, o, qurğunu yerləşdirib münasib  mövqedə gizlənməyi, mobil telefonla partlayış törətdikdən sonra uzunmüddətli atəşə başlamağı planlaşdırıbmış.

Maraqlıdır ki, bütün detallar,  bəlli faktlar hadisənin terror aktı və ya buna cəhd olduğunu söyləməyə ciddi əsas versə də, Rusiya rəsmiləri hadisədən bəhs edərkən hələlik “terror” və ya “terrorist” ifadələri işlətmirlər…

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir