Güvənç Kurtar: “Türkiyənin 2 oyunu Bakıda olacağından rəqiblərimizdən bir addım öndəyik”

Güvənç Kurtar: “Türkiyənin 2 oyunu Bakıda olacağından rəqiblərimizdən bir addım öndəyik”

“Türkiyə millisinin Avropa çempionatının iki oynunu Bakıda oynaması bizim üçün böyük üstünlükdür”.

Bunu tanınmış türkiyəli mütəxəssis Güvənç Kurtar deyib.

Türkiyə yığmasının AVRO-2020 perspektivi barədə fikirlərini açıqlayan Kurtar “ay-ulduzlular”ın qrup mərhələsinin iki görüşünü Bakıda keçirəcəyinə münasibət bildirib: “Təbii ki, Türkiyə millisinin qrupdan çıxmaq şansı var. Biz seçmə mərhələdə qrupda Fransa ilə iki matçdan birində qalib gəlib, digərində heç-heçə etdik. Final mərhələsində iki oynumuzu Bakıda keçirəcəyik. Sanki Türkiyədə azarkeşlər qarşısına çıxacağıq. Qardaş ölkədə oynamaq böyük üstünlük olacaq. İlk matçımız İtaliyaya qarşıdır, özü də Romada. Məncə, bu çox böyük haqsızlıqdır. Axı belə təqvim olmaz. Amma problem yoxdur, biz Parisdə Fransadan xal almış komandayıq. İtaliya millisi də çox yaxşı formadadır. Ümidvaram ki, Romadan da xalla ayrılarıq”.

Azərbaycanın “Rəvan” klubunun sabiq çalışdırıcısı Türkiyə millisinin Bakıda keçirəcəyi iki görüş üçün yenidən paytaxtımıza səfər etmək istədiyini də deyib: “Türkiyə millisinin Bakıda keçirəcəyi oyunlara gəlmək istəyərəm. Məncə, matçlarımız Bakıda olacağından rəqiblərimizdən bir addım öndəyik”.

“Kocaelispor”, “Dənizlispor”, “Bursaspor” kimi komandalarda da işləmiş 60 yaşlı mütəxəssis hələ də Azərbaycan Premyer Liqasını izlədiyini deyib. O, “Qarabağ” və “Neftçi”nin çempionluq mübarizəsini belə şərh edib: “Azərbaycan futbolunu, çempionatını izləyirəm. “Qarabağ”ın avrokuboklardakı çıxışına da baxırdım. Onların qələbəsi üçün dua edirdim. Digər matçları da izləyirəm. Çempionatı da hər zaman diqqətdə saxlayıram. Məncə, “Neftçi” və “Qəbələ” komandaları çempionluq yarışında bir az geridədirlər. Bu hal Azərbaycan futbolu üçün böyük itkidir. “Neftçi” “Qarabağ”dan geridədir, rəqibinə o qədər də çətinlik yaşada bilmir. “Qəbələ” isə turnir cədvəlində çox aşağılardadır. Onlara nə oldu, bilmirəm. Bizim komandamız isə tarixin yaddaşına köçdü. Həmişə dediyim kimi, yenə də təkrar edirəm ki, Azərbaycanı çox sevirəm”.

Qeyd edək ki, AVRO-2020-də A qrupunda İtaliya, İsveçrə və Uelslə rəqib olan türkiyəlilər son iki komanda ilə Bakı Olimpiya Stadionunda görüşəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir