ABŞ Gürcüstanı demokratiya və qanunun aliliyini möhkəmləndirməyə çağırır

Gürcüstan demokratiyaya sadiqliyini möhkəmləndirməli və məhkəmə sisteminin siyasi qərəzdən azad olmasını təmin etməlidir – Amerika Birləşmiş Ştatları çərşənbə axşamı Gürcüstanda seçki sistemində dəyişiklik tələbi ilə həftələrlə davam edən nümayişlərdən sonra belə bir istəklə çıxış edib.

Gələn il keçiriləcək parlament seçkiləri ərəfəsində ABŞ Dövlət Departamentinin müdaxiləsi Gürcüstanın ən zəngin adamı Bidzina İvanişvilinin rəhbərlik etdiyi hakim “Gürcü Arzusu” partiyasına zərbə ola bilər. Müxalifət İvanişvilini hökumətdə heç bir rəsmi rol oynamamasına baxmayaraq,  ölkəni pərdə arxasından idarə etməkdə ittiham edir.

ABŞ Dövlət Departamentinin bəyanatında bildirilir:

Gürcüstan hökumətini məhkəmə və prokurorluq sisteminin siyasi qərəzdən azad olmasını təmin etməklə demokratiya, fərdi azadlıq və qanunun aliliyi prinsiplərinə sadiqliyini gücləndirməyə çağırırıq”.

İnsan hüquqları müdafiəçiləri hazırkı hökuməti məhkəmə islahatlarında irəliləyişin olmamasına və müstəqil mediaya təzyiq göstərdiyinə görə tənqid edirlər.

Bu ay ABŞ səfirliyi və Avropa Birliyinin Gürcüstandakı nümayəndəliyi hökumətyönlü olduğu üçün müxalifətin rədd etdiyi Ali Məhkəmənin hakimlərini ömürlük təyin etmək üçün parlament səsverməsini tənqid edib.

“Gürcü Arzusu” partiyasından olan millət vəkili İrakli Kobaxidze Dövlət Departamentinin mesajını Moskvanın orbitindən uzaqlaşmağa çalışan Gürcüstan üçün “ABŞ-dan dəstək bəyanatı” kimi xarakterizə edib. “Bəyanatda prokurorluğun və ya məhkəmələrin siyasi qərəzli olduğu ifadə edilmir”, – deyə, o əlavə edib.

Bununal belə, müxalifət nümayəndələri bəyanatın  Gürcüstana qarşı qısamüddətli müharibə aparmış Rusiyaya münasibətdə olduqca yumşaq olduğu qənaətindədirlər.

Şərh yaz

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir