Rusiyanın atom energetikasındakı nailiyyətləri Qərb ölkələrini qayğılandırır

Qərb  ekspertləri Rusiyanın atom energetikasındakı siyasətini “gizli silah” adlandırırlar. Onların fikrincə, Rusiya dünyada  atom  elektrik stansiyaları (AES) tikintisi ilə dünya ölkələrini iqtisadi cəhətdən özünə bağlayır. Bu da tərəflər arasında münasibətlərin dərinləşməsinə səbəb olur.

Almaniyanın “Die Welt” jurnalının yazdığına görə,  dünya  atom energetikası bazarında Rusiya çoxdan dominantlıq edir. Hazırda “Rosatom”  12 ölkədə  36 reaktor inşa etməkdədir. Sifarişlərin ümumi dəyəri 133 milyard dollardır.

 

Qərb ekspertləri Rusiyanın atom texnologiyalarının daha etibarlı olduğunu da etiraf edirlər. Eyni zamanda bu sektorda Rusiyaya qarşı qərəzli münasibət  bəsləndiyini də gizlətmirlər.

Nümunə olaraq  Finlandiyada  Rusiyanın tikəcəyi “Hanhikivi” AES ətrafında qaldırılan hay-küy göstərilir. İctimai fəallar  ekoloji təhlükə iddiaları ilə bu layihənin dayandırılmasını tələb edirlər. Bunun üçün Avropanı əhatə edən böyük  bir ictimai hərəkat başladılıb və Finlandiya Energetika Nazirliyinə 79 ölkənin 170 təşkilatı tərəfindən imzalanmış petisiya təqdim  olunub.

Maraqlı olan odur ki, Finlandiyada elektrik enerjisinin 2/3-i AES-də istehsal olunur. Onların sayı 4-dür. Daha biri tikilir.  “Rosatom”un inşa edəcəyi “Hanhikivi” 6-cı olacaq. Əvvəlki heç bir layihəyə etiraz olunmadığı halda məhz Rusiyanın qazandığı bu layihəyə ekoloji bəhanələrlə qarşı çıxılır.

Əlbəttə, burada Rusiyanın beynəlxalq imici və Finlandiyaya siyasi münasibətilə yanaşı, əvvəlki hərbi müdaxilələri  finlərdə ona qarşı xoş olmayan rəy formalaşdırıb.

Bununla belə, aksiyaların siyasi-iqtisadi deyil, ekoloji motivlərlə təşkili ədalətli sayıla bilməz.

Xatırladaq ki, Rusiya qardaş Türkiyədə də AES tenderinin qalibi olub.  4 enerji blokundan, ümumi gücü 4800 meqavat olacaq  “Akkuyu ” (“Ağquyu”) AES inşa edir. AES 2023-cü ilədək təhvil veriləcək. Layihənin dəyəri 20 milyard dollardan çoxdur.

Rusiya qonşu İranda da Avropa ölkələrinin – “Siemens” və AEG-in yarımçıq atıb getdikləri iki layihəni  davam etdirir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir