Qar qıza açıq məktub...

Gələndə ayıq ol, burda aranı
Elə qatarlar ki, xəbərin olmaz!
Soyuq ürəyində isti tonqalı
Elə çatarlar ki, xəbərin olmaz!

Gördüyün bu diyar o deyil daha,
Hər şeyin astarı üzündən baha!
Ağa qara deyib, ucuz günaha
Elə batarlar ki, xəbərin olmaz!

Min sual asılar sarı telindən,
Kəmər öz-özünə düşər belindən!
Susub lal olsan da, sözü dilindən
Elə tutarlar ki, xəbərin olmaz!

Bu kasıb ölkənin varlı dulları
Çıraqla axtarır subay qulları.
O bəyaz çantana “yaşıl” pulları
Elə atarlar ki, xəbərin olmaz!

Naçalnik zəlitək cumar qanına,
Pristav vəlvələ salar canına.
Qazılar xəlvətcə girib yanına
Elə yatarlar ki, xəbərin olmaz!

Düşərsən kiminsə nahaq şərinə,
Qurbana qulaq as, getmə dərinə.
Sənə bambazını ipək yerinə
Elə satarlar ki, xəbərin olmaz!

 

                                                                                                  Qurban TƏBİƏTOĞLU

Qurban TƏBİƏTOĞLU

Şərh yaz

1 Şərh

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir