AQTA Lənkəranda sahibkarlarla regional müşavirə keçirib

Azərbaycan Respublikasının Qida Təklükəsizliyi Agentliyi (AQTA) tərəfindən Lənkəranda qida sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirdə AQTA-nın sədr müavini Rüfət Rüstəmzadə əhalinin təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində son illər həyata keçirilən tədbirlər haqqında iştirakçıları məlumatlandırıb. Qida sənayesi sektorunda müasir standartların tətbiqindən danışan Rüfət Rüstəmzadə idxal-ixrac əməliyyatları zamanı qida məhsullarının təhlükəsizliyinin təmin olunmasına nəzarət imkanlarının genişləndiyini vurğulayıb. O bildirib ki, həyata keçirilən islahatlar Azərbaycanın kənd təsərrüfatı və qida sənayesi sektorları üzrə ixracatın inkişafına töhfə verməklə yanaşı, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli, təhlükəsiz məhsulların istehsalına köməklik göstərir.

Tədbirdə sahibkarları maraqlandıran məsələlər müzakirə olunub, heyvan sağlamlığı sahəsinə nəzarət sisteminin formalaşdırılması, heyvan kəsiminin tənzimlənməsi, bitkiçilik məhsullarının zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin aparılmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda zərərli orqanizmlərə qarşı istifadə olunan kimyəvi maddələrin ən son həddə istifadə olunması, bu zaman norma və qaydalara riayət olunması tövsiyə edilib. Həmçinin aqrokimyəvi maddələr, digər bitki mühafizə vasitələrinin tətbiqi və istifadəsi zamanı təhlükəsizlik, şəxsi gigiyena qaydalarına əməl edilməsi diqqətə çatdırılıb.

Tədbirdə heyvan sağlamlığı və dövlət baytarlıq nəzarəti sahəsində münasibətlərdə şəffaflığın, operativliyin təmin edilməsi mövzusunda fikir mübadiləsi aparılıb. Sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Sonra R.Rüstəmzadə şəxsi müraciətlərlə bağlı sahibkarlarla fərdi görüşərək, onları dinləyib. Region ərazisində fəaliyyət göstərən pərakəndə, topdansatış obyektlərində və supermarketlərdə qida məhsullarına baxış keçirilib. Baxıs zamanı satış şəbəkələrində qida məhsullarının saxlanılma şəraiti və istehlakçı hüquqlarının pozulması halları aşkar olunmuş, dərhal nöqsanların aradan qaldırılması ilə bağlı yerində sahibkarlara göstərişlər verilmiş, həmçinin bu barədə onların üzərinə düşən məsuliyyət ətraflı izah edilmişdir. Sahibkarlara qida təhlükəsizliyi sahəsində mövcud texniki-normativ hüquqi aktların tələbləri çatdırılmışdır.

Daha sonra Masallı rayonunda fəaliyyət göstərən, müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsinə və istixanalara baxış keçirilmişdir.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir